10 dekabr 2019 20:05
1230

SOCAR və “Baker Hughes” arasında 3 sənəd imzalanıb

Dekabrın 10-da “Baker Hughes” şirkəti Azərbaycanda ilk dəfə neft və qaz sektorunda məhsuldarlıq, səmərəlilik və təhlükəsizliyi əhəmiyyətli şəkildə dəyişən əsas tendensiyaları müzakirə etmək üçün dünyanın və regionun ideya sahiblərini və texniki ekspertləri bir araya gətirən “Energy Forward” konfransına start verib.

Dekabrın 11-dək davam edən tədbirin proqramına aparıcı regional və beynəlxalq şirkətləri təmsil edən yüksək nüfuza malik spikerlərlə  hövzəsində və dünyanın digər yerlərində neft və qaz sektorunda müşahidə olunan dəyişikliklərin müzakirə olunduğu plenar sessiyalar, habelə rəqəmsal transformasiya, ən müasir intervensiyalar, ağıllı qazma, tam maye həlləri, vəziyyətin monitorinqi və qabaqlayıcı korroziya idarəetməsi, həmçinin sıxılmış ağac və manifold kimi neftçıxarma avadanlıqları barədə geniş texniki sessiyalar daxildir.

Konfransın əsas hissəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edib. Rövnəq Abdullayev ölkəmizin qədim neft və qaz diyarı kimi tanınmasından bəhs edərək dünyada sənaye üsulu ilə neftçıxarmanın və açıq dənizdə neft hasilatının təməlinin Azərbaycan neftçiləri tərəfindən qoyulduğunu xatırladaraq, ötən ay əfsanəvi Neft Daşlarının 70 illiyinin təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb: “Hesab edirəm ki, texnologiya ilə zəngin bir gündəliyə malik olan bu tədbir gələcək illərdə Azərbaycanda və dünyada neft əməliyyatlarının təhlükəsiz, səmərəli, etibarlı və məhsuldar bir şəkildə uğurla davam etdirilməsinə böyük töhfə verəcək”.

Eyni zamanda, Azərbaycanda indiyədək sənaye üsulu ilə  2 milyard tondan çox neft və 900 milyard kubmetrə yaxın təbii qaz hasil edildiyini vurğulayan SOCAR-ın prezidenti hazırda işlənməsi həyata keçirilən, lakin  ehtiyatları tükənmək üzrə olan yataqların sırasına yüz illərlə tarixə malik Bibiheybət, Balaxanı, Suraxanı kimi yataqların mövcud olduğunu qeyd edib: “Bu yataqlar yüksək su tərkibli olmasına baxmayaraq hələ də məhsuldar laylara malik, aqressiv korroziya və eroziya mühiti ilə səciyyəvi yataqlardır.

Bu sıraya ağır neftli qeyri-ənənəvi yataqlar, sahilə yaxın yerləşən  dayazsulu  və özünəməxsus xüsusiyyətlərə malik olan “Bahar”, “Qərbi Abşeron” yataqları, nəhəng Neft Daşları, “Səngəçal-Düvannı-Xərə Zirə” yataqları, “Günəşli” yatağının dayazsulu hissəsi və nəhayət “Bulla”, “Şahdəniz”, “Ümid”, “Abşeron” kimi son dərəcə çətin, yüksək təzyiqli və yüksək temperaturlu yataqlar da daxildir.  

Bütün bunlar indiyə qədər misli görünməmiş, lakin həllini gözləyən çağırışlar deməkdir. Hazırda bir çox aktiv kəşfiyyat işləri həyata keçirilir və planlaşdırılır. Gələcəkdə bizi daha yeni və fərqli çağırışlar və imkanlar da gözləyir”.

Rövnəq Abdullayev son nailiyyətlərdən də danışaraq  bu ilin əvvəlində SOCAR tərəfindən “Ümid” yatağında 6811 metr dərinliyə qazılmış, rekord səviyyədə məhsuldarlığa malik “Ümid-16” qaz-kondensat quyusunu və “Total” şirkəti ilə birgə “Abşeron” yatağında son nəsil “Heydər Əliyev”  yarımdalma qazma qurğusundan 7411 metr dərinliyə qədər qazılmış ən dərin sualtı kəşfiyyat quyusunu xüsusilə qeyd edib.

