10 iyun 2019 15:01
420

“SOCAR Karbamid” zavodu ilk ixracını həyata keçirib

Məhsulun ilk alıcısı olan “Integral Petroleum” şirkəti: Azərbaycan karbamidi yüksək keyfiyyətə malikdir

Sumqayıtda yerləşən “SOCAR Karbamid” zavodu ilk ixracına başlayıb. Zavodun məhsulu – karbamid gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına göndərilib.

AZƏRTAC xəbər verir ki, artıq ilk Azərbaycan karbamidini daşıyan “Phobus” və “Coral” gəmiləri limandan yola çıxıb. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və “Caspian EPC” şirkəti karbamidin logistika zənciri prosesini əvvəldən axıradək tənzimləyir və nəzarət edir.

“SOCAR Karbamid”in məhsulunun ilk alıcısı “Integral Petroleum” şirkətidir. Treydinq və logistika şirkəti olan “Integral Petroleum” 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb və hazırda Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələrinin bazarlarında iş görür.

“Integral Petroleum” şirkəti öz məktubunda bütün layihə iştirakçılarına minnətdarlığını bildirib və Azərbaycan karbamidinin yüksək keyfiyyətdə olduğunu qeyd edib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində inşa edilən “SOCAR Karbamid” zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.

“SOCAR Karbamid” zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir. Onun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.