19 sentyabr 2019 10:30
224

Sosial-iqtisadi islahatlar: Əhalinin məşğulluğu prioritetdir

Neft amilini insan kapitalına çevirmək tezisini islahatları ilə reallaşdıran, qeyri-neft sektorunun genişləndirilməsini insan amilinə diqqətin ifadəsi adlandıran Prezident İlham Əliyevin sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyalarının inkişafı naminə gördüyü işlər ilk növbədə ÜDM-də özəl bölmənin payının artırılmasını təmin edir. 2013-2023-cü illəri əhatə edən dövlət siyasətinin əsas istiqamətlərində də iqtisadiyyatın milli maraqlar və daxili resurslar üzərində qurulması, şaxələndirmə, qeyri-neft sektorunun gücləndirilməsi ilə sabit iqtisadi inkişafa nail olunması, bölgələrdə sosial-iqtisadi vəziyyətin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına çıxarılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili, yoxsulluq səviyyəsinin, işsizliyin minimuma endirilməsi, orta təbəqənin cəmiyyət həyatında rolunun artırılması birbaşa insan amilinə diqqətdir.

“Dövlət siyasətimizin əsasında insan amili dayanır” söyləyən dövlət başçımız İlham Əliyevin əsas tələbi budur ki, ölkədə sağlam biznes mühitinin təkmilləşdirilməsi diqqətdə saxlanılmalı, makroiqtisadi sabitlik qorunmalı, istehlak bazarına nəzarət gücləndirilməli, bu sahədə aparılan islahatlar davam etdirilməli, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməli, inhisarçılıq halları aradan qaldırılmalı, lazımsız yoxlamalara son qoyulmalıdır.

Məqsəd bölgə əhalisinin daha çox maraq göstərdiyi kiçik və orta sahibkarlığı gücləndirmək, fermerlərə və iş adamlarına göstərilən maddi, mənəvi, hüquqi dəstəyi artırmaq, şəffaflığı və operativliyi təmin edən “bir pəncərə” sisteminin əhatə dairəsini genişləndirməkdir.

İnsanların rahatlığı, ölkə vətəndaşlarının sosial müdafiəsinin etibarlı təminatı istiqamətində aparılan siyasətin bariz nümunəsi şəhid ailələrinə verilən birdəfəlik 11 min manatlıq ödəmələrdir. Cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdən olan əmək haqqı və pensiya islahatlarının davam etdirilməsi, məcburi köçkün və qaçqınların, əlillərin, şəhid ailələrinin mənzillərlə, avtomobillərlə təminatıdır. Respublikanın 30-dan çox şəhər və kəndində 100-dən artıq müasir qəsəbələrin salınması heç bir ölkədə anaolqu olmayan qayğı, insanların sosial müdafiəsinin uğurlu təşkilidir.

Cənab İlham Əliyevin sərəncamları əsasında cari ildə pensiya və əməkhaqlarının, müavinətlərin bir neçə dəfə artırılması, sentyabr ayının 1-dən etibarən yeni qaydalarla ödəmələrin tətbiqi ölkədə insan amilinə verilən dəyərdir.

Sərəncamlara əsasən Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan sosial müavinətlər, tələbələrin təqaüdləri də artırılmışdır. Önəmli məsələ olan problemli kreditlərlə bağlı çətinliklərin aradan qaldırılması da ailələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir . “Digər məsələ vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı idi. Çoxmənzilli binalarda yaşayan vətəndaşlar əziyyət çəkirdilər, çünki o binalarla bağlı sənədləşmə işləri aparılmamışdır, müəyyən çatışmazlıqlar var idi. Ona görə bu məsələ ilə bağlı da Fərman imzalandı və indi komissiya işləyir. Artıq evlərin, mənzillərin sənədləşməsi prosesi başlamışdır. Mən bu yaxınlarda göstəriş vermişdim ki, bu işlər daha da sürətlə getsin və o qüsurlar tezliklə aradan qaldırılsın, bu məsələ də öz həllini tapsın” söyləyən cənab İlham Əliyev hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi.

Şamaxıda, Ağsuda, İsmayıllıda baş verən zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün xüsusi tapşırıqlar verən dövlət başçımız İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təbii fəlakətin baş verdiyi bölgələrdə olmaları, vaxtaşırı aparılan işlərin gedişi ilə maraqlanmaları vətəndaşlara göstərilən qayğının ifadəsidir.

