19 mart 2019 10:26
1636

SOCAR-ın prezidenti neft-qaz sənayesi işçilərini təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Novruz bayramı münasibəti ilə neft-qaz sənayesi işçilərinə təbriki

Əziz neftçilər!

Milli-mənəvi dəyərlərimizin və yüksək bəşəri amalların güzgüsü olan Novruz daim xoşbəxtlik və bolluq, həmrəylik və dostluq bayramı kimi qeyd edilmiş, xalqımızın qədim adət-ənənələrini özündə yaşadaraq nəsildən-nəslə ötürmüşdür. Novruz təkcə baharın carçısı deyil, həm də zəngin mədəniyyətimizin ən qiymətli incilərini özündə birləşdirən bir xəzinədir.

Xalqımız Novruzu əsrlər boyu böyük sevinc və ruh yüksəkliyi ilə bayram etmişdir. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə geniş vüsət alan sosial-iqtisadi inkişaf və misilsiz yüksəliş Novruz tədbirlərinin, kütləvi el şənliklərinin böyük könül xoşluğu ilə qeyd olunması üçün geniş imkanlar açmışdır. İnsanlara təbii nemətlərin qədrini bilmək, onlardan səmərəli istifadə etmək hissini aşılayan bu xeyir-bərəkət bayramı dövlətə, dövlətçiliyə sədaqət, Vətənə məhəbbət, onun uğrunda əzmkarlıq, qarşılıqlı hörmət və yardımlaşma kimi yüksək mənəvi keyfiyyətlərin  cəmiyyətimizdə daha geniş yayılması  üçün sağlam təməllər yaradır.

Xalqımız bu əziz günlərdə Novruzu dövlət bayramı səviyyəsində rəsmiləşdirmiş Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, tariximizin, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, nəsildən-nəslə ötürülməsi üçün tarixi xidmətlərinə görə onun əziz xatirəsi qarşısında minnətdarlıqla baş əyir.  

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması, Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi sayəsində indi bütün dünya Novruzu yüksək dəyərlər, xoş duyğular təbliğ edən rəngarəng, şən, xoş əhval-ruhiyyəli bir bayram kimi tanıyır və təqdir edir.

Əziz neftçilər!

Respublikamızın sosial-iqtisadi həyatında əldə olunmuş misilsiz nailiyyətlər, ölkəmizin müasirləşməsi, xalqımızın maddi rifah halının ilbəil yaxşılaşması naminə həyata keçirilən genişmiqyaslı layihələr möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şah əsərləridir. Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və bu gün inamla davam etdirilən  dayanıqlı inkişaf və tərəqqi strategiyası Azərbaycanı daha nurlu sabahlara aparır, daha uca zirvələrə səsləyir. Bütün bunlar xalqımızın həyat eşqini, qurub-yaratmaq əzmini, daha xoşbəxt gələcəyə inamını artırır.      

Azərbaycan neftçiləri də müdrik rəhbərimizin göstərdiyi  tərəqqi və inkişaf yolunda qürurla addımlayır, qarşılarına qoyulan vəzifələri dərin məsuliyyət duyğusu ilə yerinə yetirir, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın firavan həyatının təminatı üçün fədakarlıqla çalışırlar. Biz bilirik ki, bu yol Azərbaycanı daha böyük qələbələrə aparacaq,  torpaqlarımız tezliklə işğaldan azad olunacaq, Vətənimiz daim çiçəklənəcəkdir.   

Əziz neftçilər!

Bir daha sizi və ailə üzvlərinizi Azərbaycan xalqının ən əziz bayramı olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət, dövlətimizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,

SOCAR-ın prezidenti