KÖŞƏ

Taleh Şahsuvarlı

Sevincin "cin atı"nın yabı çıxmaqlığı

09 yanvar 2019 19:21
731

Mehman Hüseynovdan Muhammed Buazizi düzəltmək ssenarisinin iflasa uğraması barədə

Mehman Hüseynovdan Muhammed Buazizi düzəltmək cəhdləri iflasa uğradı.

Yadınızdadırsa, 2010-cu ilin dekabrında Tunisdə səyyar satıcılıq edən Buazizinin dəzgahına polislər əl qoymuş, o da etiraz olaraq özünü yandırmışdı. Bu olaydan sonra ilk başlarda “Ərəb baharı” adlanan və domino effekti ilə Orta şərqdə bir ölkədən o birinə sıçrayan "inqilab dalğası" başlamışdı.

Dünən Qırmızı Xaç Cəmiyyətinin, yerli hüquq müdafiəçilərinin, yaxınlarının Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mehman Hüseynovu yoluxmalarından, onunla birgə çəkilən şəkilləri cəmiyyətə təqdim etmələrindən sonra bir daha bəlli oldu ki, məhbəsdəki bloqqerin günlərdir quru aclıq aksiyası keçirərək ölümcül hala gəlməsi ilə bağlı Emin Hüseynov, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıyeva, Mehman Əliyev, Nazim Bəydəmirli və başqaları tərəfindən tirajlanan iddialar ağ yalandan başqa bir şey deyilmiş.

Həmin fotolar istər ənənəvi, istərsə də yeni mediada yetərincə paylaşılıb, əminəm ki, hər biriniz görmüsünüz. Bir zamanlar beynəlxalq təşkilatların “siyasi məhbus” saydığı Bernabe Oskaladan fərqli olaraq, Mehman bir sümük, bir dəri deyil, sifətindən qan damır. Hətta özü ilə razılaşdırılaraq mətbuata verilən açıqlamalardan belə məlum olur ki, mədəsinin qayğısına qalır, yeməkləri çeşidləyib yeyir, ərzaq sarıdan korluğu yoxdur. Ancaq “5-ci kolon” üzvləri həmin fotolar və açıqlamalar KİV-ə verilən dəqiqələrəcən Mehmanın səhhətinin dəhşətli dərəcədə pis olması, onun özünü mübarizənin könüllü qurbanına çevirdiyi barədə dezinformasiyalar yayır, sadə vətəndaşlarımızın mərhəmət duyğularını sümürürdülər. Siyasi mübarizədə yalana istinad etmək, şayiələr və dezinformasiyalar yayaraq gündəmə gəlmək deviant texnologiyadır, əxlaqsızlıqdır. Hər şeydən və hər kəsdən öncə elə Mehman Hüseynovun özünə qarşı əxlaqsızlıqdır. Onun timsalında məhbəsdə olan bir gənci hakimiyyət uğrunda mübarizənin qurbanına çevirmək, hətta bunun üçün “aclığı dayandırma, öl, təki bizim maraqlarımız təmin olsun” qəbilindən olan çağırışlar səsləndirənlər nə demokrat, nə də humanist kəslər sayıla bilməz. Aleksandr Soljenitsını yada salın, gerçək mübarizlər öz nümunəsində yalandan uzaq duranlardır!

Əlbəttə, Mehman hətta günlərlə aclıq keçirsəydi belə, məhbəsdə öləcək deyildi. Penitensiar xidmətin qaydaları var, təlimatlar, əsasnamələr var. Bildiyim qədər, beynəlxalq təşkilatlar tərəfindən də “işgəncə” kimi dəyərləndirilməyən həmin qaydalara əsasən, qidadan imtina edən məhbusun vəziyyəti kritik həddə çatdıqda, ağızgenəldən (bu, tibbi alətdir və adı Əsasnamədə belə yazılıb) və zond vasitəsi ilə mədəsinə kolorili maye tökülür.

Dünənəcən Mehmanın fasiləsiz aclıq keçirdiyini iddia edən, “Həmrəylik- 31 dekabr açıqcası deyil” kimi "kəps"lərlə hər kəsi bu aksiyaya dəstək verməyə çağıranlar ifşa olunduqdan sonra utanmaq, üzr istəmək, həqiqətin yanında gödək olmuş dillərini, heç olmasa, bir-iki gün dinməz yerlərinə qoymaq əvəzinə, indi də “uşaq şərlənib” bayatıları çağırırlar.

