15 mart 2019 10:29
112

Sosial müdafiə sistemi: müasirlik, şəffaflıq, əlçatanlıq

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması təsadüfi deyil. Çünki  son illər respublikamızda  əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, yeni iş yerləri açılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.

Bununla yanaşı, dövlət başçısının sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların da uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaradıb. Digər tərəfdən, əmək və əhalinin sosial müdafiə sistemində müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün mütərəqqi islahatlar davam etdirilib.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə şərait yaradan, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm Fərman və sərəncamların imzalanması, habelə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm önəm daşıyıb.

Respublikamızda həyata keçirilən sosial siyasət insanların sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. Bu baxımdan 2019-cu ilin dövlət büdcəsinin layihəsində büdcənin sosialyönümlülüyü təmin edilib və bütün sosial proqramların icrası ilə bağlı qarşıya qoyulan vəzifələr öz həllini tapıb.

Həmçinin minimum əməkhaqqının, pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılması, eyni zamanda, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır. Ölkəmizdə reallaşan sosial siyasət nəticəsində cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminatlar sistemi yaradılıb, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi təmin olunub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanaraq həyata keçirilir.

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı 800 mindən çox insanı əhatə edən Fərmanı xüsusi diqqət və qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli, pensiyaların sığorta hissəsinin, təqaüdlərin, bütün sosial müavinət növlərinin artırılması,  dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarında dəyişikliklər edilməsi, mədəniyyət işçilərinin maaşlarının artırılması və s. bunun bariz nümunəsidir.

Bütün bunlar, eləcə də son aylar sosial müdafiə sistemində atılan addımlar əhalinin hər bir təbəqəsi tərəfindən müsbət qarşılanır, xalq-iqtidar birliyinin güclənməsində mühüm amilə çevrilir.

Göründüyü kimi, aparılan islahatlar və əldə olunan nəticələr, ilk növbədə, dövlət başçısının vətəndaşların rifah halının yüksəldilməsi məsələsinə son dərəcə həssas və diqqətlə yanaşdığını nümayiş etdirməklə yanaşı, bundan sonra da Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”