18 noyabr 2019 17:01
1191

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində qanvermə aksiyası - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına əsasən, 2019-cu il 18 noyabr tarixində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində qanvermə aksiyası keçirilib. TTSİ-nin əməkdaşları qana ehtiyacı olan insanların köməyinə çatmaq, talassemiyalı və hemofiliyalı xəstələrə yardım etmək üçün bu nəcib və humanist xarakterli aksiyada fəal surətdə və könüllü olaraq iştirak ediblər. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən edilməklə, qan analizi götürülən şəxslərin sağlam olub-olmamaları müəyyənləşdirilib.

Qeyd etmək lazımdır ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə ediləcəkdir. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Onlar bu cür aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Orxan Vahidoğlu, “İki sahil”