20 yanvar 2021 15:13
730

SOCAR-ın səhmlərinin satışı planlaşdırılmır

“21 dövlət şirkətinin idarəetməsinin tapşırıldığı Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək”.

"İki sahil" xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Biz səhmdarlar və iqtisadiyyat üçün artan dəyər gözləyirik”, - deyə o, əlavə edib.

Nazirin fikrincə, dövlət şirkətlərinin hamısı özəlləşdirilməsə də, investorlar üçün eyni baxış bucağı formalaşdırılmalıdır. Bu isə şirkətlərin idarəçiliyində bir çox dəyişikliklər tələb edir.

“Bu il üçün dövlət şirkətlərinin, o cümlədən Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin satışı nəzərdə tutulmur. Ancaq Azərbaycan yeni özəlləşdirmə proqramını reallaşdırmaq niyyətindədir və biz indiyə qədər təklif etmədiyimiz yeni aktivləri irəli sürəcəyik”, - deyə M.Cabbarov qeyd edib.

“Özəlləşdirmə naminə özəlləşdirmə aparmağı və yaxud konkret müddət üçün özəlləşdirməyə getməyi doğru hesab etmirik. Bu səbəbdən seçimimiz, işləmək və səhmdar dəyəri artırmağa imkan verən investisiya holdinqi qurmaq idi”, - deyə nazir vurğulayıb.

O, həmçinin əlavə edib ki, Qarabağın işğaldan azad edilməsi regionda sabitlik yaratmaqla yanaşı, məhsulların ticarəti və tranziti baxımından Azərbaycanın haba çevrilməsinə şərait yaradacaq: "Regiondakı proseslərdə Ermənistanla da əməkdaşlıq edilə bilər. Prezident İlham Əliyev aydın şəkildə deyib ki, Azərbaycanın heç bir qonşusu ilə problemi yoxdur. Qarşılıqlı əməkdaşlıq bölgədəki bütün ölkələrə fayda gətirəcək. Rusiya, Azərbaycan və Ermənistanın yaratdığı birgə komissiya bu ay işə başlayacaq".