20 yanvar 2021 20:28
716

“Şəhidlikdən Qələbəyə”

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Sarqoda Universiteti ilə birgə 20 Yanvar faciəsinin anım gününə həsr olunan “Şəhidlikdən Qələbəyə” mövzusunda videokonfrans formatında mühazirə keçirib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, mühazirəyə müxtəlif universitetlərdən 100-ə yaxın tələbə qatılıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Sarqoda Universitetinin siyasət və beynəlxalq münasibətlər kafedrasının dosenti Aşfaq Əhməd 20 Yanvar faciəsindən söz açıb, bu günün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq səhifəsi kimi tarixə həkk olunduğunu vurğulayıb.

Aşfaq Əhməd Azərbaycan ilə Pakistan arasındakı əlaqələrdən söz açaraq Pakistanın Vətən müharibəsi zamanı Azərbaycanın yanında olduğunu və onun haqlı mövqeyini dəstəklədiyini bildirib, torpaqlarını erməni işğalından azad etməsi münasibətilə Azərbaycan dövlətinə və xalqına təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik mübarizəsinin əhəmiyyətli mərhələsi olduğunu, erməniləşmiş sovet ordusunun xalqımızın azadlıq ideyalarını qıra bilmədiyini söyləyib, həqiqətən 20 Yanvar gününün tarixdə qanlı, eyni zamanda, şanlı bir gün olaraq qaldığını bildirib.

Səfir bildirib ki, ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsindən sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gedib və bu qanlı qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib.

Diplomat 20 Yanvar hadisələri ilə qazanılmış müstəqilliyin bərpasından bir neçə il sonra ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanla imzalanmış atəşkəs sazişinin ardınca Azərbaycanın güclü dövlət və ordu quruculuğuna başladığını, siyasi və iqtisadi nailiyyətlərə imza atdığını, beynəlxalq aləmdə ölkənin mövqeyinin gücləndiyini qeyd edib. Bildirib ki, həmin dövrdən 30 ilə yaxın keçməsi, bu müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə göstərilən səylərin nəticə verməməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi, dünya birliyinin və beynəlxalq təşkilatların, xüsusən Minsk qrupunun praktiki addımlar atmaması və işğalçı Ermənistana lazımi təzyiqlər göstərilməməsi Azərbaycanı sülhə məcburetmə əməliyyatı həyata keçirməyə vadar edib.

Əli Əlizadə 27 sentyabr tarixindən Ermənistanın təxribatları və hücumlarına cavab olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi ilə 44 gün ərzində aparılan Vətən müharibəsi nəticəsində Ermənistanın məğlub olduğunu, torpaqlarımızın azad edildiyini və şəhidlərimizin qanının yerdə qalmadığını bildirib. Azərbaycan–Pakistan əlaqələrindən danışan səfir iki qardaş ölkə arasındakı münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb və təcavüzkar Ermənistanı bir dövlət kimi bu günədək tanımadığını bildirib. Diplomat 44 günlük Vətən müharibəsi başladığı ilk gündən etibarən Azərbaycana siyasi və mənəvi dəstək verdiyinə görə Pakistan dövlətinə və xalqına təşəkkür edib.

Mühazirənin ardınca 20 Yanvar tarixinin mahiyyəti, Vətən müharibəsinin nəticələri, Pakistan-Azərbaycan əlaqələri ilə bağlı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, Azərbaycan həqiqətlərinə dair əlavə məlumatlar verilib.