KÖŞƏ

Qvami Məhəbbətoğlu

Siyasət nəhəngi

13 dekabr 2019 11:00
2619

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin haqq dünyasına qovuşmasından 16 il ötdü. Hər il olduğu kimi, bu il də ölkəmizdə, həmçinin bir sıra xarici dövlətlərdə Ümummilli Liderin əziz xatirəsi müxtəlif tədbirlərdə dərin ehtiramla anıldı, ruhuna dualar oxundu. Təbii ki, bu, hər şeydən əvvəl, ulu öndər Heydər Əliyevə olan ümumxalq məhəbbətinin tükənməz və əbədi təzahürü idi. Azərbaycanın hər bir guşəsində Ümummilli Liderin şərəfinə abidələrin ucaldılması, adının əbədiləşdirilməsi də elə xalq məhəbbətinin təcəssümüdür. Şübhəsiz, bundan sonra da nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, məşhur bir mahnıda deyildiyi kimi, “Xalq Heydər söyləyəcək” və Onu həmişə ürəklərdə yaşadacaqdır. Çünki cəsarəti, dünyagörüşü, uzaqgörənliyi və natiqliyinə görə dünya liderlərindən seçilən, “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən Ulu Öndər mənsub olduğu xalqının yolunda, sözün həqiqi mənasında, öz siyasi iradəsi ilə hər cür fədakarlıqlar göstərib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbirincə desək, “Mübaliğəsiz demək olar ki, o, siyasət nəhəngi idi”.

Bu siyasət nəhəngi ölkəmizin əldən getməkdə olan müstəqilliyini xalqın sarsılmaz birliyi vasitəsilə yad ünsürlərdən, müxtəlif təhlükələrdən qorudu, onu möhkəmlətdi, üstəlik, azərbaycançılıq ideologiyasını formalaşdırdı. Məhz Ulu Öndər 1990-cı ilin qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi, bu terroru törədənlərin iç üzlərini açdı, Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi. Hələ Sovet İttifaqının süquta uğramasından on bir ay əvvəl SSRİ-nin dövlətçilik atributlarından rəsmi şəkildə imtina etdi. Bu mənada müstəqillik simvollarını xalqımıza yenidən bəxş edən məhz ümummilli lider Heydər Əliyev oldu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu da onun adı ilə bağlıdır. Şübhəsiz, müxtəlif təzyiqlərə baxmayaraq, 1994-cü ildə Bakı şəhərində məşhur “Əsrin müqaviləsi”nin imzalanması dünya liderlərinin, eləcə də xarici sərmayədarların dünya şöhrətli Ulu Öndərə olan dərin inamının məntiqi nəticəsi idi. Ümummilli Liderin böyük uzaqgörənliklə irəli sürdüyü və dünyanı heyrətləndirən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz layihələri bu gün dünya miqyasında çox ciddi strateji əhəmiyyət daşıyır. Bu layihələrlə Ulu Öndər siyasi sabitlik yaratmaqla yanaşı, ölkəmizin iqtisadi müstəqilliyinin əsasını qoydu. Bu mənada Heydər Əliyevin xalqımız və dövlətimiz, inkişafımız qarşısında xidmətləri ölçüyəgəlməzdir.

Bəli, Azərbaycanı özünün qibləgahı hesab edən, həmişə doğma diyarının maraqlarını müdafiə və təmin edən bu qeyri-adi şəxsiyyət məhz öz müdrik siyasəti ilə ölkəmizi tərəqqi yoluna çıxardı. Bu məqamda Fransanın sabiq Prezidenti Jak Şirakın o illərdə dediyi bu sözləri də xatırlatmaq yerinə düşərdi: “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.

Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli davamçısı Prezident  İlham Əliyev tərəfindən inamla, uğurla, qətiyyətlə davam etdirilir. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ənənələrini, zəngin irsi, ölməz ideyaları yaşadan dövlət başçımızın bütün sahələr üzrə həyata keçirdiyi iqtisadi, sosial, mədəni, eləcə də kadr islahatları ölkəmizin reytinqini daha da yüksəldib. Dünyanın kosmik ailəsinə daxil olan, beynəlxalq tədbirlərin məkanına, eləcə də tranzit ölkəyə çevrilən, enerji siyasətində qarşıya qoyduğu bütün hədəflərə çatan Azərbaycanın adı dünyanın inkişaf etmiş ölkələri sırasında çəkilir. Elə bu kimi məziyyətlərinə görə Azərbaycan artıq dünyada söz sahibidir. Bu günlərdə TANAP kəmərinin Avropa ilə sərhəddə TAP kəmərinə birləşdirilməsi cənab İlham Əliyev siyasətinin növbəti təntənəsi oldu. Şübhəsiz, bütün bu uğurların təməlini ulu öndər Heydər Əliyev qoyub. Bir zamanlar “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikrini səsləndirəndə dahi lider sanki bu günləri, bu inkişafı görürdü.