28 noyabr 2019 10:33
1593

Sumqayıt hadisələri: Erməni vəhşiliyinin iç üzü

27-29 fevral 1988-ci ildə keçmiş SSRİ hakimiyyəti və erməni xüsusi xidmət orqanları tərəfindən törədilən Sumqayıt hadisələri erməni məkrinin ilk ssenariləri olsa da, səbəblər də bəllidir. Ümummilli lider Heydər Əliyev Kremldəki vəzifəsindən ayrılandan 3 ay sonra baş verən Sumqayıt hadisələri erməni millətçilərinin Dağlıq Qarabağa yönələn məkrli siyasətinin ilk ssenarisi idi. Bunu sübut edən kifayət qədər faktlar da var.

Belə ki, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün həlqə kimi Sumqayıtı hədəf seçən ermənilər Kremlin razılığı və SSRİ DTK-nın dəstəyi ilə bu şəhərdə təxribat törətdilər. Ermənipərəst M.Qorbaçovun razılığını alan, 19 fevral 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi ilə bağlı Xankəndində “miatsum” çağırışlar səsləndirən, aramsız mitinqlər təşkil edən Zori Balayan, Silva Kapitukyan kimi ideoloqlarının planlarını həyata keçirən ermənilərin Sumqayıt hadisələri zamanı törətdikləri təxribatlar nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər həlak olub, 400 nəfər xəsarət alıb, 200-dən artıq mənzil talan olunub, 50-yə qədər mədəni-məişət obyekti dağıdılıb, 40 maşın zədələnib. 

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.

İstintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yaradılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirməyib. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum ediliblər.

Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı daha iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla bilavasitə icra edilib. Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırıb, ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını verib, aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin edib. Hadisələr zamanı isə Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylayıblar.

Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayət meyilli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları öz arxasınca Qarabağla bağlı erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırıb. Onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək, ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri “Qarabağ bizimdir!”, “Erməniləri qırın!” kimi şüar və çağırışlarla “Qarabağ” (komitəsi) və “Krunk” (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib, talan və digər cinayətlərdə fəal iştirak etmiş və şəxsən özü 6 nəfər ermənini qətlə yetirib. O, hətta hadisələr zamanı Marina və Karina Mejlumyanlar adlı erməni qızlarını da zorlayıb.

Bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriqoryana cəmi 12 il cəza verilib.

6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi xidmət orqanları çox çalışıblar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, E.Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb.

Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olub ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak edib və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunublar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunub. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiq edir.

DTK-nın arxiv materiallarından həmçinin görünür ki, Sumqayıtda separatçı “Qarabağ” komitəsinin fəalı olan Konstantin Pxakadze adlı-soyadlı şəxs, həmin komitənin, habelə “Krunk” cəmiyyətinin digər fəalları da təxribat xarakterli fəaliyyətlə məşğul olublar.

İstintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər.

İstintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən ekstremist “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir.

E.Qriqoryan əsl qatil olsa da, baş verənlərin əsl mahiyyətini dərk etməyərək ümumi axına qoşulan Əhməd Əhmədov mühakimə olunaraq rus hakimlərin əlüstü keçirdikləri məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib. Heç bir günahı olmayan Taleh İsmayılov 15 il azadlıqdan məhrum olundu. Digər sumqayıtlı Elçin Gəncəliyev istintaq zamanı verilən işğəncələrə tab gətirməyərək intihar etdi.

Sual yaranır: Bu erməni kim idi? Nəyə görə o, millətinə qarşı cinayətdə iştirak edirdi?

Bu şəxsin kim olduğunu öyrənmək üçün SSRİ istintaq qrupu tərəfindən hazırlanmış ittiham aktlarına nəzər yetirmək kifayətdir. Həmin aktlar E.Qriqoryanın kimliyi barədə aydın təsəvvür yaradır.

İttiham aktının tərcüməsində göstərilir ki, E.Qriqoryan 16 dekabr 1959-cu ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub, milliyyətcə erməni, bitərəf, orta təhsilli, ailəlidir, himayəsində yetkinlik yaşına çatmamış iki uşağı olub. Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi, ev 19/13, mənzil 20 ünvanında pasport qeydiyyatında olub, faktiki olaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 71 ünvanında yaşayıb, Azərbaycan Boru Prokatı zavodunda Stan-140 qurğusunda çilingər işləyib, dəfələrlə məhkum olunub:

1) 17 dekabr 1976-cı ildə Sumqayıt şəhər Xalq Məhkəməsi tərəfindən Azərbaycan SSR Cinayət Məcəlləsinin 207-ci maddəsinin 3-cü hissəsi ilə 3 il azadlıqdan şərti məhrumetmə cəzasına;

2) 30 yanvar 1981-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə əməkhaqqının 20 faizi tutulmaqla 1 il islah işlərinə;

3) 5 aprel 1982-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 108-ci maddəsinin 2-ci hissəsi, 143-cü maddəsinin 2-ci hissəsi, 215-3-cü maddənin 2-ci hissəsi və 215-ci maddəsi ilə 5 il 2 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Əvvəllər müxtəlif cinayətlərə görə dəfələrlə məhkum olunmuş E.Qriqoryan 1988-ci il fevralın 28-də Sumqayıt şəhərinin mikrorayonlarında və məhəllələrində talanlar, dağıntılar, qəsdən yandırmalar və başqa oxşar əməllərlə müşayiət olunan kütləvi iğtişaşlarda bilavasitə iştirak etməkdə, bu iğtişaşların gedişində erməni millətindən olan vətəndaşların şəxsiyyəti və şəxsi mülkiyyəti əleyhinə bir sıra cinayətlər, eləcə də milli düşmənçiliyin və ayrı-seçkiliyin qızışdırılmasına yönəlmiş əməllər törədib.