Rövnəq Abdullayev vurğulayıb ki,  Xəzər dənizində  SOCAR-ın “Kompleks Qazma İşləri” Tresti tərəfindən “Bulla-91” kəşfiyyat quyusunda “Baker Hughes” ilə birgə quyu dibi təzyiqlərin idarəolunması ilə qazma texnologiyası uğurla tətbiq edilməkdədir: “Bunlar bizim ən son texnoloji yeniliklərin tətbiq olunması ilə əldə etdiyimiz mükəmməl birgə nailiyyətlərimizdir. Əlbəttə ki, bu nailiyyətlər yeni texnologiyaların tətbiqi sayəsində mümkün olmuşdur, lakin eyni zamanda bu uğurların qazanılmasında davamlı olaraq yeni əməkdaşlıq formalarının tətbiqi də mühüm rol oynamışdır. Burada ən böyük beynəlxalq neft şirkətləri, podratçı şirkətlər, xidmət və təchizat şirkətləri, elmi araşdırma qurumları, həmçinin təhsil qurumları ilə əməkdaşlıq modellərini qeyd edə bilərəm. 

Biz dünən olduğu kimi, bu gün də  uzunmüddətli əməkdaşlıq modellərinin tətbiqinə tam şəkildə açığıq. Bilirik ki, hasil etdiyimiz karbohidrogen ehtiyatlarının hər bir barrelinə nisbətən növbəti barreli hasil etmək daha çətindir. Odur ki, daha səmərəli, daha dayanıqlı və daha innovativ metodlarla çalışmalıyıq. Yalnız bu şəkildə mövcud uğurları davam etdirərək, yeraltı sərvətlərdən daha çox dəyər əldə edə bilərik.

Təsəvvür edin ki, Azərbaycanda 2 milyard tondan çox neft hasil edilib. Bu, tək  bizim üçün deyil, dünyanın bütün digər neft hasilatı ölkələri  üçün də böyük rəqəmdir. Ancaq, eyni zamanda, bu, o deməkdir ki, əgər biz hal-hazırda çıxarılabilən neftin misal üçün 50 faizini hasil etməyi bacarırıqsa, deməli, yerin altında hələ hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı mövcuddur. Ortaya belə bir sual çıxır ki, nə üçün biz mövcud texnologiyaların sərhədlərini genişləndirməyək və daha çox ehtiyatları hasil etmək üçün iqtisadi cəhətdən sərfəli olan yeni yollar axtarıb tapmayaq?

Dördüncü sənaye  erasının bizə verdiyi misilsiz fürsətlər - “big data” - böyük verilənlər bazasının rəqəmsal analizi, elastik bulud texnologiyaları, yeni məlumatların emal, interpretasiya texnologiyaları və süni zəka - bu alətlər və yanaşmalar bizdən tələb edir ki, daha faydalı nəticələr almaq üçün yeni alətlər və yeni yanaşmalar yaradaq”.

Rövnəq Abdullayev bildirib ki,  SOCAR dəyər zəncirinin bütün həlqələrini - geofizika, quyuların qazılması, əməliyyatların və layihələrin idarəolunması, SƏTƏM, nəql və emal sahələrini əhata edən idarəetmə və qəraralma proseslərində rəqəmsallaşmaya nail olmaq üçün müvafiq yol xəritəsi üzərində müxtəlif texnoloji partnyorları cəlb etməklə böyük əzmlə çalışır: “Digər tərəfdən qlobal birliyin iqlim dəyişiklikləri ilə bağlı getdikcə artan narahatçılığı da başa düşürük  və SOCAR olaraq bilirik ki, dayanıqlı və mənfəətli şirkət, eyni zamanda, təhlükəsiz iş mühitinə malik olmalı, ətraf mühitə və ictimai problemlərə dərin məsuliyyət hissi ilə yanaşmalıdır.  

Bizim uğur yolumuz məqsədəuyğun texnologiya və partnyorluqların tətbiqindən keçir. Eyni zamanda biz bu uğuru tərəfdaşlarımız və aparıcı şirkətlərlə birlikdə qazanmaq istəyirik. Biz, çox ilklərə imza atmış ölkə olaraq bu gün əməkdaşlıq və böyümə sayəsində öz aparıcı mövqeyimizi möhkəmləndirmək istiqamətində inamla irəliləyirik”.

Plenar sessiyada Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və “Baker Hughes” şirkətinin rəqəmsal həllər üzrə vitse-prezidenti Rami Qasem neft sənayesində müşahidə olunan çağırışları və şirkətlərin bu çağırışlara davam gətirəcək çevik və dayanıqlı biznes mühitini necə qurmalı olduqları barədə müzakirə aparıblar.

Qəri Counz bildirib ki, ki, qlobal iqlim dəyişiklikləri bir sıra çağırışlar yaradır və bu çağırışlar üçün şirkətlər birgə çalışmalıdır. Qeyd edib ki, 2040-cı ilə qədər dünyada enerji resurslarına tələbat 30 faiz artacaq: “Tələbatın ödənilməsi təmin edilməlidir. Buna baxmayaraq qlobal iqlim dəyişiklikləri qabağımıza yeni çağırışlar qoyur. Bu çağırışlara cavab vermək üçün bu sahədə çalışan şirkətlər bir araya gəlməlidir”.

