24 yanvar 2020 18:38
1183

Şahin İsmayılov beyləqanlılar üçün yad adam deyil

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP Beyləqan rayon təşkilatı 81 saylı Beyləqan seçki dairəsi üzrə partiyanın namizədi Şahin İsmayılovun təbliğat-təşviqat kampaniyasını davam etdirir. Yanvarın 24-də Şahin İsmayılovun Beyləqan Rayon Mədəniyyət Sarayında və YAP Beyləqan rayon təşkilatının qərargahında seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirib ki, Şahin İsmayılov beyləqanlılar üçün yad adam deyil. Ötən 5 il ərzində rayon sakinləri onun parlamentdəki fəaliyyətindən razı qalmışlar. Əminəm ki, beyləqanlılar bu seçkidə də partiyamızın namizədinə yekdilliklə səs verəcəklər.

Şahin İsmayılov izdihamlı görüşdə seçicilərinə bildirib ki, 2003-cü ildən başlayaraq Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda nəhəng quruculuq işləri aparılır. Respublikamızın sosial-iqtisadi və mədəni inkişafı, dünyanın ən dinamik iqtisadiyyatı, ən islahatçı dövləti, bir çox mötəbər reytinqlərdə ən layiqli yer tutması müasir tariximizin ən parlaq səhifələridir. Hazırda ölkəmiz nəinki  regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, həm də əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşıdır: «Xüsuilə ölkənin daxili həyatında baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə öz müsbət təsirini göstərir.  Hətta deyərdim ki, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşmüşdür. Çünki Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəltmişdir. Əhalinin sosial müdafiəsi sahəsində olduqca  vacib islahatlar aparılır. İnsanların rifah halı gündən- günə yaxşılaşmağa doğru gedir. Çox geniş, 4 milyon 200 min əhalini əhatə edən sosial paketin tətbiqi nəticəsində bəzi müavinətlər 50 faiz, hətta 100 faiz, yəni 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır.»

Namizəd məhz bu uğurlu siyasətin davamlı olması üçün beyləqanlıları  YAP-ın namizədlərini dəstəkləməyə çağırıb.

Görüşə qatılan seçicilər Şahin İsmayılovun parlamentdəki fəaliyyətini yüksək qiymətləndirdiklərini və bu seçkilərdə də ona səs verəcəklərini bildiriblər.

Elçin Zaman, «İki sahil»