18 fevral 2019 17:56
2227

“SOCAR PETROLEUM” yeni plastik hədiyyə kartlarının satışına başladı

“SOCAR PETROLEUM” QSC-nin informasiya-kommunikasiya texnologiyalarındakı inkişafı davam etməkdədir. Müasir metodlardan istifadə edən və innovativ təşəbbüslərlə çıxış edən “SOCAR PETROLEUM” QSC “Mi fare” texnologiyalı (kontaktsız, yəni POS-terminalsız kart satışının həyata keçirilməsi) xidmətini istifadəyə verdikdən sonra daha bir yeniliyə imza atıb.

“SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli  “İki sahil” qəzetinə bildirib ki, artıq hədiyyə kartlarının satışına başlanılıb və qurum müştərilərinə müxtəlif yanacaq növlərini əldə etmək üçün bu yeni plastik hədiyyə kartlarının üstünlüklərindən faydalanmağı təklif edir.

 

Ü. Həbibbəyli  vurğulayıb ki,  “SOCAR PETROLEUM”un hədiyyə kartları əvvəlcədən ödənişlidir və yanacaq hədiyyə etmək imkanı yaradır: “Alıcıların rahatlığı üçün hədiyyə kartları 100, 200, 300, 500 və 1000 nominalda satışa təklif edilir. Hədiyyə kartları adsız sertifikatlıdır və kartı təqdim edən şəxs onun vasitəsi ilə “SOCAR” yanacaqdoldurma məntəqələrində nominala uyğun məbləğdə istənilən növ yanacaq əldə etmək imkanına sahib olur. Hədiyyə kartlarının balansını “e-manat” ödəmə terminallarında artıraraq istifadəsini davam etdirmək mümkündür”.

Mətbuat katibi  qeyd edib ki, hədiyyə kartlarına sahib olmaq üçün müştərilər “SOCAR” yanacaqdoldurma məntəqələrinə və ya “SOCAR PETROLEUM” QSC-nin ofisinə müraciət edə bilərlər.

Ceyhun Piriyev,

“İki sahil”