05 avqust 2020 17:12
1283

Son hadisələr Ermənistan cəmiyyətində erməni diasporu ilə bağlı mifi xeyli sarsıdıb

«Azərbaycanın cəbhə xəttində, diplomatik müstəvidə əldə etdiyi uğurlar, xaricdə yaşayan həmvətənlərimizin Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi ilə bağlı fəallıq nümayiş etdirmələri təkcə işğalçı ölkənin siyasi dairələrini, ultramillətçi erməni təşkilatlarını deyil, tarix boyu “erməni məsələsi”ndən geosiyasi təzyiq aləti kimi istifadə edənləri, anti-Azərbaycan dairələrini də narahat edir. Azərbaycanın diplomatik müstəvidə həmlələri gücləndikcə, xaricdə yaşayan həmvətənlərimiz öz tarixi Vətənlərinin haqq səsini dünyaya çatdırmaq üçün səfərbər olduqca ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyaları da daha intensiv, daha aqressiv şəkil alır.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində «Xalq cəbhəsi» qəzetinin baş redaktoru politoloq Elçin Mirzəbəyli bildirib.

Elçin Mirzəbəyli qeyd edib ki, dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da "beşinci kolon" nümayəndələrinin missiyası təkcə ölkə daxilində pozucu fəaliyyətlə məşğul olmaqla, himayəsində olduqları xarici dairələrin maraqlarına uyğun təbliğat aparmaqla, siyasi qüvvələr arasında ziddiyyətləri dərinləşdirməklə, cəmiyyəti qütblərə bölməklə yekunlaşmır. "Beşinci kolonu" həm də bu və ya digər ölkəyə qarşı təzyiq mexanizmlərinin işə salınmasına zəmin yaradan klassik "bəhanə generatoru"dur. Bu baxımdan, hər dəfə ölkəmizə qarşı hansısa təxribat kampaniyasına rəvac verilməzdən öncə "beşinci kolon"un maksimal aktivliyinin şahidi oluruq. Mexanizm isə çox sadədir: Sifariş verilir, təxribat qrupları işə salınır, Azərbaycanda guya kimlərəsə qarşı təzyiqlərin həyata keçirildiyi barədə sosial şəbəkələr və əsasən ölkə xaricində fəaliyyət göstərən media qurumları üzərindən göydəndüşmə "fakt"larla zəngin təbliğat kampaniyasına başlanılır, ən müxtəlif ağırlıq dərəcələrində cinayət törətmiş şəxslərə "siyasi məhbus diplomları" paylanılır və "Human Rights Watch", "Amnesty international", "Sərhədsiz reprtyorlar" və digər bu kimi geosiyasi təzyiq mexanizmləri kimi yaradılan təşkilatların böhtan və qarayaxmadan ibarət "hesabatlar" hazırlamaları, öz donorlarının maraqlarını ifadə edən bəyanat və açıqlamalar yaymaları üçün bəhanə bazası yaradılır.

E.Mirzəbəyli vurğulayıb ki, ölkəmizdəki "beşinci kolon" təmsilçilərini öz xarici "həmkarlarından" "fərqləndirən" çox önəmli bir cəhət var. Bu da açıq-aşkar işğalçı Ermənistanın yanında yer alan, Azərbaycanı zəiflətməyə, gücdən salmağa, təslimçiliyə sövq etməyə çalışan bəzi beynəlxalq təşkilatları təmizə çıxarmaq üçün fantastik iddialarla öz ölkələrinə qara yaxmaq cəhdidir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində Ermənistanın sərhəd təcavüzünə qarşı keçirdikləri etiraz aksiyasından və ermənilərin həmvətənlərimizə qarşı törətdikləri vəhşiliklərdən sonra bu tendensiya daha qabarıq nəzərə çarpır. Belə ki, son günlər Azərbaycanın qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin bəzi beynəlxalq qurumları, o cümlədən rəhbərliyində erməni əsilli və erməni sevdalı Sara Li Uiston kimi şəxslərin təmsil olunduğu "Human Rights Watch" kimi təşkilatları erməni diasporunun təmsilçilərinin həmvətənlərimizə və diplomatik nümayəndəliklərimizə qarşı həyata keçirdikləri zorakılıq və vandalizm aktlarını pisləməyə çağırmaları "beşinci kolonu" yenidən hərəkətə gətirib. Onlar Azərbaycan QHT-lərinin, ictimai fəalların ermənilərin vəhşilikləri ilə bağlı beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlərdən diqqəti yayındırmaq üçün dəridən-qabıqdan çıxmağa başlayıblar.

E.Mirzəbəyli xüsusi olaraq diqqətə çatdırıb ki, xatırlayırsınızsa, eyni bəhanə mexanizmləri Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən həyata keçirdiyi hərbi təxribata qarşı, Avropada, Amerikada, dünyanın dörd bir yanında həmvətənlərimizin təşkil etdikləri etiraz aksiyalarına ermənilərin aqressiv, cinayət tərkibli müdaxilələri zamanı da işə salınmışdı. Həmin vaxt "beşinci kolon"un xaricdəki təmsilçiləri - Sevinc Osmanqızı, Arif Məmmədov, Məhəmməd Mirzəli və digərləri azərbaycanlıların öz ölkələrinin, xalqlarının maraqlarından çıxış edərək, Ermənistanın bitmək bilməyən işğalçılıq siyasətinə, hərbi təxribatlarına qarşı keçirdikləri dinc etiraz aksiyalarına ermənilərin vəhşi müdaxilələrini pisləmək əvəzinə, Azərbaycan dövlətini ittiham etməyə, erməniləri təmizə çıxarmağa başlamışdılar. Onlar iddia edirdilər ki, guya bu aksiyaları Azərbaycan hökuməti təşkil edib ki, vətənlərini sataraq xaricə sığınan bu xəyanət dağarcıqlarına qarşı baş verə biləcək hər hansı bir hadisənin məsuliyyəti ermənilərin üzərinə atılsın. Əslində bu, sözün bitdiyi yerdir. Simasızlığın, riyakarlığın, Vətənə xəyanətin ən son həddidir. Azərbaycan xalqının qanına susayan, hər an izimizi tarixi torpaqlarımızdan silməyə hazır olan ermənilərin təmizə çıxarılmasına cəhd göstərməkdən, qarşılığında xalqının haqlı mücadiləsinin yanında yer alanları suçlamaqdan böyük ləyaqətsizlik yoxdur, ola da bilməz. Son hadisələr göstərdi ki, bu adamlar təkcə Azərbaycan xalqının bir parçası kimi deyil, həm də insan olaraq bitiblər.  Son hadisılər isə ilk növbədə Ermənistan cəmiyyətində erməni diasporu ilə bağlı mifi xeyli sarsıdıb. Amma hələ dağılmayıb. Tamamilə dağılması üçün Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum strategiyası fasiləsiz olaraq davam etdirilməlidir. Azərbaycan ərazilərinin işğalına son qoyulmasının yolu həm də Ermənistanın, ermənilərin və erməniliyin əlinin bütün «saman çöp»lərindən üzülməsindən keçir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva
, «İki sahil»