08 yanvar 2019 10:58
3061

“SOCAR AQŞ” karyera sərgisində

“SOCAR AQŞ” Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən təşkil olunmuş karyera sərgisində iştirak edib. Tədbirin keçirilməsində məqsəd tələbələr üçün işəgötürənlərlə ünsiyyət qurmaq və karyera imkanları haqqında məlumatlanmaq fürsəti yaratmaqdır.

ADNSU-nun Karyera Mərkəzinin açıqlamasına görə, tədbir müxtəlif fakültələrdən olan 3000-ə yaxın tələbə və məzunları, eləcə də neft-qaz, telekommunikasiya, bank və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən nüfuzlu yerli və beynəlxalq şirkətləri bir araya gətirib.

“SOCAR AQŞ” şirkətinin karyera sərgisinin təmsilçiləri yüzlərlə iştirakçı ilə ünsiyyət quraraq onları şirkətdə olan mövcud vakansiyalar və yay təcrübə proqramı ilə əlaqədar məlumatlandırıblar. Tələbələr birinci və ikinci kurslarda təhsil alanlar üçün təcrübə proqramı və təhsilini bitirdikdən sonra təcrübəçi qismində işləmək imkanları haqqında ətraflı məlumat əldə ediblər. Onlar təcrübə proqramının praktiki faydaları haqqında da məlumatlandırılıblar.

Tədbir iştirakçıları arasında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı “SOCAR AQŞ”nin kollektivinə universitetə ayırdıqları diqqətə görə təşəkkür edərək bildirib: “Biz sizi daim öz tədbirlərimizdə görməyə şadıq. Bizə göstərdiyiniz diqqətə və tələbələrimizin potensialına olan inamınız üçün sizə minnətdarıq. Ümid edirik ki, bu münasibətlər qarşıdakı illərdə də davam edəcək”.

Qeyd edək ki, “SOCAR AQŞ” inkişaf etməkdə olan müəssisə kimi yerli universitetlərlə əməkdaşlıq etməyi, tələbə və məzunların müxtəlif işlərə cəlb olunmasını planlaşdırır.

Orxan Vahidoğlu, “İki sahil”