Belə ki, E.Qriqoryan zahirən erməni görkəminə malik birisi olmayıb. O, daha çox rusa, ləzgiyə oxşayıb. Buna görə də yaxın ətrafında olan qısa dairədən başqa hamı onu ləzgi kimi tanıyırdı. Məhz bu səbəbdən, həm də Azərbaycan dilində təmiz danışdığından, onun baş verən cinayətlərdəki fəallığı heç kimdə şübhə doğurmurdu.

E.Qriqoryanın həmin Sumqayıt hadisələrini törədən dəstəyə rəhbərlik etməsi istintaq prosesi zamanı tam olaraq üzə çıxırdı. O, dəstə üzvləri arasında xüsusi nüfuza malik idi. Bu nüfuz qorxu səviyyəsinə gəlib çıxırdı. Belə ki, məhkəmə iclaslarında bəzən təqsirləndirilən şəxslər çarpaz suallara cavab verilərkən, həqiqəti söyləyəndə, E.Qriqoryan bir baxışı ilə onları dərhal susdurur və dediklərindən imtina etməyə məcbur edirdi. Ümumiyyətlə, təqsirləndirilən şəxslər ifadə verərkən, bir gözləri daim E.Qriqoryanda olur, mimikasını izləyirdilər və onun mimikasındakı, hərəkətlərindəki hər hansı dəyişiklik onların ifadələrini dəyişməsinə kifayət edirdi.

E.Qriqoryan haqqında verilən xasiyyətnamədə göstərilir ki, o, 10 yaşından atasız böyüyüb, onun tərbiyəsi ilə anası məşğul olub, orta məktəbdə pis oxuyub. Ancaq bu, heç də onun ağıl göstəricisi ilə bağlı deyildi. Çünki məhkəmə dindirmələri zamanı verilən çarpaz suallarda təqsirləndirilən şəxslərin hamısı bəzən həqiqəti söyləyirdilər. Qriqoryanı isə bu cür suallarla dolaşdırmaq mümkün deyildi. Çünki o, xüsusi hazırlıq keçmişdi.

E.Qriqoryanın özünə arxayınlığı o qədər çox olub ki, təqsirləndirilən şəxsləri təkcə təklikdə, üzləşmələrdə deyil, məhkəmə prosesində də açıq-aşkar təhdid edib. Qalib Məmmədov ifadə verərkən, E.Qriqoryan bir neçə dəfə heç kimdən çəkinmədən ona “sən prosesdən sonra baş verəcəkləri düşünmürsən?” - deyərək, hədə-qorxu da gəlib. Bu cür hədə-qorxular tez-tez bütün təqsirləndirilən şəxslərə qarşı olub. 1991-ci ildə cəza müddətinin çəkilməsi üçün Ermənistana göndərilən E.Qriqoryan az sonra həbsdən azad olundu və o, Ermənistanda bir müddət qaldıqdan sonra Rusiyaya yollanır. Lakin çox təəssüflər olsun ki, bu cəllad hələ də layiqli cəzasını almayıb.

Çox təəssüf ki, həmin dövrdə Azərbaycan rəhbərliyi Kremlin göstərişlərini əsas tutaraq Sumqayıt hadisələrinin guya bir qrup xuliqan ünsürlər tərəfindən törədilməsi faktı ilə razılaşdı. Sumqayıt hadisələri Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması prosesini daha da sürətləndirdi. Azğınlaşmış ermənilər kəndlilərə hücum etdilər, azərbaycanlı əhalini öz dədə-baba torpaqlarından didərgin saldılar. Sonralar məlum oldu ki, bu zaman 400 nəfərdən çox azərbaycanlı müxtəlif işgəncələrlə öldürülüb, 230 min soydaşımız doğma Vətənindən qovulub. Heç şübhəsiz ki, planlı şəkildə hazırlanan Sumqayıt hadisələri ilə Azərbaycan xalqının heç bir əlaqəsi yoxdur. Sumqayıt sadəcə olaraq əlverişli bir yer kimi seçilib. Xalqımız bütün dövrlərdə, eləcə də bu gün hər cür irqi ayrı-seçkiliyi, qatı şovinizmi rədd edir, öz ərazisində yaşayan bütün xalqlara və millətlərə qayğı ilə yanaşı, tolerantlıq nümayiş etdirir.

Cavid Əkbərov, “İki sahil”