04 dekabr 2020 17:24
6880

Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir!

Dövlətimizin başçısı İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamları Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır

   30 ildən sonra  Azərbaycan Ordusu dövlətimizin qətiyyəti, siyasi iradəsi əsasında işğal altında olan torpaqlarımızın azad olunması  istiqamətində davamlı qələbələrə imza ataraq Ermənistanı diz çökdürdü, Azərbaycanın siyasi qələbəsinə yol açdı.  44 gündə hər gün, hər an, hər saniyə cəbhə bölgələrindən gələn qələbə xəbərləri Azərbaycan əsgərinin döyüş ruhunun, qələbə əzminin yüksəkliyini nümayiş etdirməklə yanaşı, bu inamı yaratdı ki, «irəli, irəli» çağırışları ilə 300-ə qədər yaşayış məntəqəsinin, 5 şəhərin, 4 qəsəbənin, xeyli sayda strateji yüksəkliklərin işğaldan azad edilməsi işğala son qoymaqla yekunlaşacaq. Belə də oldu. Müharibə dövründə cəhhə bölgələrindən təqdim edilən videogörüntülər hər bir Azərbaycan vətəndaşını daha da qürurlandırdı, birliyimizi, həmrəyliyimizi dəmir yumruq  şəklində formalaşdırdı. Məhz dövlət-xalq-ordu birliyi Zəfər Günümüzü şərtləndirən amillər sırasında qeyd olunur.   

    Dövlətimizin başçısı, Ali Baş Komandan  İlham Əliyevin son müsahibələrinin birində ona ünvanlanan “Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını daha da qürurlandırdı, yumruq kimi birləşməyə çağırdı. Dövlətimizin başçısı bildirmişdir ki, ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm də əsgərlər arasında   itkilərimizdir. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu,  xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir.  Bildirirlər  ki, təki “Vətən sağ olsun!”

   Cənab İlham Əliyev  bu məqamı da xüsusi qeyd etmişdir ki, ermənilərin, onların havadarlarının fikri 1990-cı illərə gedir. O zaman  Ermənistan silahlı qüvvələri   hücum edirdilər, ordumuz onların qarşısında dura bilmirdi və vətəndaşlar o bölgələri tərk edib, qaçqın və məcburi köçkünə çevrilirdilər.  Amma Ermənistan hakimiyyəti bilməlidir ki, bugünkü  Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü, qüdrətli  dövlətdir. Bu gün, eyni zamanda, ən sevincli an üçrəngli bayrağımızın  işğaldan azad edilmiş torpaqlarda sancılmasıdır.

    Döyüş meydanında əsgərlərimizin şəhid olması, erməni təxribatları nəticəsində mülki əhalinin qətlə yetirilməsi, yaralanması,  kütləvi dağıntılar  də qəlbimizi göynətsə də  təsəllimiz budur ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan qovuldu, hərbi texnikaları məhv edildi, qənimət kimi götürüldü, işğaldan azad edilmiş torpaqlarımızda bayrağımız dalğalanır, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.  30 illik  Vətən, torpaq həsrətinə, nisgilinə son qoyuldu.

     Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə qələbəsi  göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. 30 il ərzində davam edən işğala gec-tez son qoyulmalı idi. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  tarix yazdı. O tarix ki, hər kəs onu səbirsizliklə gözləyirdi.  Azərbaycan haqq mübarizəsi apardı, ədaləti bərpa etdi. 44 günlük müharibə bu reallığı da göstərdi ki,  yalnız  Azərbaycan gəncliyi deyil, kimliyindən,  siyasi əqidəsindən, siyasi mənsubiyyətindən,   cavan və yaşlı, kişi və qadın olmasından  asılı olmayaraq hər kəs  ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır! Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətən müharibəsinin getdiyi zamanlarda  Trend İnformasiya Agentliyinə müsahibəsində  qeyd etdiyi fikirləri yada salmaq istərdik. Mehriban xanım Əliyeva bu fikirləri böyük fəxr hissi ilə qeyd edirdi ki,   mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini! Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Biz bütün  fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik. Əsgərlərimiz bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır. Bu gün bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur, Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyi.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, xalqımız o birliyi, həmrəyliyi göstərərək, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, orduya dəstəyi ilə Qələbəmizi təmin etdi.  Xalqımız hər zaman əmin idi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Səbirlə bu anı gözləyirdilər və həmin gün gəldi. 10 noyabr tarixi Azərbaycanın siyasi qələbəsi, Ermənistanın məğlubiyyəti kimi tarixə yazıldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək  qazandıq. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən dövlətimizin başçısı  «Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq» söyləyərək bildirmişdir ki, ona görə bu gün, müharibə başa çatandan dərhal sonra  sizə öz hörmətimi ifadə etmək üçün gəlmişəm: «Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.» Cənab İlham Əliyev bu məqamı bir daha təkrar-təkrar qeyd etmişdir ki, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq: «Biz sübut etdik ki, biz həmrəylik, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.»

  Dekabrın 3-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində həlak olan və yaralanan hərbi qulluqçularla bağlı məlumat yaydı. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.  Məlumatda o da bildirilib ki,  həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim ediləcək.    

 Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olundu. Anım Gününün rəmzi Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür. Sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub. Dekabrın 4-də ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

   Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiram hissi ilə yad edilib.

  Dövlətimizin başçısı İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli «Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında»  Sərəncamı da Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Bu gün bu fikri bir daha böyük qürurla qeyd edirik ki, şəhidlər ölməz, Vətən bölünməz!

Yeganə Əliyeva,

«İki sahil»