30 iyun 2020 11:25
782

SOCAR-ın ötən il xalis mənfəəti 651 milyon manat olub

SOCAR-ın 2019-cu ildə ümumi dövriyyəsi (gəlirləri) 83,8 mlrd. manat təşkil edib.

SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılıb.

Məlumata əsasən, hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınmış, bunun da 63,7 milyard manatı İsveçrədəki “SOCAR Trading” və “SOCAR Energy Holding” şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb.

Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam etmiş, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib.

“SOCAR 2019-cu ili mənfəətlə başa vurub. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil etmişdir. Uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olmuşdur. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 milyard manatdan çox olmuş, nağd pul vəsaitləri isə 7,1 milyard manata yüksəlib” – SOCAR-dan bildirilib.

Ötən il SOCAR bəzi törəmə müəssisələrində iştirak payını artırıb: SOCAR Polymer şirkətində onun payı 52,15%-dən 57,01%-ə, Bakı Gəmiqayırma Zavodunda 70,21%-dən 87,47%-ə yüksəlib.