KÖŞƏ

Zahid Rza

İslahatların dağıdıcılarda yaratdığı isterika

02 aprel 2019 10:36
2730

Azərbaycan inqilabi islahatlar dövrünə qədəm qoyub. Bu ilin əvvəlindən ciddi sosial-iqtisadi, struktur islahatlarına start verildi. Ölkə başçısının imzaladığı Fərman və sərəncamlarla 2018-ci ildən hazırlanmış sosial layihələrin icra edilməsinə başlanıldı. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılmasından təxminən 600 min insan bəhrələnir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı, şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Vətəndaşların problemli kreditlər məsələsi həll edildi. Ölkə başçısının problemli kreditlərlə bağlı qərarı bir daha təsdiq etdi ki, Azərbaycan dövləti üçün ən böyük dəyər ölkə vətəndaşlarıdır. Bütövlükdə götürsək, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir.

Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı bildirdi ki, islahatlar bütün sahələri əhatə edəcək. Hazırda təhsil və səhiyyə sahəsində ciddi islahatlar aparılır. Məhz bu islahatların sayəsində həmin sahələrdə uğurlu nəticələr əldə olunub. Şəhərsalma sahəsində, şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı genişmiqyaslı islahatlar aparılır. Ölkə başçısı, həmçinin həmin görüşdə bildirdi ki, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və artıq bununla bağlı müvafiq göstərişlər verilibdir.

Dövlətimizin başçısının 2019-cu il 16 mart tarixində imzaladığı əfv Sərəncamı minlərlə insanın sevincinə səbəb oldu. Prezident İlham Əliyevin “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər görmüş sahibkarlara dövlət yardımının göstərilməsi ilə bağlı tapşırıqları həm ictimaiyyətimiz, həm də sahibkarlar tərəfindən böyük sevinclə qarşılanıb. Dövlət başçısının bu tapşırığını eşidən sahibkarlar bu qərarı ayaqüstə alqışlarla qarşılayıblar. Vətəndaşlarımız bir daha əmin oldular ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət və Prezident hər zaman onların yanındadır və bundan sonra da belə olacaq. Ölkə başçısının sosial siyasəti özündə birləşdirən genişmiqyaslı islahat paketi ümumilikdə 3 milyon nəfəri əhatə edir.

Görülən işlər, həyata keçirilən tədbirlər bir daha sübut edir ki, dövlətimizin başçısının başlatdığı böyük islahat dalğası sözün həqiqi mənasında bir inqilabdır.

Ölkə rəhbərliyi tərəfindən başladılan genişmiqyaslı islahatlar istər ölkə daxilində , istərsə də xaricdə geniş rezonans doğurub, rəğbət hissi ilə qarşılansa da, həmişə olduğu kimi, yenə də dağıdıcı müxalifətin böhtan və şantajına tuş gəlib. Bu düşərgənin əsas təmsilçilərindən olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, onların yanında “ələkçinin qıl verəni” rolunu məharətlə ifa edən Gültəkin Hacıbəyli kimilər sosial şəbəkələrdə, xüsusilə Sevinc Osmanqızının və Qənimət Zahidin “proqramlarında” çıxış edərək görülən işlərə kölgə salaraq onları qaralamaq üçün dəridən-qabıqdan çıxsalar da heç nəyə nail ola bilmirlər. Bu nadanlar məsələlərin əsl mahiyyətini dərk etmirlər. Anlamırlar ki, görülən işlərin, reallaşdırılan layihələrin arxasında düşünülmüş dövlət strategiyası, genişmiqyaslı proqramlar və Prezident İlham Əliyevin “Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisi dayanır.

Bu marginallar ölkə başçısının həyata keçirdiyi tədbirlərə kölgə salmağa, işin mahiyyətini təhrif etməyə, bəzi hallarda isə bütün bunların guya məcburiyyətdən irəli gəldiyinə dair əsassız fikirlər yaymağa çalışırlar. Cəmiyyətdən dəstək ala bilmədiklərinə görə getdikcə də aqressivləşirlər. Əlləri hər yerdən üzüldüyünə görə bütün bunları “Milli Şura”nın 19 yanvar mitinqi ilə bağlayaraq görülən işləri öz adlarına bağlayırlar. Bütün fəaliyyətlərini daim milli maraqlarımıza zərbə vurmaq üstündə kökləyən müxalifətin dağıdıcı qanadı var gücü ilə çalışır ki, nəhəng islahatlar dalğasının qarşısı alınsın.

Dağıdıcıların bu əsassız iddiaları, böhtanları, ucuz və çirkin təbliğat vasitələri cəmiyyətimizin kəskin etirazı ilə qarşılaşıb. Çünki ictimaiyyətimiz ağı qaradan seçməyi yaxşı bacarır və dağıdıcıların mənfur oyunlarına nəinki alət olmur, əksinə, onların bu çirkli əməllərinin qarşısını almaq üçün öz dövlətinə arxa-dayaq olur.