08 yanvar 2021 19:01
2420

Şəhid anası: Nişanlısını, bizləri yarıyolda qoydu oğlum - FOTO/VİDEO

44 gün davam edən II Qarabağ müharibəsi xalqımızın yaddaşında dərin iz qoydu. Xalqımız Qarabağın düşmən işğalından azad olunmasına sevinməklə yanaşı, həm də bu sevinci onlara yaşadan şəhidinin məzarı başında göz yaşı tökür. Bizlər gündəlik həyatımızda öz xırda problemlərimizi dağ edərkən, əsl dağa sinə gərən əsgərlərimiz oldu. Nə yatmağa isti yerləri, nə yeməyə isti yeməkləri oldu, təkcə isti olan bədənlərinə batan mərmilər, qəlpələr idi. Bununla belə onlar geri çəkilmədilər, Allahu Əkbər deyib düşmən üzərinə yeridilər, son damla qanlarına, canlarına qədər getdilər. Yalın əllə qayaları dırmanıb Cıdır düzünü düşmənə dar etdi, Şuşa qalasının qapılarını açaraq, məsçidin minarəsində azan oxudu, Xarı bülbülün toz-dumanını dağıtdı, ən yüksək yerə şanlı bayrağımızı sancdı. Dünya ictimaiyyəti baxdı, gördü və agah oldu. Ən nüfuzlu media orqanları onların qəhrəmanlıqlarını, vətənpərvərliklərini, cəsarət və şücaətini həyəcanlı şəkildə yaymağa başladı. Bunlar şəhidi, qazisi və digər iştirakçıları ilə Azərbaycan əsgəri idi. Hər birinə borcluyuq! Şəhidlərə isə borcumuz daha çoxdur. Biz jurnalistlərin də borcu onları hər zaman yad edib ürəyimizdə yaşatmaqla bərabər, xalqımıza tanıtmaqdır. Bu gün sizə müharibənin ilk günündən son günə kimi şücaətlə döyüşən, Şuşa qalasının qapılarını bizlərə açan şəhid Səməndər İsgəndərovdan söhbət açacağam. 

Səməndər İsgəndərov 1996-cı ilin 23 fevralında Masallı rayonunun Sərçuvar kəndində anadan olub. Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbini bitirdikdən sonra, 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlikdən qayıtdıqdan sonra Kərbəla ziyarətgahına yollanıb. Kərbəlayi adına yiyələndikdən sonra isə atasının yanında avtomobil təmiri ustası kimi çalışıb. 2020-ci ilin sentyabrında çağırış əsasında ön cəbhəyə yollanıb.

Bu, oğlumla son canlı görüşüm idi

Şəhidin atası Vahid İsgəndərov bildirdi ki, hələ müharibə başlayanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Hərbi şöbəsindən zəng edərək deyiblər ki, oğlunuz Səməndər İsgəndərov çağırışa gəlməlidir: “Axşam idi, Səməndər hələ işdən gəlməmişdi, zəng edib danışdım. Fikirləşmədən dedi ki, ata, gedərəm, narahat olma, təki Vətən sağ olsun. Avtomobil ustası idi, evə gəldi, yuyundu, hazırlaşdı. Səhər tezdən özüm apardım komissarlığa, qeydiyyatdan keçdi və digər çağırışçılarla birgə hərbi avtomobillərə minərək yola düşdülər. Bu, üç ay öncə nişanladığım Səməndərlə son canlı görüşüm idi, gülərək, içində böyük Vətən sevgisi ilə getdi oğlum cəbhəyə.

Şuşa azad edildi, sülh oldu, lakin Səməndərdən zəng gəlmədi

Səməndərin atası deyir ki, bilirəm, müharibənin hər anı, hər dəqiqəsi ölümdür. Yalnız telefonla danışdığım an rahat olurdum, özünü görməsəm də bilirdim ki, səsini eşitdim, sağ-salamatdır. Beləcə günlər keçirdi, döyüşə-döyüşə Şuşaya kimi gedib çıxdı Səməndər. Həmişə danışanda gülürdü, əhval-ruhiyyəsi çox yaxşı olurdu. Son dəfə danışanda Hadrut qəsəbəsində idi, qələbə bizimlədir deyirdi, sona kimi gedəcəyik deyirdi. Sonra dedi ki, ola bilsin bir müddət zəng edə bilməyim, çətinliyimiz olsun, amma narahat olmayın. Bu sözləri deyəndə oktyabrın 27-si idi. Sonra Şuşa azad edildi, Qələbə elan olundu, lakin Səməndərdən zəng gəlmədi. Mənə ilk xəbəri o verməli idi, çox narahat oldum. Əvvəl mənə zəng etdiyi nömrələri bir-bir yığmağa başladım, Səməndərdən heç bir xəbər ala bilmədim.

