19 sentyabr 2020 13:55
886

SOCAR enerji sektorunda ən müasir rəqəmsal texnologiyalardan istifadə edir

SOCAR enerji sektorunda ən müasir rəqəmsal texnologiyalardan istifadə edərək zamanla ayaqlaşır.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Son illər ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı layihələr çərçivəsində SOCAR-ın əldə etdiyi nailiyyətlər ilk növbədə onunla əlaqədardır ki, biz enerji sektorunda ən müasir rəqəmsal texnologiyalardan istifadə edərək zamanla ayaqlaşmağa çalışmış və buna nail olmağı bacarmışıq. Qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyətini məhz bu kriteriyalar əsasında həyata keçirən SOCAR nəzərəçarpacaq irəliləyişlərə imza atıb və uğurlu strateji həmlələrini davam etdirir. Türkiyədəki ən mühüm aktivlərimizdən olan “Petkim” holdinqi dünyanın aparıcı rəqəmsal şirkətləri arasında özünə layiqli yer tutaraq rəqəmsal sistemin tətbiqli vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una seçilib. “Petkim” 2018-ci ildə təsis edilən və “gələcəyin fabrikləri” kimi qəbul olunan 44 üzvdən ibarət “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir. Son illərdə istismara başlamış yeni tipli müəssisələrimizdə - “SOCAR Polymer” kompleksinin polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən yüksək texnologiyalı zavodlarında, Türkiyədə “Star” neft emalı zavodunda, Sumqayıt Kimya Sənaye Parkı layihəsi çərçivəsində istifadəyə verilmiş Karbamid zavodunda ən qabaqcıl texnologiyalardan, xüsusilə də rəqəmsal texnologiyalardan istifadə olunur”, - deyə o əlavə edib.

R.Abdullayev deyib: “Bu gün SOCAR planauyğun şəkildə yataqların kəşfiyyatından, karbohidrogenlərin nəqlindən tutmuş son emal prosesinə qədər bütün fəaliyyət sahələrində rəqəmsallaşdırma proqramını uğurla həyata keçirir. Xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr bu uğurların qazanılmasında mühüm rol oynayıb. Əməkdaşlıq fəaliyyətlərimiz boyunca qiymətli təcrübə əldə edərək qabaqcıl praktikanın mənimsənilməsi üzrə uzun bir yol keçmişik”.