18 iyun 2020 10:44
1562

SOCAR-da Almaniya səfiri ilə görüş

İyulun 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul etmişdir. Rövnəq Abdullayev hazırkı qlobal pandemiya dövründə Azərbaycanın neft-qaz, neft kimya sənayesində işlərin gedişi haqqında danışmış, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında enerji sahəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd etmişdir.

Səfir Volfqanq Maniq Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığından söz açaraq, SOCAR və Almaniyanın enerji şirkətləri, xüsusilə də Uniper (E.ON) şirkəti arasında uzunmüddətli, səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulamışdır. SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin reallaşmasında Almaniya şirkətlərinin rolunu qeyd edən səfir ölkəsindəki bir sıra şirkətlərin reallaşdırılması nəzərdə tutulan SOCAR-ın qaz emalı kompleksi layihəsinə xüsusi maraq göstərdiklərini bildirmiş, COVİD-19 pandemiyası başa çatdıqdan sonra həmin şirkətlərin rəhbərlərinin Azərbaycana işgüzar səfərinin təşkil edilməsində maraqlı olduqlarını söyləmişdir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.