Bəli, ötən ilin dekabr ayının sonlarında Mehman Hüseynova yeni ittiham irəli sürülüb. Həmin ittihama görə, Hüseynov cəzaçəkmə müəssisəsində axtarış aparılarkən ədliyyə zabitinə müqavimət göstərib, loru dildə desək, leytenant Əli Abdulovla süpürləşib. Biz mülki vətəndaşlar olaraq belə halların üstündən “həyatdır, olan işdir” deyib keçə bilirik, ancaq qapalı mühitin öz psixologiyası, qanunların isə öz tələbi var. Nəhayi məqsədimiz Azərbaycanı ən ali hüquq dövlətinə çevirmək deyilmi? Buyurun, yaxşı vəkillər tutun, məhkəmə prosesində ortaya ittihamı darmadağın edən faktlar, dəlillər qoyun, sübutlar təqdim edin! İnsanları barrikadalara toplamaq, vandalizmə təhrik etmək əvəzinə, hüquqi çəkişmədə qalib gəlin, vətəndaşları bilgiləndirin, rasional zəkaya xitab edin. Axı bütün rasional insanlar, Karl Saqan demiş, inanmaq yox, bilmək istəyirlər!.. Axı, istənilən cəmiyyətdə demokratiyanın dayağı məhz rasional vətəndaş tipidir, vətəndaşlıq mədəniyyətindən və konstruktiv düşüncədən məhrum kütlənin anarxiyaya yuvarladığı heç bir ölkə tərəqqiyə qovuşa bilmədiyi isə tarixi gerçəklikdir?!.

Ancaq “5-ci kolon”un məqsədi nə dövlətdir, nə hüquqdur nə də Mehman Hüseynovun şəxsində bir vətəndaşın aqibətidir. Onlar Azərbaycana “Ərəb baharı” gətirmək istəyənlərin əlində marionet kuklalardır. Azərbaycanı Suriyaya, Misirə, Livana çevirmək istədiklərini özləri etiraf edir. Dünən Sevinc Osmanqızı dili topuq vura-vura, Mehman Hüseynovla Mehman Əliyevi aradabir qarışıq sala-sala Azərbaycan hakimiyyətini “Ərəb baharı”ndan qorxmaqda ittiham edirdi. Mən Azərbaycan hakimiyyətinin təmsilçisi, sözçüsü deyiləm, müstəqil jurnalist, dövlətinə və millətinə bağlı idealist vətəndaş, plüralizmə, fikir azadlığına Mehman Əliyev sayaq büdcəsi yüz minləri aşan qrant layihələr udmaq xatirinə yox, şəxsən öz əleyhimə yazılan məqalələri belə Baş redaktoru olduğum saytda yayımlayacaq qədər səmimi yanaşan fərdəm. Odur ki, öz adımdan deyirəm:

Bahar yox, qış olduğu, cəmiyyətlərin təkamül və inkişafını dondurduğu artıq heç kimə sirr olmayan qanlı ssenarilərin Azərbaycana transformasiyasından, əlbəttə, qorxuram və elə buna görə də qarşınızda dayanmağı, sizlərin iç üzünü açıb xalqa göstərməyi özümə müqəddəs borc sayıram! Sizlərdən, sizin donorlarınızdan, klaviaturadan ədəbli və əsaslı bir cümlə qurmaq üçün istifadə etməyi bacarmayan trollarınızdan, Avropada "qurd ürəyi" yedizdilərək cəsarətləndirilmiş nadanlardan deyil, vətənə fəda etməyə hər an hazır olduğumuz canımız üçün deyil, Azərbaycan üçün əndişələnirik.

Azərbaycan inkişaf etməkdə olan bir dövlətdir – burada uğurlar da var, sorunlar da. Amma bu sorunları çözümü Azərbaycanı destabilləşdirmə texnologiyalarından keçmir qətiyyən. İstəyirsinizsə, Corc Sorosun bir çox cəmiyyətləri xaosa yuvarlatmasından sonra xeyli populyarlaşmış amerikan siyasi texnoloqu, dünyadakı “rəngli inqilablar”ın ideya generatoru Cin Şarpın “Şiddətsiz çalışmalar siyasəti” (The Politics of Nonviolent Action) kitabını bir də vərəqləyək, dananın quyruğunun harada və necə qoparıldığına bir daha nəzər salaq.

