22 may 2020 10:18
1604

SOCAR-ın prezidenti neftçiləri təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Ramazan bayramı münasibəti ilə neftçilərə təbriki

Əziz neftçilər!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

İnsanları mənəvi kamilliyə səsləyən, onlara yüksək əxlaqi dəyərlər aşılayan müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan həmrəylik, xeyirxahlıq və şəfqət, ruzi-bərəkət ayıdır. İnsanlara öz nəfsini cilovlamağı, Allahın Yer üzünə bəxş etdiyi nemətlərin qədrini bilməyi öyrədən Ramazan ayı xalqımız tərəfindən ən çətin dövrlərdə belə böyük ruh yüksəkliyi, fərəh və sevinclə qarşılanmışdır. İslam dünyasının bu mübarək bayramı artıq neçə illərdir ki, müstəqil Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Buna görə biz milli-mənəvi və dini dəyərlərimizə dərin hörmət və ehtiramı ilə daim xalqına nümunə olan ulu öndər Heydər Əliyevə borcluyuq.

Ramazan bayramı gənc nəslin Vətənə və millətə sədaqət ruhunda, doğruçul və sağlam, tolerant yetişməsində mühüm rol oynayır. Xalqımız bu bayram vəsiləsi ilə Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşir, hər yerdə dövlətimizin əmin-amanlığı, millətimizin firavanlığı, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dualar oxunur, şəhidlərimizin ruhu ehtiramla yad edilir. Qədirbilən xalqımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin daha da qüdrətlənəcəyinə, milli birlik və həmrəyliyimizin möhkəmlənəcəyinə, düşmən üzərində qəti qələbə çalınacağına inamını ifadə edir.

Əziz həmkarlar!

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında uğurla davam etdirilən inkişaf və tərəqqi konsepsiyası çərçivəsində ilbəil yeni əmək nailiyyətləri qazanan neftçilərimiz ölkə iqtisadiyyatının inkişafına dəyərli töhfələr verirlər. Həyata keçirdiyimiz regional və qlobal miqyaslı layihələr bizim sonsuz qürur mənbəyimizdir. Bu gözəl bayram günlərində siz yenə də iş başındasınız, Vətənimizin və xalqımızın rifahı naminə əzmlə çalışırsınız. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında görülən məqsədyönlü kompleks tədbirlər nəticəsində xalqımız bu gün bəşəriyyəti ağır sınaqlara məruz qoymuş COVID-19 pandemiyası üzərində də qələbə çalmaqdadır. Bütün qələbələrimizin rəhnini Azərbaycan xalqının öz müdrik rəhbəri ətrafında sıx birləşməsi, milli həmrəylik və bütövlüyü təşkil edir. Əminəm ki, bundan sonra da dünya neft sənayesinin ən qədim məskənlərindən olan Azərbaycanın milli-mənəvi dəyərləri ruhunda əzmlə çalışacaq, sələflərinizin şanlı əmək yolunu həmişə olduğu kimi, uğurla davam etdirəcək, dövlətimizin sizə bəslədiyi yüksək etimadı fədakar işinizlə doğruldacaq, verilən tapşırıqların öhdəsindən layiqincə gələcək, qalibiyyətli enerji strategiyasının yeni-yeni uğurlar qazanması naminə qüvvə və səyinizi əsirgəməyəcəksiniz.

Bu mübarək gündə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət dolu günlər, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti