04 iyun 2019 10:28
563

“SOCAR AQŞ”nin beynəlxalq əlaqələri genişlənir

Bu günlərdə Ukraynanın “Naftoqaz Ukrainı” səhmdar şirkətinin kommersiya məsələləri üzrə direktoru Serqey Fedorenkonun başçılıq etdiyi nümayəndə heyəti “SOCAR AQŞ”də olub.

Görüşdə Ukrayna nümayəndə heyəti müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə yaxından tanış olub və müxtəlif təqdimatları izləyib.

Qonaqlar, həmçinin, “SOCAR AQŞ”nin  bu günlərdə həyata keçirdiyi bir sıra mühüm qazma layihələri, o cümlədən  olduqca mürəkkəb geoloji struktura malik “Ümid-1” saylı özüldən SOCAR üzrə rekord dərinliyə- 6810 metrə qazılmış 16 nömrəli quyunun qazılması haqqında ətraflı məlumat əldə ediblər. İlk dəfə olaraq “Ümid” yatağında tətbiq edilmiş müxtəlif texniki həllər ukraynalı mütəxəssislərin böyük marağına səbəb olub.

Görüşdə tərəflər arasında hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarla müəyyənləşdirmək üçün maraqlı fikir mübadiləsi aparılıb.

“SOCAR AQŞ”də təşkil olunan görüşlər sırasında nümayəndə heyəti “SOCAR AQS Drilling School” (Qazma Məktəbi) və istehsalat sahələrində də olub. 

İlk milli müəssisə olaraq, Xəzəryanı regionda Beynəlxalq Quyuya Nəzarət Forumunun (IWCf) Quyuya Nəzarət Təlim Proqramının 2, 3, 4-cü və Əsaslı Təmir Zamanı Təzyiqin Nəzarətdə Saxlanılması Təlim Proqramının  3-cü və 4-cü Səviyyələri üzrə  akredatsiya olunmuş “SOCAR AQŞ” Qazma məktəbinin fəaliyyəti və öz unikallığı ilə seçilən müxtəlif peşə təlimi kursları ukraynalı qonaqlarda zəngin təəssürat yaradıb.

Qazma məktəbində keçirilən görüşdə gələcək əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və İstehsalat təcrübəsi istiqamətində fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə müəssisə rəhbərliyinə təşəkkürünü bildirən Serqey Fedorenko iki ölkə arasında  enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlərin mövcud olduğunu qeyd edərək “SOCAR AQŞ” ilə birgə layihələrin icrasında maraqlı olduqlarını vurğulayıb.

Orxan Vahidoğlu, “İki sahil”