12 iyun 2020 01:11
3395

SOCAR-da işçilərin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətin idarə edilməsi sisteminin təşkili üzrə islahatlara start verildi

İyunun 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) və Keyfiyyətin İdarə Edilməsi Sisteminin təşkilinə dair onlayn müşavirə keçirilmişdir.Rövnəq Abdullayev korporativ idarəetmə sistemində aparılan islahatlardan bəhs etmiş, beynəlxalq neft-qaz şirkətlərinin qabaqcıl təcrübələrini SOCAR-da tətbiq etməklə, istehsalatda insan itkilərinə yol verməmək və əməyin mühafizəsinin maksimum səviyyədə gücləndirilməsinə çalışmağın bütün dövrlərdə ən vacib məsələ olduğunu vurğulamışdır. COVİD-19 pandemiyası dövründə işçilərin sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də pandemiyanın bütün dünyada yaratdığı iqtisadi tənəzzül fonunda əməliyyat effektivliyinin daha da artırılması kimi çağırışlar şirkətdə köklü islahatların zərurətini daha da aktuallaşdırmışdır.

SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı çıxış etmiş, bildirmişdir ki, SƏTƏMM və Keyfiyyət üzrə korporativ siyasət sənədi və standartlar hazırlanmışdır. Əsas məqsəd şirkətin bütün müəssisələrində və struktur vahidlərində sağlam, təhlükəsiz iş mühiti yaratmaq, əməyin mühafizəsini istehsalat zərurətinin fövqündə ən yüksək prioritet kimi bərqərar etməkdir. Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının (IOGP) üzvü kimi SOCAR bu nüfuzlu beynəlxalq təşkilatın sənaye üzrə qəbul etdiyi vahid standart və tövsiyələri öz əməliyyatlarında da geniş tətbiq etməyə başlamışdır. Şirkət üzrə “Bizi Qoruyan Qaydalar toplusu” və Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemi (SOİMS) kimi daxili təlimatlar hazırlanmışdır. SOCAR-da SƏTƏMM və Keyfiyyət üzrə hazırlanmış yol xəritələri neft və qaz sənayesində tanınmış beynəlxalq APİ Q1 və Q2 standartlarına uyğun sertifikatların alınmasına köməklik edəcəkdir. Beləliklə, qabaqcıl təcrübələrin tətbiqi nəticəsində, insanların həyat və sağlamlığının qorunması, və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyi də artırılacaqdır.

Aparılan islahatlar qabaqcıl beynəlxalq təcrübələrin mənimsənilməsi ilə yanaşı, vahid korporativ siyasət çərçivəsində şirkətin bütün müəssisələrində SƏTƏMM və keyfiyyət standartlarının mərkəzləşdirilmiş və vahid formatda tətbiqini təmin edəcəkdir. Risk potensialı olan fəaliyyətlərdə tətbiq edilən işə İcazə Vərəqələri SOCAR-ın bütün müəssisələrində artıq mərkəzləşdirilib və vahid standart halına gətirilmişdir ki, bu da istehsalat risklərinin daha effektivli idarə olunması baxımından ən önəmli şərtlərdən biridir. Yaxın müddətdə İşə İcazə Vərəqələrinin SOCAR-ın rəqəmsal qolu olan CİC şirkəti ilə birgə rəqamsallaşdırılması nəzərdə tutulmuşdur.

Onlayn müşavirəyə 200-ə yaxın idarə və müəssisə rəhbərləri, digər rəsmi şəxslər qoşulmuşlar. Müşavirədə təqdimatlar edilmiş və iştirakçılar tərfindən müzakirələr aparılmışıdır.

Müşavirənin sonunda SOCAR-ın prezidenti Rövnəq Abdullayev SƏTƏMM və Keyfiyyət siyasəti üzrə sənədləri imzalamışdır.