17 yanvar 2019 13:41
1032

“SOCAR karbamid”: idxaldan asılılıq azalacaq, ixrac şaxələndiriləcək

Zavodun hər il xarici ticarət saldosuna 250 milyon dollar müsbət təsir göstərəcəyi proqnozlaşdırılır

Tərkibində 46 faizdən çox azot olan karbamid azot gübrələri içərisində ən keyfiyyətli gübrə sayılır. Tədqiqatlar göstərir ki, torpağa verilən hər ton azot əlavə olaraq 10-15 ton buğda, 30-40 ton şəkər çuğunduru almağa, habelə məhsulun keyfiyyətini daha da yaxşılaşdırmağa səbəb olur. Bu səbəbdən, azot gübrələri dünyada istifadə edilən gübrələrin 75 faizini təşkil edir və bu gübrələrə olan tələbat sürətlə artır.

Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı sənayesi xüsusi əhəmiyyət daşıyır. Bu sektorda ÜDM son 10 ildə 3 dəfəyə qədər, gübrə idxalı isə 5 dəfədən çox artaraq 2018-ci ildə 90 milyon dollara çatıb. Kənd təsərrüfatı sektorunda yerli istehsalın artırılması və xarici komponentlərin aradan qaldırılması ölkəmizin prioritetlərindəndir. Bu minvalla, “SOCAR karbamid” zavodu idxaldan olan asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı və xarici valyuta axınının cəlb olunması baxımından böyük önəm kəsb edir. Ümumi investisiya dəyəri 800 milyon avro olan zavodda  illik 650-660 min ton karbamid istehsal ediləcək. Məhsulların 30 faizi daxili, 70 faizi isə xarici bazar üçün nəzərdə tutulur. Bununla da zavod Azərbaycanın gübrə idxalına olan asılılığını tamamilə aradan qaldıracaq və bu məhsulların idxalı üçün ayrılan xarici valyutanın ölkə ərazisində qalmasına imkan yaradacaq. Zavodda istehsal ediləcək izafi məhsullar isə başda Türkiyə olmaqla Avropa ölkələrinə həm dəmir yolu, həm də Qara dəniz limanı vasitəsilə ixrac olunacaq. Bu çərçivədə gübrə istehlakı baxımından ən cazibədar bazarlardan biri də Türkiyə bazarı sayılır. 2017-ci ildə ölkədə 6,3 milyon ton gübrə istehlak olunub ki, bunun 2,5 milyon tonu idxal edilib. Türkiyə kimi geniş bir bazara daxil olmaq, SOCAR-a, bütövlükdə Azərbaycana əlavə dividentlər qazandıracaq. Beləliklə, karbamidin ixracı ilə hər il ölkəyə 160 milyon dollara qədər əlavə gəlir gətirəcək. İdxal əvəzləməsi və ixrac nəzərə alındıqda, zavodun hər il xarici ticarət saldosuna 250 milyon dollar müsbət təsir göstərəcəyi proqnozlaşdırılır. Nəzərə alsaq ki, karbamidin qiyməti dünya bazarında son iki ildə təqribən 60 faiz artıb və bu tendensiya artan templə davam edir, gələcəkdə zavodun Azərbaycan iqtisadiyyatına verəcəyi mənfəət daha çox olacaq.

“SOCAR karbamid” zavodu ildə 435 milyon m3 təbii qaz həcmidən xam mal kimi istifadə edəcək. Beləliklə, təbii qaz emal olunaraq 2 dəfədən çox əlavə dəyər yaradacaq.

“SOCAR karbamid” layihəsi eyni zamanda ölkədə məşğulluq səviyyəsinin artmasına və işsizlik səviyyəsinin azalmasına təkan verəcək. Belə ki, tikinti işlərinin  ən pik dövründə zavodda 3600 nəfər işçi çalışıb və zavodun istismara başlaması ilə 500 nəfər daimi iş yeri ilə təmin olunacaq. Nəticə etibarilə, “SOCAR karbamid” zavodu ölkəmizin strateji hədəfləri olan qeyri-neft sektorunun inkişafına, idxaldan asılılığın azaldılmasına və ixracın şaxələndirilməsinə dəyərli töhfə verəcək.

Emin Axundzadə,

enerji məsələləri üzrə ekspert,

fəlsəfə doktoru