28 fevral 2020 19:36
4975

Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı...

Daşnak ideologiyasının əsasını təşkil edən “böyük Ermənistan” naminə illərdən bəri həyata keçirilən, tariximizə qanla yazılan bu hadisələr zəncirin halqaları kimi biri-birinə bağlıdır

19 fevral 1988-ci ildə Xankəndidə başlayan “Miatsum” çağırışları erməni millətçilərinin “xəfif pıçıltıları”, dəhşətli qanlı hadisələrin anonsu idi. İllər sonra o “pıçıltı” Dağlıq Qarabağdan başlanan, torpaqlarımızın işğalı ilə nəticələnən,  müstəqilliyimizə  təhlükə yaradan güllə səsləri ilə əvəz olundu. Erməni millətçilərinin yandırdıqları  ocağın alovları ilk olaraq Sumqayıtı “qarsaladı.” 

... Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün zəmin hazırlayan, 1987-ci il noyabrın 17-də Parisdə Erməni Fransa İnstitutunun və Erməni Veteranları Assosiasiyasının M.Qorbaçovun şərəfinə təşkil etdikləri birgə mərasimdə çıxış edərək “ Mən istərdim ki, respublikanın şimali -qərbində yerləşən Qarabağ Ermənistanın olsun. O, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır” söyləyən akademik  A. Aqanbekyanın, daha sonra  Z. Balayanın, S. Kapitukyanın hazırladıqları plana uyğun və hamiləri Raisa və Mixail Qorbaçovların dəstəyinə arxalanan erməni millətçiləri təxribatları üçün ilk həmlə olaraq müxtəlif xalqların nümayəndələrinin birgə yaşadıqları beynəlmiləl şəhər Sumqayıtı seçdilər.

O dövrdə mövcud olan dünyanın siyasi mənzərəsinə diqqət yetirək. SSRİ-nin milli münaqişələr zəminində dağıdılması aktual məsələ idi. Bu reallığı Sovetlər Birliyinə daxil olan respublikalarda baş verən hadisələr də təsdiqləyir: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ (1988), Gürcüstan: Abxaziya, Cənubi Osetiya (1989), Pribaltika hadisələri (1988-1990), Moldova, Dnestryanı münaqişəsi (1989-1991) Tacikistan vətəndaş müharibəsi... Beləliklə, 1991-ci ilin dekabrında SSRİ dağıldı. Amma göründüyü kimi, milli ədavətlərin qızışdırılması ilk olaraq 1987-ci ildə A. Aqanbekyanın M. Qorbaçova müraciəti ilə başladı.

Sumqayıtın 70 illiyi münasibətilə keçirilən mərasimdə o dövrdə baş verənləri xatırlayan Prezident İlham Əliyev ermənilərin xəyanətkar siyasətlərinin məqsəd və məramını da açıqladı: “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin.”

Beləliklə, Azərbaycan torpaqlarının işğalı ilə bağlı planın ilk hədəfi Sumqayıt oldu. Səbəb isə bu idi ki, guya ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəraitdə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir.

Şahidlərin sözləri, 1988-ci il 27-29 fevral hadisələrinin ildönümünə həsr olunmuş Sumqayıt ümumşəhər elmi-praktik konfransın materialları əsasında nəşr olunan “Sumqayıt hadisələri: həqiqəti indiki və gələcək nəsillərə!” adlı kitabda qeyd olunduğu kimi, hadisələr əvvəlcədən hazırlanmış ssenari ilə cərəyan etmişdir.

...Ermənistanda və Xankəndidə ( o zamankı Stepanakertdə) başlanan kor-təbii etirazlar, Qərbi Azərbaycandan soydaşlarımızın kütləvi şəkildə ata-baba ocaqlarından qovulması, Kremlin neytral müşahidəçi kimi hadisələri seyr etməsi vəziyyəti daha da kəskinləşdirirdi. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil olması haqqında qərarın qəbulundan sonra saqqalı erməni emissarları ustalıqla maskalanaraq təxribatlara başladılar.  “Böyük Ermənistan” ssenarisini reallaşdırmaq üçün hazırlanan məkrli planın, erməni təxribatlarının ilk ünvanı kimi Sumqayıt və Dağlıq Qarabağın seçilməsi də təsadüfi deyildi. Hər iki məkanda erməni və azərbaycanlılar birgə yaşadıqlarından milli zəmində qarşıdurma yaratmaq, münaqişə törətmək  daha asan idi.

Yəni,  milli zəmində qarşıdurma və qırğın törətmək üçün Sumqayıtı “etnik savaş poliqonu”na çevirmək üçün münbit şərait mövcud idi.

