KÖŞƏ

Mənsumə Babayeva

Sosial şəbəkə “qəhrəmanları”

21 avqust 2019 22:56
2702

Və yaxud hər söyüşün öz qiyməti var

Məlum olduğu kimi, bir neçə ildir ki, dağıdıcı müxalifət partiyalarının fəalları, o cümlədən xaricdə formalaşan bir qrup söyüşkən mühacir dəstəsinin üzvləri Azərbaycan dövlətinə, xalqına qarşı təxribatlarla məşğuldurlar. Sosial şəbəkələr vasitəsilə aparılan antiazərbaycan kampaniyalarının, təxribat xarakterli çağırış və fəaliyyətlərin başında isə siyasətdən xəbərsiz olan 4-5 mühacir gədə-güdə dayanır. Bu qrupun aktiv üzvlərindən olan Orduxan Teymurxan və digərlərinin anormal çağırışları və videoçəkilişləri, eləcə də radikal statusları onsuz da xalq tərəfindən qəbul edilmir. Sözsüz ki, hər kəs yaxşı bilir ki, Orduxan və onun kimilər üçün vacib amil xalqın onu dəstəkləməsi deyil, onun üçün əsas olan xaricdəki ağalarından aldığı qrantlar hesabına Avropada rahat həyatına davam etməkdir ki, məhz bu səbəblə də sosial şəbəkələrdə özlərini “qəhrəman” kimi göstərməkdədirlər.

Bu günlərdə Baş nazirin müavini, YAP Sədrinin müavini- icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır: “Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlöhv adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.  

Politoloq Zaur Məmmədov bu məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki,  indiyə qədər dünyadakı heç bir inqilabın xalq tərəfindən reallaşması mümkün olmayıb və olmayacaq da: “Ən yaxın tarixdən bizim yaxşı bildiyimiz Ukrayna, Qırğızıstan, Misir, Liviya və başqa ölkələrdə baş verən “xalq hərəkatları”, “demokratik dəyişikliklərin” arxasında ayrı-ayrı güc mərkəzlərinin olduğu faktlarla sübut olunmuşdur. Təbii ki, Azərbaycan da qlobal siyasi proseslərin bir oyunçusu olaraq bu hadisələrdən sığortalanmayıb. Ona görə də kifayət qədər ayıq olmaq və hadisələrə adekvat qiymət vermək lazımdır. Bu gün özlərini mühacir adlandıran bəzi “Youtube” qəhrəmanları böyük pullar arxasınca xaricə qaçaraq bloggerlikdən kifayət qədər maliyyə qazanırlar. Hamıya məlumdur ki, indi dünyada kibermüharibə, seçki proseslərinə müdaxilə gedir ki, hətta ABŞ kimi dövlətin milli təhlükəsizlik orqanlarının illik açıqlamalarında son zamanlar məhz bu mövzunun ən aktual olduğu göstərilir. Bəli, tənqidlə diqqəti cəlb etmək asan məsələdir. İnsanlar tənqidi sevir. Lakin bu şəxslər xalqın gözündə qəhrəman deyillər, ola da bilməzlər. Çünki onların arxasında istər daxildəki, istər xaricdəki ayrı-ayrı güclərin olması aydınlıqla görünməkdədir. Hansı sadə Azərbaycan vətəndaşı xaricə gedərək asanlıqla maliyyə əldə edə bilər? Yalnız siyasi hakimiyyəti tənqid etmək, dövlətini tənqid etmək amalında olan və bunu utanmadan edən şəxslər. Məgər bu gün dünyada Azərbaycandan daha pis vəziyyətdə yaşayan dövlət yoxdur? Amma bəlkə də yeganə “müxalif bloggerlər” bizdədirlər ki, hansılar ki, asanlıqla öz liderinə, öz xalqına qarşı xaricdə istədiyi sözü ağızlarına almağa belə utanmırlar. Çünki hər söyüşün öz qiyməti var. Kənardan baxarkən çox utanvericidir. Bu gün siyasətdən uzaqda duran, işi olmayan hansı azərbaycanlı “Youtube” kanalının təkcə reklamına ayda 5000-15000 arasında pul xərcləyə bilər? Xaricdə və daxildə yaxşı şəbəkələşmiş bu qrupların əslində bir məqsədi var: o da hakimiyyəti tənqid etməklə Qərb fondları, xüsusi xidmət orqanları və ayrı-ayrı havadarlarının dəstəyi ilə milyonlar qazanmaqdır. Onlar milyonları artıq qazanıblar və qazanmaqda davam edirlər. Lakin qazanmağa müyəssər olmadıqları bir şey var. Siyasi karyeralarının çoxdan bitdiyi bu qrupların hansı məqsədlə “vətənpərvər” libasına girərək xalqa teatr göstərdikləri ifşa olundu. Beləliklə, işləməyərək lüks həyat şəraitində Avropanın müxtəlif ölkələrində yaşayan bu şəxslər aldıqları maliyəyə görə tənqid etməlidirlər, edirlər də. Bu, onların “işidir”. Bizim isə vəzifəmiz milli dövlətçiliyin inkişafına mane olan, dövləti xaos və anarxiyaya çevirmək istəyən istər ayrı-ayrı Qərb institutları, fondlarına qarşı, istərsə də saxta “vətənpərvər internet qəhrəmanlarına” qarşı ayıq olmaqdır”.