04 dekabr 2020 18:34
1249

Şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir

“İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir... Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbiçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq.”

Prezident   İlham Əliyev

          Bəşər tarixində hər bir dövlət,  millət şəxsiyyətləri, qəhrəmanları  ilə  özünəməxsus iz qoyub. Tarixin müəyyən zaman  kəsiyində  millətinin başını ucaldan,  şərəfini qoruyan insanlar o  millətin tarixini yaradanlardır. Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini dünyaya nümayiş etdirdi. 30 ilə yaxın bir müddətdə sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli Ordumuz tərəfindən 44 gün ərzində düşməndən azad edildi.

  Bu qələbə heç də asan əldə edilmədi. Vətən oğulları  torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardır. İşıqlı duyğularla, niyyətlərlə yaşayan böyük əməl sahibləri seçdikləri yolda sona qədər əzmlə, yorulmadan  irəliləyirlər. O yolun sonunun işıqlı sabahlara qovuşacağına əmin olduqlarından simalarındakı nurlu təbəssüm də, gözlərinin dərinliyindəki məna da "Öncə Vətəndir!" deyir. Qəhrəmanların niyyəti, məqsədi, dönməz iradələri xalqının, millətinin mənafeyinə xidmət edir. Şəhidlik, eyni zamanda, Vətən, xalq, dövlət, millət, haqq-ədalət yolunda canından keçmək, özünü fəda etməkdir. Şəhidlik könüllü şəkildə, bilə-bilə özünü odun-alovun içinə atmaq, bir an belə tərəddüd etmədən, göz qırpmadan ölümün üzərinə getmək, ölümün gözünə dik baxmaqdır. Şəhidlik elə bir zirvədir ki, heç də hər kəs  bu zirvəyə  yüksələ bilmir. Bu zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar Vətən, millət, dövlət yolunda ölümün üzərinə yürüyə, ölümün gözlərinin içinə dik baxa bilirlər.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. “ Torpaq, əgər  uğrunda ölən varsa, Vətəndir!” –deyib,  döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu naxçıvanlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Naxçıvanımızın igid oğulları da döyüşlərdə  əsl qəhrəmanlıq göstərib, öz igidlikləri ilə tarix yazdılar.

         Belə igidlərdən biri də  Xüsusi Təyinatlı Qüvvələrin atəş təminat qrupunun komandiri şəhid kapitan Şamil Baloğlan oğlu Babayevdir.

Şamil Baloğlan oğlu Babayev 1988-ci il yanvarın 26-da Naxçıvan Muxtar Respublikasının  Culfa rayonunun Camaldın kəndində doğulub boya-başa çatmış, 1995-ci ildə M.Seyidov adına orta məktəbin birinci sinfinə daxil olmuş və məktəbi əla qiymətlərlə başa vurmuşdur. Yeniyetməlik dövrünə qədəm qoyanda peşəkar hərbçi olmaq onun arzusu idi. Bu səbəbdən də o, hərbi təhsilini Daxili Qoşunların Ali Hərbi Məktəbində almışdır. Hərbi məktəbi bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran şəhərində yerləşən hərbi hissənin Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində hərbi xidmətə qəbul olmuşdur. 2018-ci ildə öz arzusu ilə Türkiyənin İzmir şəhərinə getmiş və orada 6 ay ərzində  “T.C İçişleri Bakanlığı Foça Jandarama Komando okulu  ve Eğitim Merkezi komutanlığı kursunu bitirmişdir. Hərbi xidmətdə olduğu müddətdə  Daxili İşlər nazirinin əmri ilə 12 may 2020-ci il tarixdə kapitan hərbi rütbə dərəcəsi almışdır. Xidməti dövründə fəxri fərmanlarla, diplomlarla təltif olunmuşdur.

