24 avqust 2019 10:29
1305

Şəhidlər unudulmur

Göylərə sevgi, son uçuş və əbədiyyət

Göylər ucalıqdı - Təbriz ucalığı sevirdi...

Göylər nəhayətsizdi - Təbriz nəhayətsizliyi sevirdi...

Göylər bəşərilik üçündü - Təbriz bəşəriliyi sevirdi...

Göylər müqəddəsdi - Təbriz müqəddəsliyi sevirdi...

Vətən ucalığını, Vətən sevgisinin nəhayətsizliyini müqəddəslik mərtəbəsində sevirdi, Təbriz Musazadə. Ruhunun başlanğıcı Borçalıdaydı - Başkeçiddə. Yaqublu kəndində keçmişdi uşaqlığı, yeniyetməliyi. Digər Borçalılar kimi onun da ruhu Azərbaycandan iraq deyildi. "Azərbaycan - mayəsi nur, qayəsi nur" deyənlərdən biri kimi bu məmləkətin - Azərbaycan adlı dünyamızın milyonlarla səyyarəsindən biriydi. O da azərbaycanlı olmasıyla fəxr edənlərdəniydi, o da Azərbaycanı ömrünə qibləgah bilirdi, Vətənin dağını-daşını da sevirdi, torpağını, suyunu da, çeşməsini-bulağını da, oylağını da, çadır-çadır yaylağını da. Vətənin göylərini daha çox sevirdi. Yox, bu, sevgi deyildi. Bu, vurğunluq idi. Təbriz göylərin, göy üzünün pərvanəsiydi; pərvanə ömrü yaşadı mayor Təbriz Musazadə. Nədən belə sevirdi göyləri? Göyləri niyə bunca sevdiyini özü də bilmirdi. Soruşana Bəxtiyar Vahabzadənin bir misrasıyla cavab verirdi: "Neyçün sevdiyini bilirsə ürək, sevməyir demək..."...

Təbriz göyləri sevirdi. Bu bənzərsiz sevgiydi.

Pərvanə...

Pərvanəlik...

Göylər...

Və son uçuş. Bu uçuş Vətənə görə yaşanılan ömrün Vətənə vida uçuşuymuş - Vətənə görə uçuşuydu...

Göylərin gündüzünü də sevirdi, gecələrini də. Bu sevgi onun cavan ömrünün ağ işığına döndü. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdi. Azərbaycan Ali Təyyarəçilik Məktəbinə daxil oldu. Pilot olmaq istəyiylə. Həm də hərbçi pilot. Bu dönməz istəyin cazibəsi çox güclüydü, çox. Bu istək Azərbaycan əsgərinin qələbəsinə inama köklənmiş istəyiydi, işğalın sonuna aparan yolun yolçusu olmaq istəyiydi, bu istək Böyük Qələbə günü Cıdır düzünün göylərində şükranlıq uçuşuna təşnəliyiydi; torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnəcək qələbənin iştirakçısı olmaq, düşmənə atılacaq sonuncu güllənin uçuşunu ucalıqlarda uça-uça izləmək...

Təbriz Musazadə 2003-cü ildə Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə Uçuş Hazırlığının Təlim Tədris Mərkəzini, 2011-ci ildə Türkiyə Respublikasının Uçuş Təhlükəsizlik kursunu bitirdi...

Borçalının Yaqublu kəndindən başlayan bu qeyrət yolu, heyrət yolu, sədaqət yolu göylərdə bitdi. Yox, bitmədi, ölümsüzlüyün başlanğıcı oldu...

2016-cı ilin Aprel döyüşləri...

Aprelin 2-si...

Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarının qarşısını almaq üçün keçirilən əks-həmlə əməliyyatına Hərbi Hava Qüvvələrinin bəzi bölmələri də cəlb olunmuşdu. Helikopterlərdən birinin komandiri mayor Təbriz Musazadəydi.

Düşmən belə əks-həmlə güman etməzdi. Vətənpərvərlik işğalçılığı məğlub etdi - Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, min hektarlarla ərazi ermənisizləşdirildi. Bu döyüşlərdə Hərbi Hava Qüvvələrinin pilotları da qətiyyətlə döyüşdü...

Mayor Təbriz Musazadənin komandir olduğu helikopter Füzuli istiqamətində vuruldu...

Mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Əbu Bəkir İsmayılov şəhid oldular...

Bu günlərdə H.Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid pilot mayor Təbriz Musazadənin anım günü keçirildi...

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid mayor Təbriz Musazadənin anım mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak etdilər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Mərasim iştirakçıları Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar.

Millət vəkili professor Qənirə Paşayeva şəhidliyin fəlsəfi mahiyyətindən, onun xalqımızın milli mentalitetinin tərkib hissələrindən biri olmasından, azərbaycançılıq ideologiyasının vətənsevərliyi bütün çalarlarıyla ifadə etməsindən, şəhid pilot mayor Təbriz Musazadənin ömrünün mahiyyətinin də bu olmasından danışdı. Çıxış şəhid ömürlərə ellqiya ilə qürurun birgə ifadəsi kimi ehtiramla dinlənildi...

Millət vəkili çıxışını dövlətin şəhidlərə qayğısının gənc nəslin vətənsevərlik tərbiyəsində əhəmiy­yətindən də danışdı...

Anım günüdə "Səmalardan başlanan şəhidim Təbriz Musazadə" sənədli filminin və "Vətənimin qürur yeri - Vətənimin oğlu" kitabının bədii məziyyətlərindən də danışıldı, hər iki əsəri yüksək qiymətləndirildi...

H.Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi vəzifəsini icra edən mayor İlkin Qayıbov çıxışında şəhidlərə dövlət qayğısından, onların anım günlərinin keçirilməsinin vacibliyindən və əhəmiyyətindən danışaraq qeyd etdi ki, mərkəz belə tədbirlərin keçirilməsini özünə vəzifə borcu bilir...

Şəhid mayor Təbriz Musazadənin dostu Mehdi Əsədullayev çıxışında onun hamıya bəlli olan, heç kimə bəlli olmayan xarakterik xüsusiyyətlərindən söz açdı. Təqdim edilən sənədli filmin də, kitabın da onu müəyyən mənada daha ətraflı tanıtma vasitəsi oluğunu qeyd etdi. Sənədli filmin ssenari müəllifi həm də kitabın müəllifidir - Azadə Tale Abbas qızı. Bu cəfakeş şair-publisist bu əsərlərə qədər "Borçalı" qəzetində Təbriz haqqında xüsusi buraxılış hazırlamışdı...

Şəhid pilot mayor Təbriz Musazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib...

Elçin Ziyadov da, Anar Məmmədov da, Hidayət Möhnətov da, Əzim İslamov da çıxışlarında şəhidlikdən, şəhid pilot mayor Təbriz Musazadədən danışdılar...

Tədbirin sonunda Təbrizin həyat yoldaşı Pərişan Musazadə şəhidlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi...

Təbrizin iki oğlu var - Tayfun, Onur. Kimsəyə hiss etdirmədən göy üzünə boylanır ikisi də... Kim bilir, bəlkə onlar da gələcəkdə pilot olacaqlar. İşğaldan azad edilmiş Azərbaycanımızın hərbçi pilotları...

Anım tədbiri bir daha təsdiqlədi ki, Vətən üçün yaşanılan ömrün sonu olmur - əbədiyyət sonsuzluğun digər şəkildə ifadəsidi...

Rəşid Faxralı