05 avqust 2020 13:49
2173

SOCAR işsiz qalan əməkdaşlarını intensiv təlimlərə cəlb etməyə başlayıb

SOCAR-da boşdayanmaya məruz qalan işçilər üçün intensiv təlimlərə başlanılıb

Avqustun 5-də SOCAR üzrə boşdayanma zamanı intensiv təlimlərə cəlb olunacaq işçilərin təlim ehtiyaclarını müəyyən etmək üçün qiymətləndirilmə prosesinə başlanılıb. Qiymətləndirilmə test imtahanları vasitəsilə SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində həyata keçirilir. Test imtahanlarının ilk günündə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin və Kompleks Qazma İşləri Trestinin 179 əməkdaşı iştirak edib.

Qeyd etmək lazımdır ki, qlobal iqtisadi böhran fonunda neft hasilatının məhdudlaşdırılmasından irəli gələrək minlərlə neft sənayesi işçisi də dünya üzrə boşdayanmaya məruz qalmaqdadır. Lakin görünən odur ki, əksər şirkətlərin işçiləri əsasən kütləvi ixtisarlara məruz qalsa da, SOCAR vəziyyətdən çıxış yolunu kütləvi ixtisarlarda deyil, işçilərini təlimlər vasitəsi ilə daha da inkişaf etdirməkdə və hazırkı tələbata uyğun olaraq müvafiq fərqli fəaliyyət sahələrinə yönləndirməkdə görür.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutub, ölkə qarşısında sosial məsuliyyətimizi dərk edərək biz hətta dünyada hökm sürən böhran şəraitində də kütləvi ixtisarlara yol vermirik, əksinə, işçilərimizi inkişaf etdirmək yolunu seçirik. Əsas qayəmiz yeni rəqəmsal dövrün tələbatına uyğun olaraq, işçilərimizin səriştə və bacarıqlarını yenidən formalaşdırmaq, mövcud olan işçilərimizi lazım olan fəaliyyət sahələrinə yönləndirmək, insanlarımızı qorumaq və şirkətin əməliyyat dayanıqlılığını təmin etməkdir”.

SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirib ki, məsələ ilə  bağlı 4 istiqamət hədəf seçilib. Bunlardan birincisi hasilatın azaldılması prosesi həyata keçirilən zaman boşdayanmaya məruz qalacaq işçilər arasında onların peşəkarlığının və səriştəliliyinin qiymətləndirilməsi nəticəsində daha potensiallı işçilərin qorunub saxlanılması, daha da inkişaf etdirilməsidir. İkinci hədəf  həmin dəyərləndirmənin nəticəsi olaraq boşdayanmaya məruz qalan işçilərin həm təlim ehtiyaclarının, həm də səriştəlilik zərurətlərinin müəyyənləşdirilməsi, buna uyğun təlimlərin təşkil edilməsidir. Üçüncü, zərurət yaranarsa, ikinci peşəyə yönləndirmə də daxil olmaqla onların SOCAR-da mövcud vakansiyalara, həmçinin vakansiya yaranma ehtimalı olan yerlərə yerləşdirilməsidir. Dördüncü hədəf isə SOCAR-ın korporativ sosial  məsuliyyətini təmin etməkdir.

Bildirilib ki, test imtahanları insan faktoru olmadan, elektronlaşdırılmış formada aparılır. İmtahan sualları əvvəlcədən SOCAR-ın rəsmi saytında yerləşdirilib.

Test imtahanları pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun olaraq şəxsi qoruyucu vasitələrlə, sosial məsafə və təmizlik-dezinfeksiyaya riayət etməklə təşkil olunur. Test imtahanlarında iştirak edən işçilərin yekun qiyməti imtahan nəticələri ilə yanaşı, təhsil, təcrübə və s. kimi digər meyarlar əsasında formalaşacaq. Test nəticələri qulluqçu kateqoriyalı işçilərin ümumi qiymətləndirmə balının 50 faizini, ixtisaslı fəhlə kateqoriyasında çalışan işçilərin isə 60 faizini təşkil edəcək.

Növbəti mərhələlərdə qiymətləndirmə nəticələrinə uyğun olaraq işçilərin yerləşdirilməsi və  müxtəlif təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Qiymətləndirmə nəticələrinin formalaşdırdığı reytinq əsasında işçinin həm öz müəssisə və ya təşkilatında, həm də SOCAR-ın digər müəssisələrində mövcud olan və işçinin kvalifikasiya göstəricilərinə uyğun olan vakant vəzifələrdə yerləşdirilməsi planlaşdırılır. Qiymətləndirmə nəticələrindən asılı olaraq işçilər xüsusi və ya ümumi təlimlərə cəlb ediləcək, habelə işçilərin ikinci peşəyə yiyələnməsi üçün də şərait yaradılacaq.

Test imtahanları növbəti həftələrdə də davam etdiriləcək. SOCAR-ın Siyəzən şəhərində fəaliyyət göstərən işçiləri üçün test imtahanları avqust ayının növbəti həftələrində Siyəzən şəhərində keçiriləcək.

Ceyhun Piriyev,

Taleh Bağırov,

Vüsal Cahanov (foto), “İki sahil”