15 iyul 2020 20:25
1473

Seymur Orucov onlayn iclas keçirib

Rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri və mobil təbliğat qruplarına təbliğat  işini gücləndirmək tapşırılıb

 

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur  Orucov rayon ərazisində COVID-19 pandemiyasına qarşı görülən  tədbirlərin icra vəziyyətinə dair növbəti onlayn iclas keçirib. İcra başçısı öncə son bir neçə gündə Tovuz istiqamətində  Ermənistan  silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən,  gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin göstərdiyi igidliklərdən söz açıb və şəhidlərimizə Allahdan rəhmət diləyib.

“İki sahil” xəbər verir ki, Seymur Orucov bəzi yerli nümayəndələrə sərt iradlarını bildirərək üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmələrini tələb edib. Operativ Qərargahın tələblərinə uyğun olaraq yerlərdə yas mərasimlərinin, eləcə də digər kütləvi tədbirlərə nəzarətə birbaşa məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb. İcra başçısı həmçinin mobil qruplara fəaliyyətlərinin daha da səylə davam etdirmək  tapşırığını verib. Yaşayış məntəqələrində fəaliyyət göstərən bərbərxanalar, gözəllik salonları, ictimai-iaşə obyektləri, bir sözlə əhalinin daha çox istifadə etdiyi və toplandığı məkanlarda tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi, digər gigiyenik tələblərə əməl olunmasına dair  təbliğat  işlərinin  gücləndirilməsini tələb edib. Geniş müzakirələr əsnasında keçən iclasda, rayonun bütün yaşayış məntəqələrində koronavirus infeksiyası ilə mübarizədə orataya çıxan istənilən problemin dərhal Rayon İcra Hakimiyyətinin diqqətinə çatdırılması tapşırığı verilib.