Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Nurəddin Muğanlı

Şuşanın dağları bizi gözləyir...

19 oktyabr 2020 18:55
628

Sinəsi ay-ulduzlu üçrəngli bayrağımız tezliklə Qarabağın mənəvi paytaxtı Şuşanın qədim qala bürcündə dalğlanacaq 

Sentyabrın 27 –də  düşmənin növbəti təxribatına əks-həmlə ilə cabab verən  Milli Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda zəfər yürüşünə başladı. Azərbaycan xalqının: “Tərlan oylağında sar ola bilməz” atalar məsəli də  sərrastlığı ilə  milli ruhumuzun bir daha dolğun ifadəsi  oldu.  Bəli, özü boyda mədəniyyət  məbədi olan Şuşa  şəhərində  “andiçmə mərasimi”  keçirən qondarma “dqr” rejiminin başçısı da  Milli  Ordumuzun  uğurlu  hərbi  əməliyyatları qarşısında duruş gətirə bilmədi. Azərbaycan Ali Baş Komandanının vurğuladığı kimi, gizlənmək üçün “siçan deşiyi” axtarmağa məcbur oldu. Eləcə də Xankəndidə “yuva” salan  torpaq birələri - erməni  separatçıları də anladılar ki, hər pozduqları atəşkəs bir yeni yaşayış məntəqəmizin, şəhərimizin, yüksəkliklərin  azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi deməkdir.  Suqovuşanda, Ağoğlanda (Hadrud), Cəbrayılda, Xudafərində, Fizulidə dalğalanan Azərbaycan bayrağının rəngləri  bu  gün Qarabağ səmasına işıq saçır.

İndi keçmiş günlərin intizarını çəkən Şuşa da ayrılığın son günlərini yaşayır. Qədim Qala bürclərinin yuxusu  ərşə çəkilib, Qırxqız səmtindən Cıdır düzünə  sərin mehlər əsir. İsa bulağı  daha  gür çağlayır. Şuşanın qədim Qurdlar məhəlləsindən  qurd ulayır.  “Qurd üzü mübarək olar” deyiblər. Çaqqlların, tülkülərin canına  vəlvələ düşüb. Bağrıqan dağının zirvəsindən qara buludlar getdikcə dağılmaqdadır. Ağzıyastı kaha nigarançılıqla Şuşa qalxan yollara boylanır. Bu nə möcüzəydi ilahi!.. Elə bil qayalar at çapır; dağlar yallı gedir, dərələr yırğalanır.  Qələbəmizin addım səsləri daha aydın duyulur.

Efirdən  Azərbaycan Prezidentinin   tez-tez və əminliklə təkralanan gur səsi  eşidilir: "Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır."  

... Dünya kinosuna “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi musiqili komediyalar bəxş edən Üzeyir Hacıbəylinin, xeriyyəçi-şairə Xan qızı Natəvanın,  Azərbaycan xanəndəsi, dünyanın virtuoz sənətkarı Bülbülün erməni vandalları tərəfindən güllələnən büstləri hazırda Bakıdadır. Bu  güllələnmiş  cansız heykəllər erməni-daşnak faşizminin alman faşizmindən nə qədər qəddar olduğunu göz önündə canlandırır.

Adolf  Hitler müharibə apardığı dövrdə bir  müsəlman məscidini belə dağıtmamışdı, əksinə kəlmeyi -şahətəti əzbər söyləyən minlərlə musəvi, xaçpərəst faşizmin ölüm düşərgəsindən xilas olmuşdu.

Çox təəssüf ki,  küçə itlərinin, pişiklərinin hüququnu müdafiə etməsi ilə “öyünən  müasir dünya”  Şuşa  başda  olmaqla Qarabağda erməni təcavüzünə  məruz qalan  tarixi abidələrimizə əhəmiyyət vermədi, Topxanada təbiətin yaşıl soyqırımına göz yumanlar, Xocalının dəhşət saçan fəryadını da  eşitmədi, 30 ilə yaxın Azərbaycanı nə duydu nə də dərk etdi. “Şərqin konservatoriyası” adlanan bu şəhər Azərbaycanın itirdiyi qammaya,  Qarbağın köksünün başında  simləri qırılmış rübaba bənzəyirdi.  Allah bu şəhərin  28 il  faşist xislətli murdar düşmənin  tapdağında qalmasını  xalqımı necə rəva  gördü?!         

Şuşa yadıma düşəndə
sınır qəlbim şüşə kimi
Görərsən görərmiyəm,
Şuşanı bu qışa kimi...

İnşallah, görəcəyik,  o günlərə sayılı  günlər qalıb, bu  misraların müəllifi  şair Fikrət Sadığın nigaran  ruhu da  şad olacaq. Azərbaycan  Ordusu və onun Ali Baş Komandanı  xalqımıza  Şuşa boyda sevinc bəxş edəcək. Dövlət başçısının  Türkiyənin “A haber”  televiziya kanalına müsahibəsində dediyi kimi: ”Şuşasız  bizim  işimiz  yarımçıq olar.  Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim  hədəflərimizin arasında xüsusi yer tutur...”

Şuşa yenə saçları şehlə yuyulmuş gözəllər gözəlinə dönəcək. Ad gününü Şuşada, Qələbə paradını Bakıda keçirmək arzusuyla yaşayan əsgər və zabitlərimizə Allah  yar olsun! Qarabağ Azərbaycandır!

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?