22 aprel 2019 10:14
1217

SOCAR-ın 4-cü Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumu işə başlayıb

Aprelin 22-də  ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan SOCAR-ın 4-cü beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumu işə başlayıb. SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 22 ölkəsindən 300-dək nümayəndə iştirak edir.

Beynəlxalq tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən Forumun keçirilməsinin artıq ənənəvi hal aldığını və tədbirin Xəzər regionunun neft təqvimində ən mühüm hadisə olduğunu bildirib. Forumun ayrı-ayrı regionları və şirkətləri təmsil edən mütəxəssislərə Xəzər regionu və Mərkəzi Asiyada neft-qaz sənayesinin başlıca inkişaf istiqamətləri, eləcə də ticarət, logistika, neft emalı və neft-kimya sahələrində ən böyük beynəlxalq layihələr barədə informasiya mübadiləsi, habelə region ölkələrindən olan həmkarlar və tərəfdaşlarla birgə mövcud əməkdaşlığın möhkəmlənməsi və yeni işgüzar əlaqələrin qurulması üçün geniş imkanlar təqdim etdiyini söyləyən rektor tədbirin ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən neft strategiyasının dünya ictimaiyyətinə çatdırılması üçün unikal platforma olduğunu vurğulayıb.

Energetika naziri Pərviz Şahbazov Forumun əhəmiyyətindən söhbət açaraq bu beynəlxalq tədbirin Xəzər və Mərkəzi Asiya adı altında keçirilməsinin Azərbaycanın enerji siyasətinin iki regionu uzunmüddətli layihələrlə bir-birinə bağladığının bariz nümunəsi olduğunu deyib.

Nazir bildirib ki, son dövrlərdə neftin qiymətinin geosiyasi proseslərdən asılılığı güclənib və neft riskli bir enerji resursuna çevrilib, bu isə neft ölkələrini bu riskləri azaltmaq üçün bazarın tənzimlənməsi kimi əlavə bir öhdəliklə yükləyib.

“OPEK plyus” formatında qəbul edilmiş qərarların neft bazarını tarazlaşdıran əsas mexanizm olduğunu bildirən nazir geosiyasi qeyri-sabitliyin qaldığı bir dövrdə neft ölkələri arasında əməkdaşlığın vacibliyini və Azərbaycanın bu əməkdaşlığın ilk təşəbbüskarı və neftin qiymətinin sabitləşdirilməsinin fəal tərəfdaşı olduğunu vurğulayıb: “Hazırda neftin qiyməti qənaətbəxşdir, dekabrdakı qərarın icra səviyyəsi aybaay yüksəlir. İyunda hasilatın azaldılması ilə bağlı yeni qərarın qəbulu isə bir sıra faktorlar və kommersiya ehtiyatlarından asılı olacaq”.

Nazir  OPEK-ə üzv ölkələrlə, enerji sahəsində fəaliyyət göstərən bir çox şirkətlərlə yaradılan əməkdaşlıq imkanlarından da danışaraq Energetika Nazirliyinin 2019-2021-ci illərdə yanacaq-enerji balansı üzrə proqnozlarını diqqətə çatdırıb. Bildirib ki, ölkədə neft hasilatında sabitlik, təbii qaz istehsalı və ixracında isə artım gözlənilir: “Bu dövrdə də Azərbaycanın neft–qaz sənayesinin başlıca inkişaf mənbəyi rolunu “Azəri-Çıraq-Günəşli” yataqları və “Şahdəniz” yatağı oynayacaq. Bu il qaz hasilatında 19 faiz, ixracında isə 25 faiz artım, 2021-ci ildə qaz hasilatının 45 milyard kubmetrə çatacağı proqnozlaşdırılır”.

