24 fevral 2020 16:12
1165

Soyqırımlarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir

75 il əvvəl birgə səylərlə faşizm üzərində Qələbə bizə ümid verdi ki, bu fəlakət tarixin girdabında qalacaq. Əfsuslar olsun ki, etnik, dini və siyasi münaqişələrlə yadda qalan sonrakı illər bu ümidlərin puça çıxdığını göstərdi.

Bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Budapeştdə keçirilən “İnsani faciələrin izləri: vətəndaş fəallığının gələcəyi” adlı beynəlxalq konfransın açılışında çıxış edərkən deyib.

Dünyanın “qırmızı xətt”ə yaxınlaşdığı barədə xəbərdarlıq edən natiq vurğulayıb ki, bu səbəbdən zəruri tədbirlər təkcə dövlət və siyasi təşkilatlar səviyyəsində deyil, həm də qeyri-hökumət təşkilatları və ayrı-ayrı şəxslər səviyyəsində görülməlidir. “Ehtimal edilən və baş vermiş soyqırımlarının və kütləvi qətllərin gələcəkdə qarşısının alınması üçün onların səbəbi fəal şəkildə müzakirə edilməlidir”, - deyə Azərbaycan diplomatı bildirib.

Xatırladaq ki, bugünkü konfrans Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilib. İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Sosial Birlik uğrunda Avropa Müsəlman Təşəbbüsü və Soyqırımı və Kütləvi Qırğınlara qarşı Budapeşt Mərkəzi konfransın təşkilatçıları qismində çıxış edirlər. //AZƏRTAC