12 dekabr 2019 21:11
920

Sonsuz sevginin ifadəsi

Artıq 16 ildir ki, dekabrın 12-də Fəxri Xiyabanda izdiham müşahidə olunur. Böyükdən-kiçiyə hər kəs ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edir, dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsi önündə ehtiramla baş əyir. Şübhəsiz ki, xiyabandakı izdiham Ulu Öndərə olan sonsuz xalq məhəbbətindən irəli gəlir və bu da onun Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri ilə əlaqədardır.

Bu sözləri Sumqayıt şəhər sakini Firad Əliyev AZƏRTAC-a verdiyi müsahibədə söyləyib.

“Heç kəsə sirr deyil ki, 1993-cü il iyunun 15-də dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitlik yaranmış, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınmış və ölkədə hərtərəfli islahatlar aparılmış, qısa müddət ərzində Azərbaycan güclü dövlətə çevrilmişdir.

Qürurverici haldır ki, Ulu Öndərin müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha da güclənir və xalqımızın rifahı ildən-ilə hərtərəfli yaxşılaşır. Nə qədər Azərbaycan dövləti və xalqı var, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndərin uyuduğu müqəddəs məkan həmişə ziyarət olunacaq və onun parlaq xatirəsi ömür boyu ürəklərdə yaşayacaq”, - deyə F. Əliyev fikrinə yekun vurub.