27 oktyabr 2020 18:41
2903

Spirtli içki aludəçisi olan tanınmış simalar

Ernest Heminquey

Klassik  Amerika  ədəbiyyatının  banisi olan, bütün dünyada əvəzolunmaz əsərləri ilə tanınan məşhur yazıçı Ernest Heminquey uzun illər ərzində spirtli içkilər qəbul edib. Nobel və Pulitzer mükafatçısı Ernest alkoqol düşkünü olsa da, ən sevdiyi  mohito - ağ rom, limon və nanə yarpaqlarından ibarət az alkoqollu içki - olub. Hətta romanlarının  əksəriyyətini  yazıçı sərxoş olarkən yaradıb. Məsələn, belə əsərlərdən biri də "Qoca adam və dəniz" əsəri olub. Ən sevdiyi şüarı isə budur: "İçki - günün ən yaxşı sonluğudur". Deyilənlərə görə,  "Qanlı Meri" kokteylinin yaradıcısı məhz Ernest Heminquey olub.

Corc Best

Corc  Best  Britaniya futbol tarixinin ən məşhur oyunçularından biridir. O, "Mançester Yunayted" klubunda 11 il ərzində aparıcı futbolçu olub. Yarımmüdafiəçi ampluasına malik Best Şimali İrlandiya yığmasının şərəfini də qoruyub. O, alkoqolizmdən ciddi əziyyət çəkib və 2003-cü ildə yeni böyrək köçürülməsindən sonra səhhəti normallaşsa da, 2 il sonra, 59 yaşında vəfat edib.

Ben Afflek

Bu yaraşıqlı kişi isə alkoqol düşkünüdür. O, Hollivudun ən məşhur alkoqoliki hesab olunur. Məhz bu vərdiş onun ailəsinin dağılmasına səbəb olub, hətta karyerasına da mənfi təsir göstərib. Lakin dəfələrlə tərgitməyə cəhd etsə də, aktyor içkidən əl çəkə bilmir.

Uilyam Folkner

Daha bir alkoqol sevər yazarlardan biri Uilyam Folkner Nyu Orleansda yaşadığı dövrdə yazıçı dostları ilə axşamlar görüşər, bara gedib gecə saat 2-yə qədər içərmiş. Onun ən çox sevdiyi içki isə "Mint julep" , yəni nanəli kokteyl olub.Bütün ömrüboyu bu pis vərdişdən azad olmaq istəsə də, buna nail olmayıb.

Cozef Makkarti

ABŞ senatoru olan Cozef  Makkarti də spirtli içki aludəçisi olub. Senatda Viskonsin ştatını təmsil edən Makkarti 1950-ci illərin əvvəllərində ABŞ-da kommunistlərə rəğbət bəsləyən şou-biznes nümayəndələrinə qarşı təqibləri ilə mənfi populyarlıq qazanmışdı. 1954-cü ildə Senat komissiyası onun bu addımlarını mənfi qiymətləndirərək, haqqında məhdudlaşdırıcı qərarlar vermişdi. Depressiv halda olan Makkarti ömrünün son illərini içki aludəçisi kimi yaşamışdı. O, 48 yaşında içkinin yaratdığı fəsadlardan vəfat etmişdir.

F. Skot Fitscerald

Ən böyük amerikan yazıçılarından olan Skot Fitscerald məktəb illərindən spirtli içli içməyə başlayıb. Əsərlərinin  gətirdiyi pul və şöhrət onun əyləncə həyatını da dəyişib. O qədər içkiyə aludə olub ki, ürəyi zəifləməyə başlayıb və 44 yaşında həyatını itirib. İçkiyə aludəçiliyinə həmişə belə haqq qazandırarmış: "Əvvəlcə bir içki alırsan, sonra bir içki digərini alır və sonra içki səni alır". Tünd alkoqollu içki sayılan "cin riki" onun sevimli içkisi olub.

Truman Kapot

"Tiffanidə səhər yeməyi" romanının müəllifi olan amerikalı yazıçı Truman Kapot  günə bir dubl "Martini" ilə başlayarmış və günü beləcə davam etdirirmiş. İçki düşkünlüyünü müalicə etmək üçün xəstəxanada müalicə olunsa da xeyri olmayıb. Sərxoş vəziyyətdə qatıldığı bir televiziya proqramında: "İçirəm, çünki başqa cür tab gətirə bilmirəm", - söyləyib.