Ümumiyyətlə, son vaxtlarda həyata keçirilən sosial islahatlar nəticəsində üç milyon insan imzalanmış Sərəncam və fərmanlardan bu və ya digər formada faydalanmış, vətəndaşların maddi vəziyyəti yaxşılaşmış, insanları narahat edən problemlər həll olunmuş, yeni iş yerləri açılmışdır.

Sevindirici haldır ki, ölkəmizdə h

əyata keçirilən sosial islahatlar, “ASAN xidmət” layihəsi qabaqcıl təcrübə kimi beynəlxalq səviyyədə öyrənilir, bəyənilir. BMT-nin qlobal inkişafla bağlı bütün təşəbbüslərində iştirak edən, çağırışlarına qoşulan Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsi ölkəmizdə məşğulluq siyasətinin davamlı olmasına imkanlar yaradır. Azərbaycan BMT-nin üzvü olan dövlətlərin iştirakı ilə təşkilatın Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş və qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri adlanan 17 məqsədi və bu məqsədlərə müvafiq olaraq müəyyən edilmiş 169 hədəfi özündə birləşdirən “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf gündəliyi” razılaşmasına da qoşulub.

“Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək” söyləyən Prezident İlham Əliyevin diqqət yetirdiyi məsələlərdən biri də əhalinin məşğulluq səviyyəsinin artırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanının tətbiqi ilə bu sahədə aparılan islahatlar sürətləndirildi. Pilot layihələr hazırlandı. “ABAD”, bu istiqamətdə yaradılan mərkəzlər sahibkarları, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələri müasir standartlara uyğun zəruri avadanlıq, texnologiyalarla təchiz edir, xammalın hazır vəziyyətə gətirilməsinə yardım göstərir.

Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır. “ABAD” iştirakçı ailələrə hüquqi təlimlər keçərək maliyyə-mühasibatlıq sahəsində, məhsulların regionlardan satış mərkəzlərinə daşınması üçün də yardımlar göstərir. “ABAD”ın əməkdaşlıq etdiyi şirkətlər tərəfindən məhsullar toplanılır, vahid mərkəzlərdən satış yerlərinə çatdırılır. Bu isə əlavə vaxt və vəsait sərfini aradan qaldırır.

Bir sözlə, Azərbaycanda qeyri-formal əmək münasibətlərindən formal əmək münasibətlərinə keçidin stimullaşdırılmasına yönələn institusional və praktiki platformanın formalaşdırılması, vətəndaşların məşğulluğunun təmin edilməsi, iş yerlərinin yaradılması, insanların əmək və sosial hüquqlarının qorunması, maddi və sosial tələbatlarının ödənilməsi yeni islahatların əsas hədəflərindəndir.

Azərbaycan brendi kimi təcrübəsi dünyada təbliğ olunan “ASAN xidmət”, Ailə Biznesinə Asan Dəstək (ABAD), Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “ Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) son illərdə həyata keçirilən, maraq doğuran layihələrdəndir. Dövlətin sosial siyasətinin mühüm istiqamətlərini təşkil edən sistemin təkmilləşdirilməsinin nümunəsi olan bu layihələrin hər biri əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış DOST Agentliyinin Konsepsiyasında qeyd olunduğu kimi, sosial xidmətlər sisteminin şəffaflaşdırılması istiqamətində aparılan islahatların tətbiqi ilə mühüm keyfiyyət dəyişikliyinə nail olunacaq.

2019-2025-ci illərdə Bakıda və respublikanın rayonlarında mühüm keyfiyyət dəyişikliyi üçün imkanları artıran 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər şəbəkəsinin fəaliyyəti, müasir texnologiyaların tətbiqi ilə əmək, sosial müdafiə, məşğulluq xidmətlərinin əhatə dairəsi genişlənəcək, əhaliyə səyyar xidmətlər göstəriləcək.

Ölkəmizə gələn qonaqları heyran edən bu yeniliklər qaragüruhçu radikal müxalifətin keyfinə soğan doğrayır. Görülən işlərə qara yaxmağa vərdiş etmiş radikallar gündəmdə qalmaq üçün indi də “işsizlik axtarışı”na başlayıblar.