Energetika nazirinin müavini Elnur Soltanov vurğulayıb ki,  Azərbaycan atmosferə atılan karbon dioksidin azaldılması ilə bağlı müəyyən beynəlxalq öhdəliklər götürüb və öhdəlikləri yerinə yetirmək əzmindədir: “Azərbaycan kiçik ölkədir, qlobal miqyasda təsir azdır, amma müəyyən öhdəlikləri var. Hökumətin də əsas məqsədindən biri budur”.

Çıxış edən “Baker Hughes” şirkətinin rəqəmsal həllər üzrə vitse-prezidenti Rami Qasem bildirib ki, 30 ildir ki, Azərbaycanla əməkdaşlıq edirlər: “Çünki şirkətimiz tək təchizatçı deyil, həm də tərəfdaş şirkətdir. Biz burada quruda və dənizdə olan bir sıra çətin layihələri icra etmişik. Şirkətimizin burada 350-dən çox heyət üzvü çalışır. Azərbaycanın uğuru bizim üçün böyük nailiyyətdir”.

Konfransda, həmçinin SOCAR və “Baker Hughes” arasında bir neçə sənəd imzalanıb.

İlk sənəd yuxarı axın əməliyyatlarında səmərəli quyuların konsepsiyasının işlənib hazırlanması və icrası ilə bağlı Anlaşma Memorandumudur. Bu layihənin əsas məqsədi yeni quyularda səmərəliliyin artırılması imkanlarının müəyyən olunması və əldə edilməsidir.

Digər sənəd “Baker Hughes” və SOCAR-ın “Neftqazelmitədqiqatlayihə”  İnstitutu arasında imzalanıb. Sənəd SOCAR-ın Azərbaycandakı mövcud qurğusundan səmərəli istifadə əsasında neft sənayesi üçün reagentlərin istehsalını daxildə həyata keçirməyə yol açan razılaşmadır.

Bundan əlavə, “Baker Hughes”, Bakı Ali Neft Məktəbinə “JewelSuite” proqram təminatı üçün lisenziyanın verilməsi barədə təhvil-təslim aktı imzalanıb. Dəyəri 1 milyon ABŞ dollarından artıq olan bu proqram təminatı üçün lisenziyalar tələbələrə Xəzər hövzəsində yeraltı mürəkkəb quruluşları modelləşdirməyə imkan yaradacaq.

Tədbirdə, bundan əlavə, “Baker Hughes” şirkətinin sualtı texnologiyaların gələcəyi ilə bağlı yanaşması - “Subsea connect”, həmçinin qazma və tamamlama işləri üçün qabaqcıl neftçıxarma texnologiyaları nümayiş olunub. Digər bölmə isə karbon və metan tullantılarının azaldılmasına yönəlmiş yeni enerji gələcəyini nəzərdə tutan rəqəmsal həlləri ətahə edib.

Tədbir çərçivəsində, həmçinin “Baker Hughes” tərəfindən ilk dəfə Azərbaycanda təqdim olunan ən müasir texnologiyaların nümayiş olunduğu sərgi keçirilir. Sərgidə Xəzər dənizi regionundan olan bütün ölkələrin təmsilçiləri üçün ən son innovasiyalar və qabaqcıl texnologiyalar, o cümlədən süni zəka, periferik hesablama və yeni nəsil fakelin işinin optimallaşdırılması barədə məlumat əldə etmək imkanı mümkündür.

“Energy Forward” beynəlxalq səviyyədə qabaqcıl təcrübəni və çıxarılmış nəticələri bölüşmək və mühəndislik, elm və məlumatların imkanlarını kəşf etmək məqsədilə dünyanın əsas neft və qaz şirkətlərindən olan 250-dən çox liderləri və əsas tərəfdaşları bir araya gətirən və Xəzər regionunda neft və qaz sektorunun gələcək inkişafı üçün rəqəmsal transformasiya və innovasiyaların nümayiş olunduğu unikal texnologiya tədbiridir.

Qeyd edək ki, “Baker Hughes” dünya miqyasında enerji və sənaye sektorunda fəaliyyət göstərən müştərilərə həllər təqdim edən enerji texnologiyaları şirkətidir. 120 ölkədə fəalliyyət göstərən 100 illik təcrübəyə malik “Baker Hughes”  1990-cı ildən Azərbaycanda fəaliyyətə başlayıb və Xəzər dənizində həyata keçirilən bir sıra kompleks onşor və ofşor layihələr, o cümlədən “Şahdəniz, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və TANAP layihələri üçün neft və qaz avadanlıq və xidmətlərinin aparıcı təchizatçısıdır.

Ölkəmizdə şirkətin 4 məhsulundan - neft xidmətləri, neft avadanlıqları, turbo maşın və proses həlli və  ölçmə, nəzarət və rəqəmli məhsullarından istifadə olunur.

Ceyhun Piriyev, “İki sahil”