“SOCAR AQŞ” Bakıda keçirilən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında iştirak edib. Bu il “SOCAR AQŞ” beynəlxalq konfransın bürünc sponsoru qismində tədbirə dəstək verib. Konfrans hər il aparıcı şirkətlərin mütəxəssisləri arasında əsas neft-qaz layihələrinin müzakirəsi xüsusunda fikir mübadiləsi üçün müstəsna imkanlar yaradır.
Konfransın ikinci günündə müəssisənin baş direktorunun müavini, baş geoloq İftixar Qasımov geoloji nöqteyi-nəzərdən öz mürəkkəbliyi ilə seçilən «Bulla-dəniz» qaz yatağında yeni texnika və texnologiyaların tətbiqi sayəsində agırçəkili aralıq kəmərlərin birdəfəyə endirilməsi və sementlənməsi mövzusunda maraqlı təqdimatla çıxış edib. İ.Qasımov çıxışının əvvəlində qeyd edib ki, «Bulla-6» saylı dəniz stasionar özülündə yüksək temperaturlu və yüksək təzyiqli quyuların qazılması üçün nəzərdə tutulan yeni nəsil qazma qurğusunun və avadanlıqlarının seçilməsi və işlərin optimallaşdırılması istiqamətində müəssisə rəhbərliyi sifarişçi ilə mütəmadi olaraq sıx əməkdaşlıq edib. Potensial risklərin minimuma endirilməsi və əvvəlki layihələrdən toplanmış təcrübələrdən sistemli şəkildə istifadə edilərək «DWOP» (əməliyyatlara hazırlıq ərəfəsində bütün tərəfdaşlarla birgə Quyu tikintisinin kağız üzərində tərtibi) tədbirləri həyata keçirilib.
Hazırlıq işləri çərçivəsində qüllənin və qurğunun digər elementlərinin daşınmasında iri modullardan istifadə olunduğuna görə yükdaşınmaların müddəti xeyli azalmış və risklər minimuma endirilib. Həmçinin ilk dəfə olaraq “SOCAR AQŞ” mütəxəssislərinin təklifləri əsasında «Bulla-6» saylı özülün layihələndirilməsində texnoloji proseslərin tələbatına uyğun müxtəlif təyinatlı məhlulların saxlanılması üçün vertikal tipli çənlərdən istifadə olunub və nəticədə özüldə daha az sahədə iri həcmli quraşdırma işlərini görmək mümkün olub.
Daha sonra müəssisə tərəfindən «Bulla-6» saylı özüldən qazılmış 78 və hazırda qazılmaqda olan 113 nömrəli quyularda həyata keçirilən ilklərdən danışan natiq qeyd edib ki, yüksək təzyiqli «Bulla-dəniz» yatağından 78 nömrəli kəşfiyyat quyusunun yüksək keyfiyyətlə, bir sıra ilklərə imza atmaqla qazılaraq sifarişçiyə təhvil verilməsi Azərbaycan qazmaçılarının növbəti uğuru olub: “Belə ki, ümumi çəkisi havada 530 ton olan 13 3/8" qoruyucu kəmərin 4938 metr dərinliyə, çəkisi 380 ton olan 9 5/8" qoruyucu kəmərin isə 5400 metr dərinliyə birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olmuşuq. Bununla da qoruyucu kəmərin dərin quyularda iki mərhələdə endirilməsi ənənəsinə son qoyulub. Bu texniki həll variant, həmçinin quyuların qazılmasında vaxta xeyli qənaət olunmasında və xərclərin optimallaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Həmçinin quyu tikintisi zamanı layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci və 7-ci horizontlardan süxur nümunələri uğurla götürülüb. 3000 at gücünə malik olan Drillmec yeni nəsil qazma avadanlığından uğurla istifadə edən müəssisə «Bulla-dəniz» yatağının 6 saylı dəniz stasionar özülündə 113 nömrəli quyuda ağırçəkili aralıq kəmərinin birdəfəyə endirmək cəhdini də uğurla həyata keçirib. Belə ki, ümumi çəkisi havada 546 ton olan ikinci 13 3/8" aralıq kəmərin 5093 metr dərinliyə, çəkisi 393 ton olan texniki 9 5/8" kəmərin isə 5620 metr dərinliyə 26 dərəcə əyrilik bucağı altında birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib.
Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və temperaturlu quyuların qazılması zamanı və o cümlədən «Bulla-dəniz» yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsini ilk dəfə olaraq “SOCAR AQŞ” həyata keçirib.
Qeyd etmək istəyirəm ki, 113 saylı quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı əsas sifarişçimiz olan «Azneft» İstehsalat Birliyi ilə vaxtaşırı müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir və sifarişçinin təyin etdiyi bütün texnoloji parametrlərə uyğun quyunun keyfiyyətlə qazılması üçün peşəkar komandamız var gücü ilə səfərbər olub. Əminəm ki, bizim müəssisəyə qazılması həvalə olunan digər quyuları da mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəyik.”
Qeyd edək ki, müəssisənin Xəzər dənizinin Azərbaycan sektorunda «Bulla-dəniz» yatağında həyata keçirdiyi əməliyyatlara dair hazırlanmış təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub. Milli müəssisədə qabaqcıl standartlaşdırma üsullarının tətbiqi konfransın moderatoru – SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov tərəfindən yüksək qiymətləndirilib və bu dəyər “SOCAR AQŞ”nin milli qazma sənayesindəki yenilikçi statusunu bir daha təsdiqləyib.
Orxan Vahidoğlu, “İki sahil”