08 avqust 2019 11:46
619

SOCAR-ın prezidenti neftçiləri təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Qurban bayramı münasibətilə neftçilərə təbriki

Əziz neftçilər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi çatdırıram.                                                                                      

Dünya müsəlmanlarının hər il böyük sevinc və fərəh hissi ilə keçirdikləri   müqəddəs Qurban bayramı Uca Yaradanın insanlara bəxş etdiyi xeyirxahlıq, mərhəmət və şəfqət hisslərinin təntənəsini nümayiş etdirir. Bu əziz bayram cəmiyyəti daha sıx birləşdirir, insanları sülhə və əmin-amanlığa, xeyirxah əməllərə səsləyir. Bu bayramda bir-birinə yardım etmək, qohumlara baş çəkmək, zəiflərə, yoxsullara əl tutmaq adətdir. Milli-mənəvi və dini dəyərlərinə həmişə böyük hörmətlə yanaşan Azərbaycan xalqı tarixinin ən çətin dövrlərində belə insanpərvərlik, qayğıkeşlik və mehribanlıq dolu Qurban mərasimlərini böyük ruh yüksəkliyi ilə bayram etmişdir. Birlik və bərabərliyin təcəssümü olan Qurban bayramı cəmiyyətimizin milli-mənəvi əsaslarını daha da möhkəmləndirir, insanlar arasında həmrəylik və tolerantlıq, şəfqət və mərhəmət duyğularını yüksəldir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, Vətən yolunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.

Əziz neftçilər!

Azərbaycan xalqı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və inamlı rəhbərliyi altında misilsiz zəfərlərlə davam etdirilən inkişaf və tərəqqi kursunun uğurlarını böyük qürur və fərəh hissi ilə yaşayır. Bu gün Azərbaycan dünya iqtisadiyyatına müvəffəqiyyətlə inteqrasiya etmiş, hüquqi və demokratik prinsipləri uca tutan müstəqil və nüfuzlu bir dövlətdir. Ölkəmizin qısa müddətdə əldə etdiyi tarixi nailiyyətlərdə siz neftçilərin əvəzolunmaz payı vardır. Sizin fədakar əməyiniz sayəsində regional və qlobal əhəmiyyətli böyük enerji layihələri reallaşdırılmış, böyük neft və qaz ixracatçısı kimi Vətənimizin şöhrəti bütün dünyaya yayılmışdır. Müstəqil dövlətimiz və onun müdrik rəhbəri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev  Sizin bu əzmkarlığınızı daim yüksək qiymətləndirir.  Bu əziz bayram günlərində bir çoxunuz yenə də iş başındasınız, dövlətimizin sizə göstərdiyi yüksək etimadı əməli işlərinizlə doğrultmaq üçün var qüvvənizlə çalışırsınız.

Əziz neftçilər!

Sizi bir daha müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifahı və dövlətimizin iqtisadi qüdrətinin daha da yüksəlməsi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti