29 yanvar 2020 17:08
3862

SOCAR-da təcrübə keçən “ASAN könüllüləri”nə sertifikatlar təqdim olundu - FOTO

“SOCAR Tower”də SOCAR və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, şirkətimizin müəssisə və təşkilatlarında təcrübə keçən 25 nəfər könüllüyə sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Bu könüllülər əsasən SOCAR-ın Baş Ofisi, İnsan Resursları Departamenti (İRD), "Azərikimya" İstehsalat Birliyi (İB), "Azəriqaz" İB, "Azneft" İB, Ekologiya İdarəsi, Geofizika və Geologiya İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (İTRİ), Karbamid zavodu, Kompleks Qazma İşləri Tresti (KQİT) və Qaz İxrac İdarəsi kimi təşkilat və müəssisələrdə təcrübə keçiblər.

“İki sahil” xəbər verir ki, açılış nitqində İRD-nin rəisi Asif Bəkirli Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə ölkəmizdə “Könüllülər ili” elan edilməsini vurğulayaraq, könüllülərə ölkə rəhbərliyi tərəfindən də çox böyük dəyər verildiyini bildirib. Həmçinin, o, 2016-2019-cu illər ərzində SOCAR-da 165 nəfər könüllünün Kimya mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Neft-qaz mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformatika, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Maliyyə, Riyaziyyat, Biznesin idarə edilməsi, Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəsi, İqtisadiyyat və Marketinq istiqamətləri üzrə təcrübə keçdiklərini və müvafiq sertifikatlarla təmin olunduqlarını qeyd edib.

İRD-nin rəisi, yaşından asılı olmayaraq, hər bir şəxsin könüllülük fəaliyyətinə başlaya biləcəyini, könüllülərin seçim prosesinin test və müsahibə olmaqla 2 (iki) mərhələdən ibarət olduğunu və tam şəffaf şəkildə aparıldığını deyib. A.Bəkirli İRD-yə təyin edilmiş könüllülərin 2 (iki) ay müddətində, bütün şöbələrdə rotasiya şəklində, SOCAR-ın İnsan Resurslarının İdarəedilməsi (İRİ) proseslərini daha dərindən mənimsəmələri üçün İRİ təlimlərində iştirakları təmin edilib. İRD-nin rəisi məzun olan könüllüləri SOCAR-ın müvafiq vakansiyalarına, daxili təqaüd, ödənişli yay təcrübəsi və gənclər üçün təşkil olunmuş digər proqramlarına müraciət etmələrini tövsiyyə edib.

“ASAN Xidmət”in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev isə çıxış edərək, könüllülərə yaradılan şəraitə görə SOCAR rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, könüllülər SOCAR-da təcrübə keçməyə çox böyük maraq göstərirlər və təcrübə müddətində yeni bilik və bacarıqlar əldə edirlər.

Daha sonra könüllülərdən Babil Sultanov, Əhməd Məmmədov, Nərmin Vəliyeva, Sara Quliyeva və Vüsal Qəmbərli təcrübə müddətindəki təəssüratlarını bölüşüblər:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarında Neft-qaz mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsi olan Babil Sultanov 01.04.2019-cu il tarixindən 01.07.2019-cu il tarixinədək KQİT-nin Texnoloji şöbəsində istehsalat təcrübəsində olub. O, istehsalat təcrübəsində neft və qaz quyularının qazılması, qazma borularının endirilməsi, quyulara nəzarət, quyu konstruksiyaları haqqında geniş biliklər əldə etdiyini vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsində təhsil alan Nərmin Vəliyeva 18.03.2019-cu il tarixindən 25.06.2019-cu il tarixinədək İRD-də təcrübə keçib. O, bu müddət ərzində iş təcrübəsi qazandığını, bir çox biliklər əldə etdiyini, qrup şəklində çətin tapşırıqların öhdəsindən birlikdə gəlməyin mümkünlüyünü öyrəndiyini bildirib.

ADNSU-nin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Əhməd Məmmədov “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-də 15.07.2019-cu il tarixindən 13.09.2019-cu il tarixinədək istehsalat təcrübəsində olub. O, bu müddətdə bir çox biliklərə yiyələndiyini, xüsusilə də komanda şəklində çalışmağın vacibliyini öyrəndiyini qeyd edərək, gənclərə dəstək olunduğu üçün SOCAR rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetində İnformatika ixtisası üzrə təhsil alan Sara Quliyeva SOCAR-ın İTRİ-də 15.07.2019-cu il tarixindən 13.09.2019-cu il tarixinədək təcrübə keçib. O, təcrübə müddətində həm ixtisası ilə bağlı bilikləri, həm də korporativ mədəniyyəti, kollektivdə işləmək bacarıqlarını öyrəndiyini bildirib. S.Quliyeva Proqram rəhbəri və digər işçilərin təcrübəçilərə ətraflı bilik və bacarıqları aşıladıqlarını, onların gələcəkdə ixtisaslı kadr olmaqları üçün əllərindən gələni etdiklərini xüsusilə vurğulayaraq, öz təşəkkürünü bildirib.

ADNSU-nin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Vüsal Qəmbərli 15.07.2019-cu il tarixindən 13.09.2019-cu il tarixinədək KQİT-də təcrübə keçib. O, bu müddətdə diplom işi mövzusunun tamamlanması üçün ona lazım olan məlumatlarla təmin edilməsinə görə Trestin işçilərinə təşəkkürünü bildirib.

Sonda Asif Bəkirli və Cahangir Hacıyev könüllülərə sertifikatları təqdim edib və xatirə şəkli çəkdiriblər.