Bəllidir ki, sadalanan, nikbinlik yaradan belə statistik rəqəmlərə kölgə salmaq üçün təxribatlar aparan radikalların, müxalif baxışlı ekspert və bloqçuların “işsizlik statistikası” ilə bağlı manipulyasiya cəhdləri xarici ölkələrdən idarə olunan xəyanətkarların qrant naminə apardıqları təxribatlardır. Radikalların əsası olmayan şərhlərinin əksinə olaraq ölkədə işsizliyin minimuma endirilməsi üçün daha önəmli islahatlar aparılıb. Statistik rəqəmlər müxalifət funksionerlərinin və radikal düşüncəli bəzi ekspertlərin iddialarının əsasssız olduğunu təsdiqləyir. Yuxarıda qeyd olunduğu kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri əhalinin məşğulluq səviyyəsinin artırılmasıdır. Belə ki, 2003-2018-ci illər ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. 2019-cu ilin iyulun birinə olan işsizliyin səviyyəsi - 4,9% ,işsiz əhalinin sayı - 252,8 min nəfər olub. Kişilər arasında işsizlik 4,3% (106,3 min nəfər), qadınlar arasında 5,6 faizdir. Hazırda ölkə üzrə əmək qabiliyyətli yaşda olan əhalinin sayı - 6814,0 min, iqtisadi fəal əhalinin sayı isə 5168,0 min nəfərdir. Əmək qabiliyyətli yaşda olan iqtisadi fəal əhalinin (kişilər 15-64 yaşda, qadınlar 15-61,5 yaşda) sayı 5103,1 min nəfərdir.

Əmək qabiliyyətli yaşda olan iqtisadi qeyri-fəal əhalinin     (kişilər 15-64 yaşda, qadınlar 15-61,5 yaşda) sayı - 1646,0 min nəfəri təşkil edir. İqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslərin sayı 150,5 min, muzdla işləyənlərin sayı 1613,8 nəfərdir. Dövlət sektorunda 902,4 min, özəl sektorda isə 711.4 min nəfər vətəndaş çalışır.

Belə ki məşğul əhalinin sayı - 4915,2 min nəfərdir.

Təkcə cari ildə həyata keçirilən islahatları sadalamaqla ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara qarşı aparılan qara piarın əsassız olduğunu görmək olar.

Məşğulluq xidməti orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olanlar 198.286 nəfərdir. İşlə təmin olunanların sayının 60 475 nəfəri ötməsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6 % artım deməkdir.

Dövlət şirkətləri tərəfindən 20 000 nəfər sosial işçinin müqaviləsi uzadılmış, cari ildə əlavə 6 min iş yeri yaradılmışdır. (SOCAR - 3 min, “Azərişıq” ASC - 2300, “Azərenerji” -700)

1243 nəfərə ödənişinin orta aylıq məbləği 227.6 manat olmaqla işsizlikdən sığorta haqqı ödənilib.

Özünüməşğulluq proqramına qoşulanların sayının cari ilin sonunadək 10 000 nəfərə çatdırılması planlaşdırılır. Qeyri-formal məşğulluqla mübarizəyə diqqət artırılıb. DOST İş Mərkəzi tərəfindən 38 min iş yeri yaradılıb, 40 minə yaxın vətəndaşa göndəriş verilib. 1190 nəfər, xüsusilə gənc və evdar qadınlar peşə hazırlığına cəlb edilib, 67 033 şəxsə peşəyönümlü məsləhətlər verilib. İşsiz və işaxtaranlar üçün respublikasının müxtəlif rayon və şəhərlərində mütəmadi olaraq əmək yarmarkaları təşkil edilir

Məşğulluq alt sistemində yaradılan “Vakansiya Bankı”nda yerləşdirilən” yeni və ya boşalan iş yerləri (vakansiya) barədə məlumatlarla hər kəs tanış ola bilər.

Göründüyü kimi, radikal müxalifin respublikamızdakı işsizliklə bağlı sərsəmləmələri yalnız manipulyasıya, ölkəmizdə sürətlə davam edən sosial-iqtisadi inkişafımıza qərəzli yanaşmadır. “Əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək. Tam əminlik var. Ölkə uğurla inkişaf edir. Ölkəmizdə sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Siyasətimizə göstərilən dəstək bizi gücləndirir. Əlbəttə ki, biz daha inamla irəliyə, nikbinliklə gələcəyə baxırıq. Çünki ölkə qarşısında duran bütün vəzifələr icra edilir” söyləyən cənab İlham Əliyevi dəstəkləyən Azərbaycan xalqı ölkəmizin daha da qüdrətlənməsi naminə dövlət başçımızın ətrafında daha sıx birləşir.

Xugaman İsmayılqızı,

“İki sahil”