         Şamil Vətən müharibəsinin ilk  günündən döyüşlərə atılmış, böyük şücaət göstərmişdir. O,  döyüş bölgəsində ön cəbhədə xidmət edirdi. Torpağın hər bir qarışının  alınması üçün  ən mürəkkəb döyüş əməliyyatlarında iştirak etmişdir. Bir neçə dəfə yaralanmasına baxmayaraq bununla da  döyüş meydanını tərk etməmiş, öz dəstəsinə yardım etmiş, düşmən pusqusundan öz komandasını 1 şəhid və 1 yaralı ilə çıxarmış, neçə əsgər anasını sevindirmişdir. Döyüş yoldaşı, əsgəri üçün sinəsini sipər edən Şamil son nəfəsinə kimi öz əsgərlərinin qayğısına qalmışdır.

Şamilin axırıncı döyüşü isə alınmaz qala olan Şuşanın azadlığı uğrunda gedən döyüş oldu.  Təəssüf ki, Şuşanın azad olunması zamanı şəhid oldu. 2020-ci il noyabr ayının 8-də  Şuşa şəhərində canından artıq sevdiyi Vətən uğrunda, torpaq uğrunda mərdlik, şəhidlik zirvəsinə yüksəldi...

Onun şəhid olması bizi həm qürurlandırdı, həm də  kədərləndirdi. Qürurlandıq ona görə ki, Şamil Vətənini, torpağını qoruyarkən igidliklə, qəhrəmanlıqla, mərdliklə şəhid oldu, düşmənin qabağından qaçmadı. Kədərləndik ona görə ki, Şamil gənc, ailə başçısı idi.

Şamil qısa bir ömür yaşadı. Lakin elə bir şanlı ömür yaşadı  ki, unudulmaz qəhrəmanlığı, şücaəti  ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi.  O, igidliyi, qəhrəmanlığı ilə elə-obaya gərəkli övlad, Vətənə layiqli oğul oldu, qəhrəmanlığı  ilə hər kəsin başını uca etdi. Onu tanıyanlar, tabeliyində olan əsgərlər, zabit yoldaşları  haqqında ancaq və ancaq   müsbət fikirlər  söyləyirlər : “Şamil mərd, qeyrətli və çox mükəmməl bir insan idi. Öz əsgərlərini canından çox  sevir,  onların  hər  bir  problemlərinə  böyük  diqqətlə  yanaşırdı. O, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə hər kəsə nümunə olan bir zabit idi. Doğulub boya-başa çatdığı, qarış-qarış gəzdiyi doğma kəndini, Naxçıvanı, bütün Azərbaycanı sevirdi”.

Şəhid hərbçimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulub boya-başa çatdığı Culfa rayonunun Camaldın kəndinə gətirilib. Şəhidimizin cənazəsi böyük izdihamla qarşılanıb. Şəhidin dəfn mərasimində Naxçıvan Muxtar Respublikasının dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri, minlərlə sakin iştirak edib. Dəfn mərasimində şəhidimizin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, üçrəngli bayrağımız şəhidimizin doğmalarına əmanət edilib.  Şamilin doğmaları gənc övladını torpağa tapşırarkən  “Vətən sağ olsun! ”,  -  deyir, oğlunun nəşi üstünə sərilən üçrəngli bayrağımızdan və ondan geriyə qalan 7 yaşlı oğul övladı Yusifdən təskinlik tapırlar...

           Biz bu gün yaşadığımız Zəfər  sevincinə görə  Şamil kimi oğullara borcluyuq, onların ruhu qarşısında ehtiramla baş əyirik! Şəhidlər ölməz, Vətən bölünməz! Şəhidlərimiz tarixdə daim yaşayırlar.  Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən, qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin adları və şücaətləri yaddaşlarda əbədi yaşayacaqdı. Ümummilli liderimiz Heydər Əliyevin fikirlərinə  istinad etsək, Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.

Aygün Həmzəyeva,

Naxçıvan Muxtar Respublikası

Dövlət Arxiv İdarəsinin əməkdaşı