Nə edəcəyimi bilmədim, halım pisləşdi...

Özümə heç cür yer tapa bilmirdim, noyabr ayının 11-i bacım oğlu ilə Beyləqana, oradan Ağcabədiyə və sonra Füzuliyə getdik. Orada Səməndərin xəbərini aldım, o, artıq şəhid olmuşdu. Müharibədən qayıdandan sonra toy edib ailə quracaqdı, xəyalları, arzuları var idi, amma qismətində şəhidlik var imiş.

Övlad itkisi nə qədər açı olsa da, torpaqlarımızın azad olunması yaşadır məni

O an yeganə təsəllim işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. Bu, tamam başqa bir hissdir, mən hələ də o hisslə yaşayıram. O torpaqları Səməndər və onun kimi digər şəhidlər qanları ilə alıblar, onların hamısı qalib ordumuzun qəhrəman əsgərləridir. Tarix yazmaq, tarixdə qalmaq şərəfi hər insana nəsib olmur. Övlad itkisi nə qədər acı olsa da, torpaqlarımızın azad olunması məni yaşadır.

Onları gördüm elə bildim hamısı Səməndərdir

Bilirəm ki, Səməndər çox rahat yatıb, oğlum İmam Hüseynin qonağıdır. Özündən sonra ad qoydu, iz qoydu. Bu gün döyüş yoldaşları gəlmişdi, məzarını ziyarət etdilər. Onları gördüm elə bildim hamısı Səməndərdir, bir sakitlik, rahatlıq yaşadım. Çünki onlar bütün şəhidlərin qisasını alaraq bizə gəlmişdilər.

Cənazəsi belə gülürdü            

Həmişə telefonla gülə-gülə danışırdı, mən ona təsəlli verməkdənsə, o mənə təsəlli verirdi, deyirdi darıxma, hər şey yaxşı olacaq. Bir dəfə də dedi ki, ata, bu, bir fürsətdir, istifadə edib işğal altındakı bütün torpaqları, şəhidlərin qisasını almalıyıq. Çox mülayim idi, mən onun şəhid halını da gördüm, cənazəsi belə gülürdü, gülə-gülə şəhid olmuşdu. Allah bütün şəhidlərə rəhmət eləsin, valideyinlərinə səbir, qazilərə şəfa versin. Bu müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, mərd, igid, cəsur, həmrəy olduğunu bütün dünyaya göstərən bir ayna oldu.

Nişanlısını, bizləri yarıyolda qoydu oğlum

Səməndərin anası Tərgül xanımın oğlunun yoxluğu ilə barışa bilməməsi hər halından bəlli idi, gözündən dayanmadan yaş axırdı, çətinliklə bir neçə söz deyə bildi: “Oğlum uşaq vaxtından sakit, mülayim idi. Üç ay əvvəl nişanlamışdıq, fikirləşirdik ki, sağ-salamat gəlsin toy edərik. Amma arzuları yarıda qaldı, nişanlısını, bizləri yarıyolda qoydu. Bir dəfə də olsun qəlbimizi qıracaq söz deməmişdi. Müharibədə olarkən cəm üç dəfə danışa bildim, axırıncı dəfə danışanda dedi ki, özündən muğayat ol ana, inşallah, gələndə hər şey düzələcək, yenə əvvəlki kimi olacağıq. Amma oğlumun bütün xəyalları, arzuları yarıda qaldı.

Bütün müəllimlərin qəlbində onun xüsusi yeri var idi

Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbinin direktoru Zahid Məmmədovun da xatirində nümunəvi şagird kimi qalıb şəhidimiz: “Kəndimizin ikinci şəhidi olan Səməndər İsgəndərov on bir il kənd məktəbində təhsil alıb. Birinci sinifdən məzun olan günə kimi yoldaşlarından fərqli idi. Sakit, ağıllı və nümunəvi olmaqla yanaşı, dərslərində də yüksək qiymətlər alırdı. Bütün müəllimlərin qəlbində onun xüsusi yeri var idi, hamı onu çox istəyirdi. İndi isə bu sevgi daha da artdı. Çünki onların tərbiyə, təhsil verdiyi bir şagird ən yüksək ada -şəhidlik zirvəsinə yüksəlib.

Onun o cür cəsur olmağı, vətənpərvərliyi bizi fərəhləndirir, daha da ruhlandırırdı.

