07 dekabr 2019 12:02
581

Son 2 ildə deputatlıqdan yüksək vəzifəyə gedənlər - SİYAHI

Son illər Azərbaycanda kadr və struktur islahatları uğurla davam etdirilir. Ölkə başçısının həyata keçirdiyi kadr islahatları çərçivəsində 5-ci çağırış parlamentin bəzi deputatlarına yüksək vəzifə verilib. Ötən illə yanaşı bu il də Prezidentin imzaladığı sərəncamlarla bir neçə Milli Məclis üzvü vəzifəyə təyinat alıb.

Azvision.az son iki ildə deputatlıqdan vəzifəyə gedənlərin siyahısını təqdim edir:

Prezident İlham Əliyevin 2018-ci il aprelin 23-də imzaladığı sərəncamla 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin Milli Məclisdəki deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Dövlət başçısının ötən il aprelin 21-də imzaladığı digər sərəncama əsasən, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

2019-cu il fevralın 11-də 94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Prezidentin bu ilin noyabrın 12-də imzaladığı sərəncamla 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatı Elşad Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Noyabrın 25-də 102 saylı Samux-Şəmkir seçki dairəsinin deputatı, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunub.

Ölkə başçısının dekabrın 4-də imzaladığı sərəncamla 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı Rüstəm Xəlilova Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi həvalə olunub.