Edith Piaf

Fransanın məşhur pop müğənnisi olan Edit Piaf uzun illər boyunca alkoqolizmdən əziyyət çəkib. Sevdiyi adamı təyyarə qəzasında itirən müğənni  bu hadisədən sonra dərin depressiyaya düşür, hətta intihar etmək istəyən xanımı yaxın dostu ölümdən xilas edir. Lakin acılarını unutmaq üçün spirtli içkilərin təsiri ilə reallıqdan qaçmaq istəyir. Uzun müddət ərzində alkoqolizmdən müalicə olunan  Edit Piaf bu xəstəlikdən heç bir zaman qurtula bilmir. Spirtli içkinin təsiri altında olan məşhur müğənni 1951-ci ildə böyük bir avtomobil qəzasına düşür və qəza nəticəsində qolu və iki qabırğası qırılır.

Cek Keruak

XX əsr Amerika ədəbiyyatının ən önəmli simalardan biri olan Cek  Keruak spirtli içki aludəçisi olub. Cek  qısa həyatı boyunca, bir çox önəmli əsərlərə imza atıb. Onun məşhur "Yol” romanı bu gün də ən çox oxunan ingilisdilli bədii əsərlər sırasındadır. Alkoqolizmdən əziyyət çəkən istedadlı  yazıçı 47 yaşında qaraciyər serrozundan vəfat edib.

Mel Gibson

 Məşhur Avstraliya-Amerika əsilli kinoaktyor, rejissor, ssenarist və prodüser olam Mel Gibson 13 yaşından spirtli içkidən istifadə etməyə başlayıb. Uzun illər ərzində bu zərərli vərdişdən azad olunmaq üçün müalicə alsa da, təəssüflər olsun ki, heç bir xeyri olmayıb. Sərxoş məşhurun qanunla da  problemləri olub,o hətta bir neçə dəfə polis məntəqəsinə aparılıb.

Emmi Uaynxaus

Emmi Uaynxaus XXI əsrin ən istedadlı musiqiçilərindən biri idi. Emmi gənc yaşlarından alkoqol  və narkotik maddələri istifadə etməyə başlamışdır və bu pis vərdişlər onun  27 yaşında  həyatını itirməsilə sonlanır.

Vladimir Vısotski

Rusiyanın məşhur  sovet şairi, aktyoru və müğənnisi olan Vladimir Vısotski, həmçinin spirtli içkilərin aludəçisi olub. Vısotskinin yeddi simli gitarada ifa etdiyi pafoslu mahnılar bütöv bir sovet nəslinin dünyagörüşünə önəmli təsir göstərmişdi. O, gənc yaşlarından spirtli içkilərdən istifadə etməyə başlayıb və  təəssüflər olsun ki, 1980-ci il iyulun 25-də içkinin doğurduğu kəskin ürək çatışmazlığından vəfat edib.

Kraliça I Elizabet

İngiltərənin indiki kraliçası II Yelizavetanın anası olan xanım Yelizaveta  məşhur kral VI Georqun həyat yoldaşı olub. İnsanlar tərəfindən sevilən xanım, hətta onlar üçün milli bir simvola çevrilmişdi. Buna baxmayaraq,  böyük kütlə tərəfindən  sevilən kraliçanın pis vərdişləri çox idi. Deyilənlərə görə o, həddindən artıq çox spirtli içkilərdən istifadə edib. Gündə ən azı 8 dəfə qırmızı çaxır içən kraliça,buna baxmayaraq, 101 yaşında vəfat edir.

Billi Holiday

Bu siyahıda yer alan başqa bir müğənni, Amerika cazının qızıl səslərindən biri olan Billi Holidaydı.Keçirdiyi çətin uşaqlığı ilə əlaqədar gənc yaşlarından narkotik və spirtli içkilərdən istifadə etməyə başlayır və bu səbəbdən karyerasına ciddi şəkildə zərər vermiş olur. Bir neçə ildən sonra istedadlı ifaçının səsi zəifləməyə başlayır və o, sənətindən ayrılmaq məcburiyyətində qalır. Billi Holiday 1958-ci ildə qaraciyər sirrozundan həyatını itirir.

Samirə Tağıyeva, "İki sahil"