29 oktyabr 2020 18:42
654

Sivil dünya ilə Ermənistan arasında uçurum

Xarici diplomatlar Bərdədə erməni terrorunun izləri ilə tanış olublar

Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistanın faşist xislətli rejimi ənənəsinə sadiq qalaraq məqsədli şəkildə yenə də çirkin simasını göstərir, növbəti dəfə ardıcıl şəkildə Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazini beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə atəşə tutmaqdan çəkinmir. Bərdə iki dəfə qorxaq düşmənin hədəfinə tuş gəldi. Belə ki,  oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində yaşayış evləri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutuldu. Hadisə nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb. Ermənistan növbəti dəfə təcavüzkar siyasətinin davamı olaraq, oktyabrın 28-i saat 13 radələrində Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi ərazini hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik raketlərdən atəşə tutaraq, 5-i qadın olmaqla, 21 nəfərin həlak olmasına, 8-i uşaq, 15-i qadın olmaqla 70-dın artıq şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub.

Məhz Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olmaq üçün oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Bərdəyə gəliblər. Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət ediblər.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə şəhərində hadisə yerini ziyarət edən zaman ermənilərin dinc əhalini hədəf almasını hərbi cinayət adlandırıb və bunun Ermənistan siyasi-hərbi rəhbərliyi tərəfindən qəsdən, məqsədyönlü şəkildə edildiyini bildirib: "Ermənilərin cəsarəti çatsaydı, döyüş meydanlarında real hərbi əməliyyatlardan istifadə edərdilər. Onlar döyüş meydanlarından qorxaraq qaçırlar və mülki əhaliyə qarşı bu cür cəsarətsiz hərəkətlər edirlər. Ermənistanın əsl mahiyyəti, hərbi-siyasi rəhbərliyinin bu xislətini dünyanın görməsi üçün beynəlxalq ictimaiyyətə çatdırırıq. Bütün dünya görsün ki, sivil dünya ilə Ermənistan arasında nə qədər uçurum vardır. Bərdədə hər hansı hərbi obyekt yoxdur. Onların məqsədi mülki insanları hədəfə almaq və qırğın törətməkdir".

Azərbaycan hökumətinin Gəncədən sonra Bərdəyə xarici diplomatların səfərinə dəstək verməsi və tanışlıq üçün onlara geniş şərait yaratması çox əhəmiyyətli tarixi addımdır. Xarici diplomatlar erməni vandalizminin bütün qanlı cinayət izlərini yerindəcə öz gözləri ilə gördülər. Bu diplomatlara Ermənistanın terror və antihumanist dövlət olduğunu sübut etməyə daha ehtiyac qalmayacaq. Gəncə və Bərdə hadisələrindən sonra işğalçı Ermənistan bir daha sübut etdi ki, dinc insanları nüvə başlığı daşıya bilən ballistik raketlərlə vurmaq dərəcəsində sivil dünyada payı olmayan bir ölkədir. Bərdə və Tərtərə səfər etmiş xarici diplomatların birbaşa rəyləri və ölkələrinə göndərəcəkləri rəsmi hesabatlar mühüm cari və strateji əhəmiyyətə malikdir. Azərbaycan hökuməti sərrast addım atıb. Bu diplomatların rəy və təəssüratları ölkələrinin münaqişəyə yanaşmalarının daha da dəqiqləşməsinə təsir edəcək, eyni zamanda, onların rəsmi hesabatları Ermənistanın təcavüzkarlıq tarixinin araşdırılmasında qiymətli mənbələrdən birinə çevriləcək. Ermənistanın quduzlaşmış hərbi-siyasi rəhbərliyi diplomatik nümayəndəliklərin təmsilçiləri Bərdə, Tərtər şəhərində olduğu zamanda da ətraf məntəqələri bombalamağa  davam ediblər. Bu, onların faşizm siyasətinin növbəti təzahürüdür. Diplomatların bugünkü rəsmi rəy və hesabatları Ermənistana qarşı Beynəlxalq Cinayət Məhkəməsində təsirli ittiham və sübut faktına çevriləcək.

Qeyd edək ki, sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 90 mülki şəxs qətlə yetirilib, 392 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 423, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 406-dır. Azərbaycan Ordusu isə heç vaxt mülki obyektləri hədəf almır, dinc sakinlərə zərər vermir. Dövlətimizin atdığı hər bir addım beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. Bütün proseslərdə, o cümlədən danışıqlarda da Azərbaycan konstruktiv və ardıcıl mövqe nümayiş etdirir. Məhz bunun üçün də siyasi təhlilçilər tərəfindən hazırda Azərbaycan Ordusunun öz torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatları, dövlətimizin başçısının da vurğuladığı kimi, məhz sülhə məcburetmə əməliyyatı adlandırılır.

Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov Bərdədə jurnalistlərə bildirib ki, Azərbaycanın dinc şəhərlərinə Ermənistanın hücumları nəticəsində ölən dinc sakinlərin sayı 80-i keçib. Bu, yolverilməzdir: “Hər şeyi öz gözümüzlə gördük. Burada gördüklərimdən, dinc sakinlərin, xüsusilə də uşaqların öldürülməsindən çox kədərlənmişəm. Üstəlik dinc əhalinin atəşə tutulması get-gedə yeni-yeni əraziləri əhatə etməsi ciddi narahatlıq doğurur”.

Nigar Orucova, “İki sahil”