Səməndərin həmkəndçisi, həm də əsgər yoldaşı olan Elvin Aslanov qəzetimizə müsahibəsində onun igidliyindən, cəsurluğundan danışdı: “Səməndər cox ağıllı, tərbiyəli, sakit təbiətli oğlan idi. Həmkəndli olsaq da qismət elə gətirdi ki, əsgərlikdə də bir yerdə, eyni hərbi hissədə xidmət etdik. Mən orada Səməndəri, yəni dostumun, kəndçimin kim olduğunu daha yaxından tanıdım, onun necə mərd, cəsur olduğunu gördüm. 2014-cü ildə Ağdamdakı hərbi hissədə xidmət edirdim. Yeni əsgərlər gəlmişdi, Səməndər də onların arasında idi, birinci görəndə inanmadım, sonra görüşüb qucaqlaşdıq, doğma elimizdən uzaqdakı hərbi hissədə rastlaşmışdıq. Gənc əsgər olduğu üçün bir az sıxılırdı, hələ hərbi hissəyə uyğunlaşmamışdı. Dedi ailəmlə danışmaq istəyirəm, köməklik etdim, danışdı ata-anası ilə. Atası Vahid dayı ilə mən damışdım əvvəl, biləndə ki, Səməndər mənim yanımdadır, bir yerdəyik çox sevindilər. Bir müdət sonra mən xidmətimi postda davam etdirməli oldum, lakin bir-iki ay keçmişdi ki, Səməndəri də eyni posta göndərdilər. Düşmən postları ilə yaxın olduğundan tez-tez atışma olurdu, atəşkəs pozulurdu. Mən orada Səməndərin nə qədər igid, cəsur, qorxmaz olduğunu gördüm. Bizə nisbətən gənc əsgər olmasına baxmayaraq bizimlə çiyin-çiyinə döyüşürdü. Bir dəfə irad tutdum ki, ehtiyatlı ol, çox irəli getmə, cavab verdi ki, ölsəm də Vətən uğrunda öləcəm, şəhid olacam. Onun o cür cəsur olmağı, vətənpərvərliyi bizi fərəhləndirir, daha da ruhlandırırdı. Səməndərlə çox günlərimiz oldu, hər zaman bir-birimizə dəstək olduq, təsəlli verdik. Hətta dostluğumuz o qədər möhkəm idi ki, o təxris olunarkən mənim formamı istəmişdi. O zaman mən artıq xidmətdən qayıtmışdım, formamı istədiyini eşidəndə çox sevindim, aparıb atasına verdim ki, Səməndərə yollasın. Sonra təxris olub ailəsinin yanına qayıtdı, tez-tez görüşürdük, əsgərlik günlərindən söhbət edirdik. Nəhayət, gün gəldi cənab Ali Baş Komandanımızın cağırışı əsasında onu cəbhəyə yola saldıq, son günə kimi mərdcəsinə vuruşdu, Şuşaya kimi getdi, lakin Şuşada şəhidlik məqamına yüksəldi. Təbii ki, eşidəndə çox pis oldum, amma bir tərəfdən də qürurlanırdım ki, o ən yüksək məqama, şahidlik zirvəsinə ucalıb, tarix yazanlardan olub. Onun kimi minlərlə şəhidin qanı hesabına əzəli torpaqlarımız düşmən işğalından azad olundu, Dünyanın 30 ildə həll edə bilmədiyi münaqişəni məhz Səməndərlər həll etdilər”.

Vətənpərvər ruhda böyüdüyü ilk kəlməsindən bilinirdi

Biz İsgəndərovlar ailəsində olarkən Səməndərin digər əsgər yoldaşı, II Qarabağ müharibəsinin iştirakçısı Qulamhüseyn Mirzəyev şəhidin məzarını ziyarət etməyə gəlmişdi. Məzarın üzərinə gül dəstəsi qoyub ehtiramını bildirdikdən sonra Səməndərlə bağlı fikirlərini bölüşdü: “Biz əsgərlikdə bir yerdə xidmət etmişdik. Hələ o zaman Səməndər öz igidliyini, qəhrəmanlığını göstərmişdi. Çox yaxşı yoldaş, dost olduq. Gözündə qorxu yox idi, Vətəninə, elinə, obasına, ailəsinə bağlı bir insan idi. Vətənpərvər ruhda böyüdüyü ilk kəlməsindən bilinirdi. Mən Şuşadan bu gün gəlmişəm, hələ anamı görməmişəm, əvvəl şəhidlərimizin ruhu qarşısında baş əyməyi, onları heç bir zaman unutmayacağımı bildirmək üçün bura, Səməndər qardaşımın məzarı önünə gəldim. Bu gün Azərbaycan xalqı “Qarabağ bizimdir!”, “Şuşa bizimdir!” deyə bilirsə, bu, şəhidlərimizin, qazilərimizin və digər döyüşçülərin sayəsindədir. Allah bütün şəhidlərin yerini cənnət etsin, qazilərə şəfa versin”.

 Taleh Bağırov, “İki sahil”