04 iyun 2019 14:00
426

SOCAR-ın ötənilki xalis mənfəəti 1,2 milyard manat olub

SOCAR ictimaiyyət qarşısında öhdəliklərinə sadiq qalaraq növbəti - 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, Şirkət ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 milyard manata çatdırıb.

"İki sahil" SOCAR-a istinadən bildirir ki, satışların maya dəyəri 105,5 milyard manat, xalis əməliyyat xərcləri isə 2,1 milyard manat təşkil edib. Ötən ildə şirkətin əməliyyat gəliri artaraq 3,6 milyard manata çatıb. SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olub. Beləliklə, şirkətin xalis mənfəəti 1,2 milyard  manat təşkil edib.

Hesabat ilində Şirkət xam neftin satışından 58,5 milyard manat, neft məhsullarının satışından isə 40,1 milyard manat əldə edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki,  2017-ci və 2018-ci illərdə SOCAR maliyyə göstəricilərini neft böhranından əvvəlki səviyyəyə qaldırmağa nail olub, illəri mənfəətlə başa vurub:  "Ötən il dövriyyədə müsbət saldonun əldə olunmasına əsas etibarilə, dünya neft bazarında qiymətlərin artması, STAR və Polipropilen zavodlarının istismara verilməsi ilə neft-kimya məhsullarından daha yüksək gəlirin əldə edilməsi, “Şahdəniz-2” layihəsi üzrə təbii qaz satışının yüksəlməsi səbəb olmuşdur. Növbəti illərdə yeni layihələrin başa çatdırılması və dayanıqlı istismarı ilə bu müsbət dinamikanı qorumağa çalışacağıq”.

Audit olunmuş maliyyə hesabatlarına görə SOCAR Qrupunun ümumi aktivləri ötən il 62,1 milyard, bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 milyard manat təşkil edib. SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə artaraq 24 milyard manata çatıb.

Qeyd edək ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb.