06 mart 2020 19:53
3049

SOCAR-ın prezidenti neftçi qadınları təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə neftçi qadınlara təbriki

Əziz neftçi xanımlar!

Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıram.

Azərbaycan cəmiyyətində qadın tarix boyu  sülh və əmin-amanlıq, nəciblik və şəfqət simvolu kimi tanınmışdır. Cəmiyyətimizin əsasını təşkil edən müqəddəs ailə ocağının qoruyucusu ana olmuşdur. Azərbaycan milli düşüncəsində qadının simasında qayğıkeş və fədakar ana, sədaqətli ömür-gün yoldaşı, yetişən nəslin tərbiyəçisi obrazı  cəmlənmişdir. Qədim və zəngin mədəniyyətimizin milli qaynaqlarında qadın həm də Vətəninin və xalqının müdafiəsi, rifahı üçün yorulmadan mübarizə aparan bir varlıqdır. Qadına dərin hörmət və məhəbbət Azərbaycan milli mentalitetinə xas olan başlıca dəyərlərdəndir. Xalqımız ənənəvi dəyərlərini əsrlər boyu qoruyaraq, nəsildən nəslə ötürmüş və müasir dövrümüzə çatdırmışdır. Bu gün Azərbaycan qadınları respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, yüksək bilik və bacarıq, zəngin təcrübə və əzmkarlıq nümunəsi göstərərək, elm və təhsil, mədəniyyət, səhiyyə və digər həyati əhəmiyyətə malik sahələrin inkişafına  misilsiz töhfələr verirlər.

Ölkəmizin dünya birliyinə uğurlu inteqrasiyasında, beynəlxalq aləmdə dinamik inkişafa və zəngin potensiala malik bir mütərəqqi və demokratik respublika kimi tanınmasında qadınlarımız təqdirəlayiq rol oynayırlar. Onlar ölkənin qanunvericilik, məhkəmə və idarəçilik orqanlarında, diplomatik nümayəndəliklərində uğurla fəaliyyət göstərir, sosial-siyasi sabitliyin qorunub saxlanılması, dövlətimizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun gündən-günə artması üçün əllərindən gələni edirlər. 

Möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan dövləti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inamlı rəhbərliyi altında qətiyyətlə addımlayır. Vətənimizin  sosial-iqtisadi yüksəlişində neft-qaz sənayesində çalışan qadınlarımızın rolu əvəzolunmazdır. Onların bir qismi bu bayram günündə də iş başındadır, Vətən və xalq qarşısında vəzifəsini yerinə yetirir. Əminəm ki, Azərbaycanın neftçi qadınları Ulu öndər Heydər Əliyevin qalibiyyətli enerji strategiyasının  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanması,  müstəqil ölkəmizin iqtisadi qüdrətinin durmadan möhkəmlənməsi, xalqımızın rifah halının daha da yüksəlməsi naminə bundan sonra da var qüvvələrini səfərbər edəcəklər.

Əziz neftçi xanımlar! 

Sizi bir daha 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza firavan həyat,  ailə xoşbəxtliyi, işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti