17 oktyabr 2019 11:36
1000

SOCAR yeni istiqrazlar buraxacaq

2016-cı ildə buraxılan və vətəndaşlar üçün yeni yatırım fürsətləri təklif edən SOCAR istiqrazları oktyabrın 17-də baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandırıb və istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksəlib.

“SOCAR Capital” şirkətindən bildirilib ki, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 faiz olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR istiqrazlarının 1,25 milyon dollarlıq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

İstiqrazların satış qiymətinin 1046 dollaradək yüksəlməsi, təkrar bazar əməliyyatlarının həcminin 181 milyon dollara çatması, bağlanmış əqd sayının 2000-ə yaxınlaşması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının 32 milyon dolları ötməsi SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.

Kapital bazarları və investorların mənfəətinə cavab verəcək faiz dərəcəsi, müddət və məbləğ sorğu və araşdırmalar nəticəsində müəyyənləşdirildikdən sonra, yeni istiqrazların 2020-ci ilin ilk aylarında buraxılması planlaşdırılır.

SOCAR istiqrazı sahibləri hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda, istiqraz(lar)ı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16 faiz olan Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5 faizlik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10 faizədək enmiş olur.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2020-ci il yanvarın 17-də tarixində baş tutacaq.