Əzizlərim, kütləvi aksiyaların təşkili, sərbəst toplaşmaq azadlığı, etiraz hüququ, ifadə özgürlüyü- bütün bunlar rəngli inqilablar texnologiyaları konteksində öz məzmununu tamamilə dəyişir və DESTABİLLƏŞDİRMƏyə xidmət edir. Kütləvi itaətsizlik, hərc-məclik, diskreditsiya və sabotajlar vasitəsi ilə DÖVLƏT GÜCÜ zəiflədilir və bundan sonra rəsmi binalar işğal edilir. Cəmiyyətin demoqrafik parametrlərindən asılı olmayaraq, DÖVLƏT GÜCÜnü zəiflətdiyindən rəngli inqilablardan sonra ağ günlər başlamır.

Azərbaycanda rəngli inqilab arzusunu doğrulda biləcək heç bir iqtisadi, sosial və siyasi faktor yoxdur, bu, başqa söhbətdir. Amerikaya varsa da, savadca Mehman Hüseynovdan çox da uzağa getməmiş Sevinc bilməz, ancaq Azərbaycan həm də Orta Şərqin mandater dövlətlərindən olmadığı üçün qucağına arasına bombalar yerləşdirilmiş qızılgül, yasəmən, qərənfil buketi veriləcək bir ölkə deyil. Heç bu ölkədə iqtidarın, bir prezident kimi İlham Əliyevin legitimlik problemi, dərdi də yoxdur. Azərbaycan gəncliyi cəmiyyətə, dövlətə, çağdaş dünya mədəniyyətinə inteqrasiya etməkdə çətinliklərlə qarşılaşmır. İlham Əliyev öz yüksək intellekti, siyasi və diplomatik məharəti ilə Azərbaycanı zərbələrdən maksimum yayındırıb və bu gün bütün tariximiz boyunca heç zaman müvəffəq olmadığımız qədər müstəqil, iqtisadi-siyasi qüdrət sahibi olan bir dövlətə çevirib. Onun əleyhdarları isə qazanılmış bütün uğurları bir andaca məhv etmək, necə deyərlər, Azərbaycanın altını üstünə çevirmək istəyirlər. Lütfən “rəngli inqilab” arzularının içində var olan DESTABİLLƏŞDİRMƏ texnologiyalarının Azərbaycana vəd etdiklərinə bir baxın:

1) İnfilyasiya, bahalaşma, büdcə təşkilatlarının və özəl qurumların ödəniş qabiliyyətinin itməsi;

2) Kriminogen vəziyyətin nəzarətdən çıxması, qətllərin, soyğunçuluq və talanların başlanması;

3) Dövlət qurumlarının iflic vəziyyətə gəlməsi ilə Ermənistanın Azərbaycana təcavüzünün yeni miqyas alması;

4) Azərbaycanda marağı olan digər dövlətlərin təsir dairəsində olan qrupların silahlanması və çatışması;

5) Yeni separatizm meyillərinin baş qaldırması.

Elə bu məqamda diqqətinizi başqa bir məsələyə də yönəltmək istəyirəm- Sinqapurun inkişafında misilsiz rol oynamış “kiasu fenomeni”nə!

Olduqca maraqlı və yetərincə araşdırılmış məfhum olan “kiasu” barədə ətraflı danışmadan qeyd edim ki, bu fenomen, başqa sözlə, İTİRMƏK QORXUSU həmin ölkə vətəndaşlarının identifikasiyasının əsasını təşkil edir.

Sual verirəm: AZƏRBAYCAN VƏTƏNDAŞININ İTİRMƏK QORXUSU VARMI?

Bəli, var!

Azərbaycan insanı yuxarıda söz açdığım rəngli inqilab və destabilləşdirmə ehtimalı qarşısında gəlirini, mülkiyyətini, həyatını, doğmalarını, torpağını, dövlətini, müstəqilliyini və gələcəyini itirməkdən qorxur.

Azərbaycan insanının bu gün itirməkdən qorxduğu hər şey Prezident İlham Əliyevin yolu, kursu və siyasəti sayəsində qazanılıb.