12 mart 2020 10:46
1075

SOCAR beynəlxalq şirkətlərlə əməkdaşlığa xüsusi önəm verir

SOCAR neft-qaz sənayesində hasilatdan tutmuş paylanmaya qədər olan dəyər zəncirinin bütün seqmentlərində səmt qazının atmosferə atılmasının, texnoloji qaz itkilərin və müxtəlif növ sızmaların azaldılmasını əsas məsələlərdən biri hesab edir və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlığa xüsusi önəm verir.

SOCAR-ın Ekologiya İdarəsi neft və qaz sektorunda metan emissiyalarının azaldılması üzrə ixtisaslaşmış Norveçin “Carbon Limits” (CL) şirkəti ilə 2016-cı ildə iqlim dəyişmələrinə təsirlərin azaldılması məqsədilə Əməkdaşlıq Memorandumu imzalayıb. CL şirkəti Qazaxıstanda və Ukraynada emissiya azalmaları üzrə uğurlu layihələr həyata keçirib.

Memorandum çərçivəsində SOCAR və CL şirkəti birgə layihə olaraq, metan əmsalının müəyyənləşdirilməsi və uçucu emissiyaların inventarlaşdırılmasına dair xüsusi proqram təminatının hazırlanmasına başlayıblar. Layihənin icrası nəticəsində ölkə üzrə neft-qaz sənayesindən atılan uçucu emissiyaların inventarlaşdırılmasında milli emissiya əmsallarının tətbiqinə imkan yaranacaq.

Bundan başqa, SOCAR-ın “Azneft” İB-nin Əmirov adına NQÇİ-də, Qaz Emalı Zavodunda və Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyət sahələrində infraqırmızı kamera vasitəsilə gözlə görünməyən uçucu emissiyaların aşkarlanması və “Hi-Flow Sampler” cihazı vasitəsilə onların ümumi həcminin qiymətləndirilməsi məqsədilə instrumental ölçmə işləri həyata keçirilib. Aparılan işlərin nəticəsi olaraq saxlama çənlərindən və birləşdirici hissələrdən atılma həcmləri müəyyən edilərək atılmaların qarşısının alınması üçün yumşaltma tədbirləri təklif edilib.

2018-ci il tarixdə SOCAR-ın Ekologiya İdarəsinin təşkilatçılığı ilə CL şirkətinin nümayəndələri ilə birgə “Metan emissiyalarının inventarlaşdırılması və həmin emissiyaların azaldılmasına dair layihələrin müəyyənləşdirilməsi” mövzusunda seminar keçirilib. Seminarda SOCAR-da metanın inventarlaşdırılmasının ilkin nəticələri, milli emissiya əmsallarının təyini və gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında müzakirələr aparılıb.

Hazırda əməkdaşlıq çərçivəsində SOCAR-ın neft hasilatı prosesində sızmaların müəyyən edilməsi və yerində aradan qaldırılması istiqamətində  yerinə yetirilən işlərin inkişaf etdirilməsi məqsədilə CL şirkəti ilə birgə pilot layihənin həyata keçirilməsinə başlanıb. Layihənin əsas məqsədi apstrim əməliyyatlarında quyu-emal müəssisəsi zəncirində boruların kəmər başlıqları, fontan armaturları, flanslar, siyirtmələr, ölçü qovşaqları və digər birləşdirici hissələrdən sızmaların müəyyən edilərək aradan qaldırılmasından ibarətdir.

Layihə çərçivəsində CL şirkətinin və Ekologiya İdarəsinin mütəxəssisləri tərəfindən Azneft İB-nin “Abşeronneft”, H.Z.Tağıyev adına, Ə.Əmirov adına, N. Nərimanov adına və “Bibiheybətneft” NQÇ idarələrində  atmosferə atılan qazların həcmi instrumental metodla ölçülərək hesablanıb. İnstrumental ölçmə işlərin nəticəsində müəyyən olub ki, sözügedən NQÇİ-lərdə atmosferə atılan sızmaların illik həcmi orta hesabla 1,8 milyon  m3 və ya CO2 ekvivalentində  30 min ton/il təşkil edir.

Layihə üzrə Avropa Birliyinin Yanacaq Keyfiyyəti üzrə Direktiv sxem çərçivəsində karbon kreditlərin əldə edilməsi ideyası irəli sürülüb.

Məlumat üçün bildirək ki, bu vaxta qədər SOCAR üzrə metan emissiyalarının qiymətləndirilməsi İqlim Dəyişmələri üzrə Hökumətlərarası İşçi Qrupu (İPCC) tərəfindən hazırlanmış atmosferə atılan İEYQ-nin inventarlaşdırılmasına dair 2006-cı ilin qaydalar sənədinə uyğun olaraq aparılıb və ümumilləşdirilən emissiya faktorlarından istifadə edilirdi. Hazırda SOCAR tərəfindən ölkə üzrə neft-qaz hasilatı fəaliyyətlərində metan atılmalarının daha dəqiq qiymətləndirilməsi məqsədilə milli emissiya faktorlarının hazırlanması üzərində tədqiqatlar aparılır.

Qeyd edək ki, SOCAR 13-15 noyabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən “Caspian Ecology” 10-cu Ətraf Mühit Sərgisində iştirak edib. SOCAR-ın pavilyonunda həyata keçirdiyi ekoloji layihələr, tullantıların idarə edilməsi bacarığı, sıxılmış təbii qazdan istifadə layihələri, nəqliyyatın dekarbonizasiyası, GİS ekoloji məlumatlar bazası haqqında məlumatlarla yanaşı, SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşı Norveçin “Carbon Limits” şirkətinin metan sızmalarının müəyyən edilməsi, ölçülməsi və azaldılması üzrə beynəlxalq miqyaslı pilot layihəsi real rejimdə müvəfəqqiyətlə təqdim edilib. Pilot layihə sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Rəna Hümbətova,
SOCAR Ekologiya İdarəsinin Elm və texnika şöbəsinin rəisi