Milliyyətcə erməni, hadisələr zamanı soydaşlarını qətlə yetirən, 3 dəfə məhkum olunan Eduard Qriqoryan adlı bir nəfərin təşkilatçılığı ilə Sumqayıt hadisələri baş verdi.  Ermənilərin öldürülməsində , evlərin talan edilib, yandırılmasında, millətlərarası münasibətlərin qızışdırılmasında fəallıq göstərən hamının “Edik” kimi tanıdığı Eduard Qriqoryan olsa da, günahkar kimi cəzalandırılan,  hadisələrin əsl mahiyyətini dərk etməyərək, ümumi axına qoşulan azərbaycanlı gənclər oldu. Əhməd Əhmədov adlı gənc hadisələrin iştirakçısı kimi mühakimə edilərək, rus əsilli hakimlərin əlüstü keçirdikləri məhkəmənin hökmü ilə güllələnməyə məhkum edildi. Heç bir günahı olmayan Taleh İsmayılov 15 il azadlıqdan məhrum olundu. Digər sumqayıtlı Elçin Gəncəliyev istintaq zamanı verilən işgəncələrə tab gətirməyərək intihar etdi. Əsl qatil E. Qriqoryan isə guya azadlıqdan məhrum edilərək Ermənistana təhvil verildi. Az müddətdən sonra sərbəst buraxıldı.

Məlumat üçün bildirək ki, Sumqayıt hadisələri zamanı 32 adam həlak olmuş, 400 nəfər xəsarət almış, 200-dən artıq mənzil talan olunmuş, 50-yə qədər mədəni-məişət obyekti dağıdılmış, 40 maşın zədələnmişdir. Ermənilərin fitvası və əlləri ilə öldürülənlər isə şovinist, terrorçu, separatçı “Krunq” və “Qarabağ” təşkilatlarına pul verməkdən imtina edən ermənilər idi.

Beləliklə, hələ XX əsrin əvvəllərində görkəmli publisist Ömər Faiq Nemanzadənin 1906-cı ildə “İrşad” qəzetində dərc olunan məqaləsindəki “ Ermənilər, necə olursa -olsun özlərinin Ermənistan yaratmaq planlarını mütləq həyata keçirəcəklər və məqsədə nail olmaq üçün bizi Yerevandan, Qarabağdan, Qarsdan qovub çıxartmağa cəhd göstərəcəklər. Biz bilməliyik və unutmamalıyıq ki, ermənilər istənilən alçaqlığa hazırdırlar. Onlar təxribatlara əl ataraq, müsəlmanları özlərinə qarşı qalxmağa təhrik edəcək, bilərəkdən böyük itkilərə yol verəcək, sonra da bütün Avropaya özlərini yazıq, məzlum, iztirablı bir xalq kimi göstərmək üçün ah-nalə çəkərək zarıyacaqlar. Onlar öz cinayətləri üçün tədricən plan hazırlayacaq və onu həyata keçirmək üçün yollar arayacaqlar” sözləri Sumqayıt hadisələrinin timsalında özünü doğrultdu.

Sonra erməni millətçiləri təxribat maşınlarını işə salaraq azərbaycanlıları barbar, qəddar, qaniçən millət kimi qələmə verdilər. Özlərinin kütləvi şəkildə qətlə yetirdikləri azərbaycanlıların fotolarını ermənilərin ölüsü kimi beynəlxalq ictimaiyyətə təqdim etdilər.

“Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi?... Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır” söyləyən Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, əgər ulu öndər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, torpaqlarımız işğal olunmazdı.

Sumqayıt hadisələrindən sonra  Azərbaycan xalqı 20 Yanvar faciəsi, Azərbaycan ərazilərinin işğalı, Xocalı soyqırımı kimi ağır sınaqlarla üzləşdi. Azərbaycanlıların qanı axıdıldı, günahsız soydaşlarımız qətlə yetirildi. Ən ağır hadisələrin törədildiyi zamanlarda belə milli mənsubiyyətlərini itirən, tökülən soydaşlarımızın nahaqdan axıdılan qanlarından narahat olmayaraq, hələ də Kremlin göstərişlərini yerinə yetirən Azərbaycanın o vaxtkı “beynəlmiləlçi” rəhbərləri xalqın səsini boğmağa çalışdılar. Azərbaycan xalqının haqq səsini dünyaya çatdıran isə 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderin səyi nəticəsində Sumqayıt hadisələrinə, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verildi.

Xuraman İsmayılqızı, “İki sahil”