18 sentyabr 2019 10:32
497

“SputnikPro” layihəsinin növbəti modulu baş tutub

Ötən gün Bakıda “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun  “SputnikPro” layihəsinin növbəti modulu baş tutub.  “KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr” mövzusunda olan görüşdə yerli onlayn və çap KİV-lərinin əməkdaşları  ilə rusiyalı mediamenecer, internet-texnoloq, “Russia Today” Beynəlxalq İnformasiya Agentliyinin dövlət internet layihələri müdirliyinin direktor müavini İrina Kedrovskaya iştirak edib.

İ.Kedrovskaya irimiqyaslı internet portalların timsalında konkret nümunələri jurnalistlərlə bölüşüb. Dinləyicilər məkan və zaman səddini aşmağa, mövcudluq effekti yaratmağa imkan verən rəqəmsallaşma və multimedianın imkanları ilə tanış olublar.

Qeyd edək ki, “SputnikPro” - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və ustad dərsləri layihəsidir.

Azərbaycanda 7-ci dəfədir ki, keçirilən layihə 2018-ci ilin yazında Belarusun paytaxtı Minskdə start götürüb və mövcud olduğu dövr ərzində layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. “SputnikPro”nun əyani ustad dərsləri Azərbaycanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Ceyhun Piriyev,

“İki sahil”