21 iyun 2019 10:12
1509

Sosial islahatların yeni mərhələsi

Bir neçə gün bundan öncə  dövlətimizin başçısı cənab İlham Əliyev xalqın rifahı naminə növbəti uğurlu addım atdı. Bununla da Prezident İlham Əliyevin islahatlar yolu ilə başlatdığı sosial inqilabın növbəti mərhələsinə start verildi. Müəllimlərdən tutmuş hərbi qulluqçulara, özəl və dövlət sektorunda çalışanlara qədər 2 milyondan artıq vətəndaşın əməkhaqqının artması ilə nəticələnən sərəncamlar cəmiyyət tərəfindən sevinclə qarşılandı. Xüsusilə minimum əməkhaqqının 40 faiz artırılaraq, 180 manatdan 250 manata çatdırılması ölkədə yaşayış səviyyəsinin yüksəlməsinə birbaşa təsir edən qərardır. Məqsəd xalqın sosial rifahının daha da yaxşılaşdırılmasıdır və dövlət başçısının atdığı addımlar bir daha sübut edir ki, “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisi prioritet istiqamətdir.

Milli Məclisin deputatı Eldəniz Səlimov məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, son sərəncamlarla ölkə Prezidenti bir daha Azərbaycan vətəndaşının yanında, onun sosial-iqtisadi durumunun, güzəranının yaxşılaşmasında maraqlı olduğunu göstərdi: “18 iyun tarixində imzalanmış sərəncamlar Azərbaycan əhalisinin, ölkə vətəndaşlarının önəmli bir təbəqəsinin sosial rifah halının yaxşılaşmasına mütləq şəkildə öz töhfəsini verəcəkdir. Bu sərəncamlar gerçəkdən tarixi və inqilabi sərəncamlardır. Hesab edirəm ki, bu sənədlər sonuncu olmayacaq, indiyə qədər olduğu kimi, bundan sonra da bu addımlar, bu artımlar davamlı xarakter daşıyacaq”.

“2018-ci ildə Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar şəffaflığın səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli ikişafını təmin etdi” deyən Milli Məclisin deputatı Tahir Mirkişili isə bildirdi ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasiyanın həcminin kiçik olmasında, ixracın həcminin çoxalmasında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi: “2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əmək haqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artmasına, problemli kreditlərin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi”.

Deputat onu da qeyd etdi ki, dövlət başçısının növbəti sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial islahatların yeni mərhələsi başladıldı: “Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50% artırılmasını nəzərdə tutur. Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Xatırladım ki, minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcəkdir. Digər tərəfdən, dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq mühafizə orqanlarında çalışanların və s. əməkhaqqlarının 20-40% artırılması insanların maddi rifah halına mühüm dəstək olacaqdır. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması artımın real dəyərinin yüksək olmasına imkan yaradacaqdır. Bütövlükdə Prezident sərəncamları ilə əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaqdır. Dövlət büdcəsinin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaqdır. Əməkhaqlarının artımı həm də iqtisadi aktivliyi artıracaqdır”.

Mənsumə Babayeva, “İki sahil”