P.Şahbazov qeyd edib ki, indiyədək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 104 milyard kubmetrdən çox təbii qaz hasil olunub. Yataqdan, həmçinin 25 milyon ton kondensat çıxarılıb: “Qaz hasilatı və ixracının artmasında Xəzər regionu qaz infrastrukturunun Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək Cənub Qaz Dəhlizi layihəsinin icrası istiqamətində görülmüş işlər əhəmiyyətli rol oynayır. Layihə üzrə işlər yekun mərhələdədir. Cənub Qaz Dəhlizi ölkədə digər qaz yataqlarının işlənməsinə təkan verdiyinə görə də çox əhəmiyyətlidir. 2019-2020-ci illərdə "Abşeron"qaz-kondensat yatağı, "Şəfəq-Asiman", "Babək" perspektiv strukturları,"Qarabağ","Ümid" yataqları üzrə görüləcək işlər yaxın gələcəkdə ölkənin qaz hasilatında artımı təmin edəcək”.

Həmçinin Azərbaycanı emal məhsullarının istehsalı və ixracında aparıcı ölkəyə çevirmək, bu məhsullar hesabına ölkə iqtisadiyyatına mənfəət qazandırmaq məqsədi ilə emal sektorunda həyata keçirilən layihələrdən danışan nazir, ölkəmizin regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin neft-qaz və neft-kimya məhsullarının idxal-ixracı əməliyyatlarının daha sərfəli şərtlərlə aparılmasına geniş imkanlar yaratdığını qeyd edib.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə  Forumun əhəmiyyətindən danışaraq onun təcrübə mübadiləsi baxımından olduqca vacib olduğunu bildirib.

Eyni zamanda, Azərbaycanın neft sənayesinin inkişafından bəhs edən Xoşbəxt Yusifzadə, bunun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: “Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra neft sənayesində əldə edilən uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Burada birinci növbədə “Əsrin müqaviləsi”ni qeyd etmək lazımdır. Sovet dövründə kəşf edilmiş “Azəri”, “Çıraq”, “Günəşli” yataqları texnikanın olmaması səbəbindən həmin vaxt istismar olunmamasına baxmayaraq, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə onların xarici şirkətlərin cəlb edilməsi ilə işlənilməsinə başlanıldı. Danışıqların sonunda 1994-cü ilin 20 sentyabrında sonradan “Əsrin müqaviləsi” adlandırılan müqavilə imzalandı”.

Akademik Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin siyasi əhəmiyyətindən danışarkən  qeyd edib ki, bu, ilk növbədə, Azərbaycandakı sabitliyin bariz nümunəsi olmaqla ölkəmizin investorlara etibarlı ölkə kimi tanıdılmasında böyük rol oynayıb: “1997-ci ildə Azərbaycanda neft hasilatı illik 9 milyon tona düşmüşdü. 2010-cu ildə bu göstərici 51 milyon tona yüksəldi. Nəticədə indiyədək “Azəri-Çıraqlı-Günəşli” yataqlarından 481 milyon ton neft hasil edilib ki, bunun da 279 milyon tonu mənfəət nefti kimi Azərbaycana çatıb. Bu baxımdan müqavilə Ulu Öndərin “şah əsəri”dir. Ümummilli lider Heydər Əliyevin ikinci “şah əsəri” isə Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Həmin vaxtlar çoxları bu kəmərin əhəmiyyətsiz olduğunu deyir, onun reallaşacağına inanmırdılar. Digər ixrac boru kəmərlərini yetərli hesab edirdilər. Lakin Ulu Öndər bu kəmərin reallaşdırılmasını qarşıya məqsəd qoydu və hamını buna inandıra bildi. Bunu sübut edən əsas fakt isə ondan ibarətdir ki, indiyədək Azərbaycandan dünya bazarlarına  506 milyon ton neft çıxarılıb ki, onun 383 milyon tonu məhz Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib”.

Eyni zamanda, “Əsrin müqaviləsi”nin müddətinin artırılmasından bəhs edən akademik xatırladıb ki, SOCAR-ın müqavilədəki payı 25 faizədək artırılıb. Bundan başqa, müqavilənin müddətinin artırılması  çərçivəsində BP şirkəti ilə əməkdaşlığın bundan sonra da davam edəcəyini qeyd edən SOCAR-ın birinci-vitse prezidenti Xoşbəxt Yusifzadə, bugünlərdə  bu şirkətlə imzalanan dəyəri 6 milyard ABŞ dolları olan “Azəri Mərkəzi-Şərqi” layihəsinin buna əyani sübut olduğunu vurğulayıb.

