06 aprel 2020 16:31
1334

Şimal Qütb Dairəsindən də şimaldakı qəsəbə: Uummannaq - FOTO

Uummannaq deyilməsi və yazılması da bir az çətindir. Dünyanın ən böyük adası Qrenlandiyanın Kanadaya baxan qərb tərəfində yerləşən Uummannaq kiçik bir balıqçılıq qəsəbəsidir. Buranı xüsusi edən şey dünyanın şimalında bəşəriyyətin yaşadığı yerlərdən biri olmasıdır.

“İki sahil” xəbər verir ki, Uummannaq dünyanın ən şimal yaşayış məskənlərindən biridir. 1200 nəfərin yaşadığı bu qəsəbənin tarixi də çox qədim deyil.

Qrenlandiyanın 11-ci ən böyük qəsəbəsi olan Uummannaq bölgəyə 18-ci əsrdə gələn balıqçılar tərəfindən qurulub. Şirin və rəngarəng evləri ilə diqqəti cəlb edən Uummannaq gedilməsi çətin olan bir yerdir.

Dünyanın ən böyük adası olan Qrenlandiyanın qərb sahilindəki bir adada yerləşən Uummannaq nəfəs kəsən fyordlar və buzlaqlarla əhatə olunub.

Şimal Qütb Dairəsindən 590 kilometr də şimalda olan Uummannaqda iyul ayında da temperatur müsbət 10 dərəcəni keçmir.

Danimarka və Qrenlandiyada yaşayan uşaqlar Şaxta babanın Uummannaqda yaşadığına inanırlar. Bu səbəbdən bu kiçik qəsəbə həqiqətən geniş bir coğrafiyada yaxşı bir nüfuza sahibdir.