28 oktyabr 2020 18:46
804

Siz daim öz zərif çiyinlərinizi Azərbaycanın dünyada ucalığı naminə etibarlı, möhtəşəm dayaq etmisiniz

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Bakı Slavyan Universiteti kollektivinin müraciəti

Əziz və çox hörmətli xanım Mehriban Əliyeva!

Böyük şərəf və fəxarətlə izləyirik ki, rəşadətli Azərbaycan Ordusu qəddar,  məkrli düşmənlə döyüş meydanında mübarizədə böyük qələbələrə imza atır. Azərbaycan həm də beynəlxalq müstəvidə, siyasi meydanda görünməmiş uğurlara çatır. Möhtərəm Prezidentimiz İlham Əliyev müstəqil Azərbaycanın yeni və parlaq inkişafının memarı, xalqımızın dərin dühalı milli lideri, qətiyyətli, cəsur  sərkərdəsi kimi bu gün öz müdrik siyasəti ilə dünyanı mat qoyur. Bu möhtəşəm uğurda sizin fəaliyyətiniz, mövqeyiniz  olduqca diqqətəşayandır. Sizin ölkəmizin, bugünkü qələbələrinin hər birində illərdən bəri həyata keçirdiyiniz vətənpərvər, millətsevər fəaliyyətiniz insanların ümid, inam, güvən duyğularına Vətən məhəbbəti aşılayıb. Siz daim öz zərif çiyinlərinizi Azərbaycanın dünyada ucalığı naminə etibarlı, möhtəşəm dayaq etmisiniz. Vətənimiz haqqında əsl həqiqətləri açmaq, onun mütərəqqi mövqeyini, sülhsevər mahiyyətini, qədim mədəniyyətini, milli-mənəvi dəyərlərini, yüksək vətənpərvərliyini tanıtmaq və dünyada belə bir ucalığa malik və layiq olan Azərbaycan xalqı naminə çox unikal layihələrə müəlliflik etmisiniz. Ruhunda sonsuz ədalət, haqqararlıq olan xalqınızı dünyaya təqdim etmək naminə əsl fədakarlıq göstərmisiniz. Bu gün isə Sizin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara işğalçı və təcavüzkar Ermənistanın müharibə cinayətlərini qınamaq üçün etdiyiniz çağırışlar, informasiya müharibəsinin düzgün qurulması üçün verdiyiniz tövsiyələr, yaralı əsgər və zabitlərimizlə ölkə analarının anası kimi görüşməyiniz, onlara göstərdiyiniz səmimi qayğı xalqın, millətin qəlbini riqqətə gətirir.

Əzizimiz Mehriban xanım!

Bu gün Azərbaycanın şanlı, müzəffər Ordusunun qısa müddət ərzində Qarabağın bir çox yaşayış məntəqələrini işğaldan azad etməsi bütün xalqımız kimi, Bakı Slavyan Universitetinin kollektivində də böyük ruh yüksəkliyi, parlaq qələbəyə, uğurlu gələcəyə sönməz inam yaradır.Hər gün cəbhədən aldığımız xəbərlər bizi qəti qələbəmizin yaxında olduğuna ürəkdən inandırır. Hazırda Bakı Slavyan Universitetinin 70-ə yaxın məzunu Azərbaycan Silahlı Qüvvələrinin sırasında qəhrəmancasına vuruşur. Çox təəssüf ki, onların sırasında yaralananlar, şəhid olanlar da var. Kollektivimizin nümayəndələri onların ailələri ilə sıx əlaqə saxlayır. Bakı Slavyan Universitetinin müəllimləri və tələbə-gəncləri Ermənistan üzərində qələbə naminə  Azərbaycan Ordusuna bacardığı qədər dəstək verir, həmçinin informasiya müharibəsində və Azərbaycan mətbuatında fəal mövqe tutur. Ölkənin bugünkü durumu, Azərbaycanın rəşadətli mövqeyi, düşmənin rəzil, qəddar xisləti haqqında Slavyan ölkələrinə onların öz dilində məktublar ünvanlayır.

Dövlət başçımız cənab İlham Əliyev bu gün Azərbaycanın müasir tarixinin şanlı və parlaq səhifələrini yazır. Xalqımız cənab Prezidentimizi və Sizi ürəkdən sevir, dəstəkləyir, xalq, Vətən, dövlət naminə həyata keçirdiyiniz fədakar fəaliyyətinizi yüksək dəyərləndirir. Azərbaycan xalqı cənab Prezidentin və Sizin ətrafınızda sıx birləşib. Tarixin heç bir dönəmində Azərbaycan belə möhtəşəm birlik, mükəmməl səfərbərliyin şahidi olmayıb. Bu inam, bu məhəbbət düşmən üzərində qələbənin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bütün xalqımız kimi, biz də tezliklə Vətən müharibəsində qələbə çalacağımıza, üçrəngli dövlət bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına qətiyyətlə inanırıq! Bu inamın kökündə möhtərəm Prezidentimizə və şəxsən Sizə olan məhəbbət, ehtiram çox güclüdür!

Uca Tanrı Azərbaycanımızı, Prezidentimizi və Sizi, ömrünü, səadətini ağlını, zəkasını bu Vətənin xoşbəxtliyi naminə səxavətlə həsr edən insanları qorusun! Onlara fərəhli, şərəfli, uzun ömür, ailə səadəti, övlad fərəhi qismət etsin!

Qarabağı qəddar düşmənin işğalından azad edən Prezidentimiz və ölkəmizin Birinci vitse-prezidenti bizim ürəyimizdir.

Qarabağ Azərbaycandır!

Buna heç kimin şübhəsi yoxdur!

Dərin hörmət və ehtiramla

BSU-nun kollektivi adından rektor: professor Nurlana Əliyeva