Akademik Xoşbəxt Yusifzadə, həmçinin Cənub Qaz Dəhlizi barədə danışaraq onun əsas seqmentlərindən olan TANAP-la indiyədək 1,6 milyard kubmetr təbii qazın ixrac edildiyini bildirib.

SOCAR-ın birinci vitse-prezidenti bundan başqa, bu il Azərbaycanın tarixində iki əlamətdar hadisənin qeyd ediləcəyini diqqətə çatdırıb:” Onlardan biri “Əsrin müqaviləsi”nin 25 illiyidir. Digəri isə “Neft Daşları”nın kəşf olunmasından 70 il ötür. Bu yataq dünyada açıq dənizdə kəşf edilən ilk yataqdır və onun yubileyi təntənə ilə qeyd ediləcək”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məruzəsində qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 3,5 milyard barrel neft hasil olunub. AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dollarından çox sərmayə qoyulub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki,  bu gün Azərbaycan üzərindən nəinki qonşu ölkələrin, həmçinin Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Avropaya daşınır. Bu baxımdan Xəzər regionunun əhəmiyyətini vurğulayan nazir, eyni zamanda, bütün bunlara baxmayaraq, ətraf mühitə təsirlərin minimuma endirilməsinin də vacib olduğunu qeyd edib.  Bildirib ki, Xəzər dənizindən istifadə onun təbiətinə vurulan təsirlərin minimuma endirilməsi yolu ilə həyata keçirilməlidir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Forum ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən neft strategiyasının işıqlandırılması üçün unikal platformadır.

Daha sonra Forumda 3 sessiya baş tutub.  “Azərbaycanın neft-qaz sənayesinin inkişafı”, “Xəzər regionu və Mərkəzi Asiya-Qlobal neft və qaz bazarının tərkib hissəsi”, “Azərbaycan və Transqafqaz regionunda karbohidrogenlərin logistika və tranzit potensialı” adlı sessiyalarda “Neft-qaz sənayesinin inkişafında SOCAR-ın strateji layihələri”, “SOCAR Polymer və SOCAR GPC layihələri”, “Neft-kimya məhsulları və emal sahəsində qlobal tendensiyaların Azərbaycanda “downstream” sektorunun gələcək inkişafına təsiri”, “Qlobal neft bazarının inkişafı: Implications for Caspian and Central Asia markets”, “Downstream bazarlar-Çətinliklər, immanlar və müştərək nailiyyətlər”, “Xəzər regionu-qlobal qaz bazarında” və digər mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, 2016-cı ildən hər il təşkil olunan Forumda Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika strukturlarının, həmçinin aparıcı yerli və beynəlxalq şirkətlərin top menecerləri, sahəsinin öndə gedən ekspertləri, analitiklər, diplomatik korpus nümayəndələri və digər çoxsaylı mütəxəssislər iştirak edirlər. İştirakçılar Azərbaycanın neft-qaz sənayesinin inkişafı, Xəzər regionu və Mərkəzi Asiyada neft və qaz bazarları, karbohidrogenlərin logistika və tranzit potensialı, başlıca ixrac marşrutları, xam neft və neft məhsullarının ticarət dövriyyəsi, neft emalı və neft-kimya müəssisələrinin modernləşdirilməsi, neft və qaz emalı sahəsində innovativ texnologiyalar və bir çox digər sahələrdə çoxsaylı məruzələr və ekspert rəyləri ilə tanış olmaq imkanı əldə edirlər. Forum iştirakçılarının “SOCAR Karbamid”, “SOCAR Methanol”, SOCAR Polymer” zavodlarına və Səngəçal neft terminalına səfərləri nəzərdə tutulub.

Forum aprelin 25-dək davam edəcək.                     

                                                             Ceyhun Piriyev, “İki sahil”