18 fevral 2019 10:36
2908

Siyavuş Novruzov: Sadəcə ömür sürməmişəm, mən yaşamışam EKSKLÜZİV

TANINMIŞ İCTİMAİ-SİYASİ XADİMLƏ YÜZÜN YARISINDA SƏMİMİ SÖHBƏT


Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasına yetişəndə tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Siyavuş Novruzovun 50 illik yubileyi haqqında yazı  hazırlamaq məqsədilə gələn daha bir neçə jurnalist həmkarımız da gözləyirdi. Yubilyar müxbirlərlə səmimi şəkildə salamlaşdıqdan sonra gərgin iş qrafikinə baxmayaraq jurnalistləri onların istəyinə görə ayrı-ayrılıqda  qəbul etdi,  onun həyatının müxtəlif sferası ilə maraqlanan hər kəsin suallarını cavablandırmaq üçün ayrıca vaxt ayırdı. 

Maraqlı və şərəfli həyat yolu keçən Siyavuş Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının  Babək rayonunun Cəhri kəndində dünyaya gəlib. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. 1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləyib. 1995-2005-ci illər YAP-ın Gənclər Birliyinin sədri olub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə “1-ci dərəcəli Vətənə xidmət ordeni”  ilə təltif olunub.

Müsahibimiz Əfqanıstanda döyüşüb,  1990-1993-cü illərdə Qarabağ uğrunda, həmçinin Sədərək döyüşlərində fəal iştirak edib.  Qarabağ müharibəsi veteranıdır. Sərbəst güləş üzrə idman ustasıdır. Müxtəlif istiqamətlərdəki fəaliyyətinə görə onlarla mükafat, təşəkkürnamə, orden və medallarla təltif edilib. Bunlar özü haqqında çox danışmağı sevməyən yubilyarın avtobioqrafiyasının internetdən  hamıya məlum olan faktlarıdır. Özünün danışdıqları isə indiyədək bizə məlum olmayan, məhz “İki sahil”in oxucuları ilə bölüşdüyü ədəbi-mədəni  zövqləri, dünyaya baxışı və müxtəlif mövzular haqqında fəlsəfi düşüncələri  idi...

Attachment

Ümummilli Liderin rəhbərliyi ilə  partiya və dövlət quruculuğunda yaxından iştirak etmək xoşbəxtliyi

“Naxçıvandan Bakıya gələndə  17 yaşım vardı. Hərbi xidmətə 18 yaşımda Bakıdan getmişəm. 1987-ci ildən 90-cı ilə qədər, müxtəlif hərbi məktəblər keçmişəm. Hərbi xidmətdən qayıtdıqdan sonra milli azadlıq hərəkatına qoşulmuşam. Ömrümün 33 ilini Bakıda və digər yerlərdə yaşamışam. Amma təbii ki, Naxçıvanla heç vaxt əlaqəmi kəsməmişəm. Ümummilli Lider Naxçıvanda olanda mütəmadi gedib-gəlirdim. Naxçıvan onda həm o vaxtkı iqtidar, həm də ermənilər tərəfindən blokadaya alınmışdı. Ona görə də Rusiyada və həmin vaxt Bakıda  çıxan  “İki sahil”, “Səs” və başqa qəzetləri, həmçinin Ümummilli Lider haqqında ayrı-ayrı tanınmış siyasətçilərin, məşhur ziyalıların yazılarının çap edildiyi  dövri nəşrləri həftədə bir dəfə, iki həftədən bir aparıb çatdırırdım, eyni zamanda,  Ulu Öndərin verdiyi materialları mətbuatda çap etdirmək üçün Bakıya gətirirdim. O dövrdə bu, çox çətin idi. Naxçıvana ancaq hava yolu ilə gediş-gəliş vardı, oraya 35-50 nəfərlik təyyarələr uçurdu. Camaat Naxçıvana getmək üçün günlərlə aeroportda yatırdı. Təyyarə bileti tapılmırdı. Naxçıvan Nümayəndəliyinin iki bronu vardı, onun birini həmişə mənə verirdilər. Nə qədər çətin idisə, mənim üçün bir o qədər də maraqlı idi. Həmin vaxtlar Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi idim. Həyatımdakı ən  böyük dönüş nöqtəsi Ümummilli Liderin rəhbərliyi ilə ictimai-siyasi fəaliyyətə başlamağımdır. Ondan həddindən artıq çox şey öyrənmişəm. Ümummilli Lider dahi siyasətçi, əvəzolunmaz insan və böyük azərbaycanlı olmaqla yanaşı, gənclərin yetişib formalaşmasında, dünyagörüşünün artmasında, gələcəyə baxışının müəyyənləşməsində misilsiz xidmətləri olan böyük müəllim idi. Mənim xoşbəxtliyim ondadır ki, Ümummilli Liderin rəhbərliyi ilə həm partiya, həm dövlət quruculuğunda yaxından iştirak etmişəm. 

Ədəbiyyata indi də böyük marağım var

Adımı o vaxtlar  filologiya fakültəsində  təhsil alan böyük  qardaşım qoyub. Bildiyiniz kimi, Siyavuş  adı  Firdovsinin məşhur “Şahnamə” əsərindəndir, sonralar böyük Hüseyn Cavid də həmin əsərin motivləri əsasında “Səyavuş” faciəsini qələmə alıb. Sovet dövründə “Şahnamə”ni bizə səhv izah edirdilər. Guya bu əsər Sultanın xoşuna gəlmədiyinə görə  simiclik edib müəllifə qızıl yox, gümüş verib. Əslində Sultan  Firdovsiyə “Şahnamə”də  türkləri aşağıladığına görə qızıl verməyib.

Ailəmizdə hamı ədəbiyyatı sevirdi. Mən özüm də əvvəlcə filologiya fakültəsinə daxil olmaq istəyirdim. Amma hərbi xidmətdən qayıtdıqdan sonra özümü o sahədə görmədim, fikrimdən daşınıb hüquq ixtisasını  seçdim. Ancaq ədəbiyyata indi də böyük marağım var. Ədəbi jurnallara abunə oluram,  “Ədəbiyyat qəzeti”ni alıram, oradakı maraqlı yazıları  oxuyuram.

1991-92-ci illərdə “Səs” qəzetində cəmiyyəti maraqlandıran mövzularda siyasi, publisistik, ədəbi yazılarım çap olunub, orada uzun müddət hekayələrim işıq üzü görüb.  Partiya quruculuğu işinə, ictimai-siyasi proseslərə, ərazilərimizin müdafiəsinə  başım qarışandan sonra qələm ikinci plana keçdi. İndi xarici səfərlərdə olanda, işdən bir az ayrılıb tək qalanda xırda-xırda cızma-qaralar edirəm.

Vaxtilə deyirdilər ki, Böyük Oktyabr sosialist inqilabı və İkinci Dünya müharibəsi olmasaydı, Sovet ədəbiyyatı boş qalardı. Nə qədər kolxoz-sovxozdan yazmaq olardı? Ona görə də bu iki böyük mövzu  o vaxt Sovet ədəbiyyatını və kinematoqrafiyasını zənginləşdirdi.

Şoloxovun “Sakit Don”, “İnsanın taleyi”  və digər yazıçıların əsərləri həmin mövzularda yazılmış dəyərli örnəklərdir. Vaxtilə çox mütaliə edirdim. Bizim dövrümüzdə ən məşhur əsər Viktor Hüqonun “Səfillər”i idi. Hər adamın işi deyildi onu oxumaq, böyük həcmli roman idi. Mark Tvenin, hər iki Tolstoyun - həm Lev, həm Aleksandrın əsərlərini oxumağı sevirdim.  Oradan da keçirsən Qərb ədəbiyyatının tanınmış imzalarına, sonra da adlayırsan Latın Amerikası ədəbiyyatına - Markesə və sair. Belə-belə gəlib çıxırıq bu günümüzə...

Əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyninin yaradıcılığını bəyənirəm, onun “Çərpələng uçuran”, “Min möhtəşəm günəş” əsərlərini oxumuşam. Bir dəfə səhv etmirəmsə, Bolqarıstanda keçirilən NATO Parlament Assambleyasında özü ilə görüşmüşəm. Orada Əfqanıstanla bağlı çıxışı vardı. Onunla bir neçə saat çox maraqlı söhbətimiz oldu. Əfqanıstanla bağlı yazısında əksini tapan detallar da müəyyən mənada mənə tanış idi, o detallarla bağlı ətraflı fikir mübadiləsi apardıq.

Keçmiş dövrdən fərqli olaraq indi aktual mövzular da çoxdur, yanaşma tərzi də müxtəlifdir. Bizdə də yaxşı yazan yeni gənc nəsil yazarlar yetişib. Aqşin Yenisey, Kəramət Böyükçöl, Aysel Əlizadənin yazılarını oxuyuram. İndi adını xatırladığım bunlardır, əslində istedadlı gənc yazarların sayı  xeyli çoxdur. Düşünürəm ki, gənc yazıçı və şairlərimizə şərait yaratmaq lazımdı. Düzdür, indiki gənclərin çap problemi yoxdu, amma tarixə nəzər salanda dahi Məhəmməd Füzulidən üzü bu yana yazıçı və şairlərin böyük əksəriyyətinin məcazi təbirlə ifadə eləsək, həmişə “ağça problemi” olub. Şərait yaradılmalıdır deyəndə, yazarın sərbəst şəkildə yaza bilməsi  üçün bu ağça probleminin həll olunmasını nəzərdə tuturam” (gülür).

Attachment

Ən yaddaqalan doğum günü hədiyyəm Hüqonun ikicildliyi olub

Musiqi zövqüm qarışıqdır, gözəl olan hər şeyi dinləyirəm. Klassik musiqi vurğunuyam, eyni zamanda, ispan musiqisini sevirəm. Xulio İqlesias, Co Dassen, Rozembaum, Laskovıy May,  Toto Kutunyo, Çelentano sevimli ifaçılarımdandırlar. Milli musiqimizdən muğama qulaq asıram. Görünür yaşla əlaqədardır, yaşlandıqca biz daha çox muğama meyil edirik.

Film zövqünə gəlincə, əsasən tarixi filmlərə baxıram. İslam dininin yaranması, İslam tarixi ilə bağlı çoxlu filmlər izləyirəm.

Ən yaddaqalan doğum günü hədiyyəm Viktor Hüqonun ikicildliyi olub. Gəncliyimdə dostlarımdan biri  bağışlamışdı. Hələ də məndə durur, arabir vərəqləyirəm. Gəncliyimizdə kiminsə ad günü olanda ona kitab hədiyyə alırdıq. Kitab ən gözəl hədiyyədir, mənəvidir, qalan şeylər keçicidir, maddidir. Kitabı hər dəfə vərəqlədikcə yenidən o tarixə qayıdırsan, xatirələr təzələnir...

O  vaxtlar  həm də kitab  tapılmırdı. Abdulla Şaiqin “Araz”ını, Qılman İlkinin “Şimal küləyi”ni oxumaq üçün dostlarımızla “kim bitirib kimə verəcək” növbəsinə düzülürdük.  O dövr üçün bunlar böyük əsərlər idi. Həmin vaxtlar bəlkə də Mir Cəlalın “Bir gəncin manifesti”ni oxumayan, orada Bahar obrazının taleyinə görə ürək ağrısı keçirməyən qalmamışdı. 

İnsan hərbçi olmağı qərara aldısa, Vətən sevgisi ömürlük onun ürəyinə köçür

Siyasətlə məşğul olmadığım gün olmayıb. O məşhur deyimdəki kimi -  “Sən siyasətlə məşğul olmasan, o səninlə məşğul olacaq” (gülür). Heç cür mümkün deyil ki, ictimai-siyasi proseslərin içərisində bu qədər olan bir insan bircə gün siyasətdən kənarda qalsın. 

Bir komandirim vardı, əsl hərbçi idi. O deyirdi ki, zabitin belindən kəməri düşdüsə, o öldü. Əsl hərbçi o kəməri taxıb, çantasını kürəyinə atanda lap 80 yaşında da olsa, özünü 20 yaşında hiss edir. İnsan bir dəfə hərbçi olmağı qərara aldısa,  ömrünün axırına qədər hərbçi olur, Vətən sevgisi ömürlük onun ürəyinə köçür. Siyasət də belədi. Siyasətçi bircə gün siyasətlə məşğul olmasa, bu onun faciəsi olar.

Mən sözü bəzəmədən xalqın başa düşəcəyi dildə deyirəm

Dediklərim bəzən kimlərəsə toxunur, çünki obyektiv danışıram. Mən sözü bəzəmədən xalqın başa düşəcəyi dildə deyirəm. İllər keçir, mən deyənə gəlirlər. Məsələn, həkim kiminsə çıxmış ayağını yerinə salmaq üçün müəyyən mənada ona əziyyət verməlidir. Acı həqiqəti söyləmək də həmin o çıxmış ayağı yerinə salmaq kimidir. Agrıdacaq, amma sağaldacaq...

İndi biz partiyanın  gənclər birliklərinə sədrliklə bağlı attestasiya keçiririk. Bir gənc gəlir, danışığından görürsən ki, bu posta uyğun deyil. Mövcud ictimai-siyasi vəziyyəti aydın dərk etmir. Ola bilər ki, həmin  gəncə bunu açıq şəkildə dediyim üçün bu onun xətrinə dəyə bilər. Amma bunu ona vaxtında demək lazımdır ki, o özü üçün doğru istiqamət müəyyənləşdirsin, indidən doğru yolunu tapsın. Bəlkə o, sabah sevilən bir müəllim olacaq,  yaxud başqa sahədə yaxşı bir dövlət məmuru kimi yetişəcək.

Hər kəsin fərqli cənnət anlayışı var

Astrologiyaya inanıram, bürclər haqqında elm elə-belə yaranmayıb, bu, yüzillərin sınağından çıxıb. Dolça bürcündənəm. Dolçalar həm həddindən artıq xəyalpərəst, həm də həddindən artıq düşüncəli olurlar. “Özünüzü xoşbəxt ulduz altında doğulmuş hiss edirsinizmi” sualınıza gəldikdə isə xoşbəxtlik hər kəsin dünyagörüşünə uyğun bir anlayışdır. Biri xoşbəxtliyi var-dövlətdə, biri ailə səadətində, biri övladlarında, biri sevgidə görür. Bəzən belə fikir səsləndirirlər: “filankəs cənnətə düşəcək”. Axı cənnət anlayışı birmənalı deyil. Hər kəsin fərqli cənnət anlayışı var.  Şairin öz cənnəti var, dindarın öz cənnəti. Hərənin bir dünyagörüşü, bir baxış bucağı var.  Bütün  bu məsələlərə birtərəfli yanaşmaq düzgün deyil. Hər kəs özünün xoşbəxtlik meyarını özünə uyğun seçir və ona doğru addımlayır. Xoşbəxtəm deyə bilərəm.

Bu 50 ildə çox az insanın keçdiyi ömür yolunu keçmişəm.

Ömür simvolik məfhumdur. Yaşamaq və ömür sürmək başqa -başqa anlayışlardır. Ömür sürmək sadəcə rəqəmlərdir, rutin həyat tərzidir. Bəxtiyar Vahabzadənin bununla bağlı gözəl misraları var: 

Şam əgər yanmırsa, yaşamır demək 
Onun da həyatı yanmağındadır.

Bu baxımdan  ömrün çoxu- azı olmur, yaşananı və  yaşanmayanı var. Keçdiyim həyat yoluna nəzər salanda ürəklə deyə bilərəm ki, indiyədək sadəcə ömür sürməmişəm, mən yaşamışam. 

Dönüb keçmişə baxanda  minnətdar olduğum məqamların təəssüfləndiklərimdən  çox olduğunu söyləyə bilərəm. Ömrümün fəal həyat sürmədiyim bir dövrü olmayıb.  Bu 50 ildə çox az insanın keçdiyi ömür yolunu keçmişəm”.

Sevinc Mürvətqızı,
Vüsal Cahanov, (fotolar) 
“İki sahil”